“Qərbi Azərbaycan İcmasının Goranboy - Naftalan nümayəndəliyinin yaradılması” ilə bağlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə millət vəkilləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin üzvləri Anar Məmmədov və Naqif Həmzəyev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Naftalan Şəhər icra Hakimiyyətinin başçısı Vüqar Novruzov, vaxtı ilə Qərbi Azərbaycandan zorla deportasiya edilmiş və rayonda məskunlaşmış bir qrup ağsaqqal və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Goranboy şəhərində Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Sonra İcmanın yeni nümayəndəliyinin otaqlarına baxış keçirilib, burada yaradılan şəraitlə tanışlıq olub.
Daha sonra Goranboy Olimpiya İdman Kompleksində 300 nəfərə yaxın Qərbi azərbaycanlı ilə görüş keçirilib.
Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov açılış nitqi ilə çıxış ediblər.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın strukturu, məqsədləri, bu günə qədər göstərdiyi uğurlu fəaliyyəti barədə danışıb. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının digər üzvləri – Anar Məmmədov, Ramil Həsən, Əhliman Əmiraslanov, Naqif Həmzəyev nümayəndəliyin işinə uğurlar arzulayıb, belə addımların davamlı olmasını diləyiblər.
Sonra Qərbi Azərbaycan İcmasının Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəsi Nurəddin Həsənov ictimaiyyətə təqdim olunub. Nurəddin Həsənov çıxışında ona göstərilən etimada görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, İcmanın yerli nümayəndəliyi həmin rayonlarda yaşayan Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.