24 iyun 2023 23:57
1440

Demokratik dəyərləri müdafiə edən ali qanunun müəllifi Ulu Öndər Heydər Əliyev

Demokratik tərəqqi yolunu seçən, dünyəvi dəyərlərə əsaslanan, Şərq mentalitetini qorumaqla beynəlxalq təsisatlarla sıx işbirliyi quran Azərbaycanın dünya birliyində öz yerini müəyyən etməsində ümummilli lider Heydər Əliyevin misilsiz rolu var. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə xüsusi diqqət yetirilən məqamlardan biri insan hüquqlarının ən yüksək səviyyədə qorunması, söz, fikir azadlığının təmin edilməsi və bu qəbildən olan digər məsələlər olub. Bu mənada Ümummilli Liderin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsinin xüsusi yer tutması tamamilə təbii xarakter daşıyıb.

Azərbaycan Respublikası Konstitusiyasının dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də dövlət hakimiyyətinin ali orqanları sistemində müstəqil məhkəmə hakimiyyətinin mövqeyinin gücləndirilməsi olmuşdur. Çünki müasir sivil cəmiyyətlərdə güclü və müstəqil məhkəmə hakimiyyəti insanların dövlətə olan etimadının, vətəndaş sülhünün təminatının, vətəndaş cəmiyyəti quruculuğunun, hətta iqtisadi inkişafın vacib şərtlərindən biri kimi çıxış edir.

Azərbaycan Respublikası Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları özündə əks etdirir. Bu isə Konstitusiya müddəaları əsasında müxtəlif səviyyədə zəruri islahatların həyata keçirilməsinə rəvac vermişdir. Konstitusiyanın qəbul edilməsindən sonra ölkəmizdə irimiqyaslı dəyişikliklər baş verib: birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşıb və ötən dövr ərzində Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edilib; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən və dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşıb; dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradılıb və fəaliyyətə başlayıb.

Konstitusiya müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm nailiyyətlərdən biri xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar olmuşdur. Ölkədə bir neçə mərhələdə aparılmış özəlləşdirmə prosesi mülkiyyət münasibətləri subyektlərinin dairəsini xeyli genişləndirmiş, mülki dövriyyəni zənginləşdirmiş, əhalinin xüsusi mülkiyyətinin həcmini əhəmiyyətli dərəcədə artırmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biri isə yeni hüquq sisteminin formalaşması, bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazasının yaradılması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Konstitusiyanın qəbulundan ötən müddət ərzində bu istiqamətdə də çox ciddi addımlar atılmışdır. Azərbaycanda aparılmış qanunvericilik islahatı nəticəsində hüquq sisteminin müxtəlif sahələrini tənzimləyən normativ baza formalaşmışdır. Ölkəmiz artıq onun qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 200-dən artıq çoxtərəfli beynəlxalq müqaviləyə tərəfdar çıxmışdır və xüsusilə diqqətəlayiqdir ki, bu sənədlərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Dövlətin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təsirli mexanizmlər vasitəsilə təmin edilməsində maraqlı olduğu qeyd olunan qanunvericilik aktlarının, o cümlədən bir sıra konstitusiya qanunlarının qəbul edilməsi ilə bir daha təsdiqlənir.

Bütün bunlar Konstitusiyanın səmərəli fəaliyyət göstərən əsas hüquqi sənəd olması barədə fikri təsdiqləməyə imkan verir. Aydındır ki, ölkəmizdə hüquqi dövlət ideallarının tam bərqərar olunması üçün hələ çox iş görülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, bu gün çoxəsrlik demokratiya təcrübəsinə malik, inkişaf etmiş dövlətlər də həmin dəyərləri əldə etmək üçün uzun və mürəkkəb inkişaf yolu keçmişlər. Bu mənada, Konstitusiyanın işlək mexanizm kimi fəaliyyət göstərməsi üçün görülən işlər bundan sonra da səylə davam etdirilməlidir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri isə cəmiyyətin həyatını Konstitusiyanın tələblərinə uyğun qurmaq və onun tətbiqini, xüsusilə də ölkə ərazisində birbaşa hüquqi qüvvəsini təmin etməkdən ibarətdir. Bu məsələdə ölkədə hüquq qaydasının yaradılmasına məsul olan dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyəti və hər bir ölkə vətəndaşı da yaxından iştirak etməlidir. Çünki ölkə əhalisinin fəal dəstəyi olmadan Konstitusiyanın daha səmərəli fəaliyyəti mümkün deyildir.

Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun tərəfindən imzalanan fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı