Biz bir dövlət və millət olaraq bu həsrəti bitərəcək qədər güclüyük, qətiyyətliyik, vahidik
Vətən müharibəsində parlaq Qələbə qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı qətiyyətlə gerçəkləşdirmək yolunda inamlı addımlar atan Azərbaycan dövlətinin növbəti tarixi hədəfi Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıq şəkildə bildirdi ki, vaxtilə yurdundan deportasiya edilən yüz minlərlə Qərbi azərbaycanlı soydaşlarımız da tarixi torpaqlarına qovuşacaqlar: «Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.»
Acı həqiqətdir ki, XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Prezident İlham Əliyev qeyd edib ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Dövlət başçısı bunu xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirib: "Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi". 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. Tarixin təkrarlanan dönəmlərində xalqımız bir çox əziyyətlərin, deportasiyaların şahidi olub. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.
Bəli, tarixi mənbələrə nəzər salanda aydın şəkildə görünür ki, son bir əsrdə ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli planlar nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi soyqırımlara məruz qalıblar. Xalqımızın taleyində faciəvi rol oynamış tarixi faktlardan biri də ötən əsrin əvvəllərində bolşevik Rusiyasının yaratdığı qondarma Ermənistana tarixi şəhərimiz İrəvanın verilməsi oldu. O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin zəifliyi də İrəvanın ermənilərə verilməsinə şərait yaratdı. Bununla kifayətlənməyən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirməyə nail oldular.
1980-ci illərin sonlarında isə erməni millətçiləri növbəti dəfə xalqımıza qarşı soyqırımı və deportasya planlarını işə saldılar. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin noyabrında sovet hökumətindəki ali vəzifələrindən uzaqlaşdırılmasından dərhal sonra erməni millətçiləri SSRİ-nin qatı ermənipərəst rəhbəri Mixail Qorbaçova arxalanaraq həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı növbəti soyqırıma başladılar. Nəticədə qısa müddətdə azərbaycanlılar tarixi torpaqlarından- Qərbi Azərbaycandan tamamilə deportasiya edildilər. Bu deportasiya ilə kifayətlənməyən barbar ermənilər yenə də Rusiydan hərbi dəstək alaraq 1990-1993- cü illərdə Qarabağı və Şərqi Zəngəzuru işğal etdilər. Nəticədə on minlərlə azərbaycanlı məhv edildi, 1 milyona yaxını isə qaçqın məcburi köçkünə çevrildi.
Ermənilər tarixin müxtəlif dönəmlərində qəsb etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Tarixi torpaqlarımız olan İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix quraşdırmaq üçün ilk növbədə o ərazilərdəki qədim kənd və qəsəbələrimizin adlarını erməniləşdiriblər.
Bu gün Azərbaycan dövlətinin strateji hədəfində Şərqi Zəngəzura və Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdışı təmin etməkdir. Məhz buna görə də Prezident İlham Əliyev Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamağı qarşıya mühüm vəzifə kimi qoyaraq onun reallaşması istiqamətində əhəmiyyətli addımlar atılacağını bəyan edib: «...Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır.»
Bəli, biz Qərbi Azərbaycanmız üçün qəribsədiyimiz kimi, Qərbi Azərbaycanımız da bizim üçün qəribsəyib. İnanırıq ki, bu həsrət uzun çəkməyəcək. Çünki biz bir dövlət və millət olaraq bu həsrəti bitərəcək qədər güclüyük, qətiyyətliyik, vahidik.
Elçin Zaman, «İki sahil»