04 iyul 2023 01:30
863

Qərbi Azərbaycan: Doğma torpaqlarımıza qayıdış ilahi ədalətin tələbidir

Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bunu bir daha bəyan etdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Ölkəmizin başçısı həmin görüşdə onla­rın qarşısında mühüm vəzifələr qoydu.  Belə ki, İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.

 Bütün tarixi mənbələr, sənədlər, xəritələr təsdiq edir ki, Qərbi Azərbaycan ərazisi‚ yəni Zəngəzur‚ Göyçə və İrəvan azərbaycanlıların min illər boyu yaşadığı dogma torpaqlardır. Ermənilər bu torpaqlara XIX əsrdə rus imperiyası tərəfindən Osmanlı Türkiyəsindən və İrandan məqsədyönlü və düşünülmüş şəklidə köçürülüblər. Sovet-bolşevik hökuməti dövründə bu proses davam etmişdir. Sovet hökumətinin qatı ermənipərəst siyasəti nəticəsində Qərbi Azərbaycan torpaqları qeyri-qanuni olaraq tamamilə ermənilərə verilmiş və bu ərazidə sovet hökuməti tərəfindən indiki Ermənistan dövləti yaradılmışdır. Məhz bundan sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qanlı soyqrımı siyasəti həyata keçirilmişdir.

Azərbaycanlıların zaman-zaman Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması tarixin ən böyük ədalətsizliyidir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. İndi Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda deyilir: “Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Əsrin əvvlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSRİ-nin digər bölgələrində soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasınaa əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəz olunması prosesi baş verir”. 

Ötən əsrin əvvəllərində-1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunublar. Azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminin qurbanı olub.

Qərbi Azərbaycanda, indiki Ermənistanda soydaşlarımıza qarşı növbəti cinayət aktı ötən əsrin 80-ci illərinin axırlarında törədildi. Belə ki, Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında keçmiş SSRİ-də bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sov İKP MK-nın ermənipərəst baş katibi M.Qorbaçovun dirijorluğu ilə mərkəzi hakimiyyət ermənilərə dəstək verdi. Həm Qarabağda, həm də Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. 1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Məhz bundan sonra Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silindi və erməniləşdirildi. Vaxtilə azərbaycanlıların yaşadıqları bölgələrdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdıldı. Mütəxəssislərin bildirdiyinə görə, indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda ermənilər 3500 tarix və mədəniyyət abidələrimizi tamamilə yox ediblər. Şübhəsiz, bütün bunlara görə erməni barbarları gec-tez öz layiqli cavablarını alacaqlar.

Vətən müharibəsində qazandığımız şanlı Qələbə, eyni zamanda 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü zamanı tarixi torpaqlarımıza qayıdışın təmin edilməsini strateji vəzifə kimi qarşıya qoyması soydaşlarımızın tezliklə öz dogma yurd-yuvalarına qovuşacaqlarına olan sarsılmaz inamımızı daha da gücləndirdi.

Əminik ki, Müzəffər Ali Baş Komandanımızın bildirdiyi kimi, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Zahid Rza, “İki sahil”