Ermənistan dövləti 700 milyard ABŞ dolları həcmində təzminat ödəməlidir
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
“İki sahil” xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli olub.
O, Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı son 200 ildə ermənilər tərəfindən həyata keçirilən soyqırımı və deportasiyalardan söhbət açıb. Bildirib ki, bununla bağlı bütün cinayət faktları masa üzərinə qoyulub.
İcma sədri soydaşlarımızın qaçqınlıq statusuna toxunub. Deyib ki, Qərbi Azərbaycanlıların qaçqınlıq statusu hazırda da qüvvədədir: “Milli Məclisin komitələrində Qərbi Azərbaycanla bağlı dinləmələr keçirilir. Bütün bu dinləmələr yekunlaşdıqdan sonra qaçqınların statusu haqqında qanuna yenidən baxıla bilər. Bu qanun Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğunlaşdırılmalıdır. Hazırda tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsinə start verilib. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb. Soydaşlarımızın sülh yolu ilə, dinc şəkildə Qərbi Azərbaycana qayıdışı təmin olunmalıdır. Biz tarixi ədalətsizliyin aradan qaldırılmasını istəyirik. Soydaşlarımızın mülkiyyət hüququ təmin olunmalı, reinteqrasiya və reabilitasiya məsələləri həllini tapmalıdır”.
Tarixə ekskursiya edən Ə.Ələkbərli deyib ki, ermənilər Vedibasar mahalına “Türkmənçay” müqaviləsindən sonra köçürülüblər: “1828-ci ilin “Türkmənçay” müqaviləsinə qədər Vedibasar mahalında cəmi 2 ailədə ümumilikdə 15 nəfər erməni yaşayırdı. O ermənilər də yerli bəylərin, xanların nökəri idi. XX əsrin əvvəllərində Vedibasar mahalı erməni quldur dəstələrinə qarşı 3 il mübarizə aparıb. Qaralar kəndinə isə ermənilər 1946-1947-ci illərdə köçürülüblər. Bütün bunlar danılması mümkün olmayan faktlardır”.
İcma sədri bildirib ki, hazırda 1988-ci il deportasiyasının rəsmi statistikası hazırlanır, kənd-kənd, ev-ev bütün zəruri məlumatlar toplanır: “Sonuncu deportasiyanın rəsmi statistikası hazırlanır. Qərbi Azərbaycan türklərinə vurulan maddi və mənəvi ziyan hesablanır. İndiyə qədər vurulan ziyanın həcmi təxminən 700 milyard ABŞ dollarından çoxdur. Ermənistan dövləti bu təzminatı ödəməlidir. Son 200 ildə 5 milyondan çox soydaşımız deportasiya və soyqırıma məruz qalıb”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş iyulun 3-də saat 19:30-da Baku Tv-nin efirində və saat 20:30-da Youtube kanalında yayımlanıb.