23 iyun 2023 23:25
1762

Qədim, doğma yurdumuz Dərələyəz

Qərbi Azərbaycanda ən qədim yaşayış məskənlərindən biri, qədim türk-oğuz yurdu olan Dərələyəz mahalı Zəngəzur mahalı ilə bitişik olub 2908 kvadrat-kilometr ərazini əhatə edir. Qərbi Azərbaycanın Dərələyəz mahalında tarixin ən qədim dövrlərindən as/kas, sak, hors, şirak, qarqar, qayı, kəngər, qaşqay, gencək, muğ, quşçu, oğuz, ivə/yivə, cığatay, çul, küyərçi, sal, aban, xələc və s. türk tayfaları yaşamış və öz adlarını bir sıra etnotoponimlərdə (Ələyəz, Ərgəz, Hors, Hosdun, Zirək, Herher, Qaşqa, Gənzək, Quşçu, Cığatay, Cul, Göyərçin, Sallı və s.) əbədiləşdirmişlər. Qərbi Azərbaycanın Dərələyəz mahalının oykonim, oronim və hidronimlərinin hamısı türk mənşəli olmuşdur.

Dərələyəz toponimi Azərbaycan dilində “iki dağ və ya təpə arasında, çuxur” mənasında işlənən dərə sözü ilə alagöz türk etnonimi əsasında yaranmışdır. Oykonimini isə alagöz tayfa adını əks etdirən etnotoponim kimi izah edir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxanşura dairəsində Alagöz, Naxçıvan qəzasında Alagöz-Məzrə, Şərur-Dərələyəz qəzasında Alagöz kənd xarabalığı, Qars əyalətinin Kaqızman dairəsində Alagöz kənd xarabalığı, Şərur-Dərələyəz qəzasında Alagöz çayı, Qars əyalətinin Ərdəhan dairəsində Alagöz adları ilə mənşəcə eynidir. Adın birinci komponenti olan ala sözü türk dillərində “geniş, böyük, uca” mənasında işlənir.

Dərələyəzin oğuz yurdu olması faktı dəfələrlə sübut olunmuşdur. Bu faktları ermənilər də çox gözəl bilirlər. Dərələyəzdəki qoç, qoyun, at daş abidələri mahalın qədimliyini - oğuz yurdu olduğunu sübut edir. Bu toponim Dərə və Ələyəz sözləri birləşərkən “ə” saitinin birinin düşməsi ilə formalaşmışdır. XIV-XVI yüzilliklərdə Dərələyəz bölgəsinin Əmir Teymurun və onun tərəfdarlarının tabeliyində olması, sonralar, yəni 1504-cü ildə isə Şah İsmayıl Xətai tərəfindən idarə olunmasına dair də faktlara rast gəlinir.

İndiki Ermənistan ərazisində olan qədim tarixi abidələrin böyük bir qismi Dərələyəzdədir. Bütün Qafqazı qarış-qarış gəzən alman səyyahı və tarixçisi İ.Şopen demişdi ki, Dərələyəz Qafqazın İsveçrəsidir. Əlverişli coğrafi mövqedə yerləşməsi ilə əlaqədar olaraq, Dərələyəz mahalı ermənilər tərəfindən daha çox hücumlara, basqınlara məruz qalan bölgələrdən biri olmuşdur. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilər minilliklər ərzində azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan ərazisinə, o cümlədən Dərələyəz mahalına kütləvi surətdə köçürülməyə başlamış, Rusiya İmperiyasının dəstəyi ilə azərbaycanlılar öz dədə-baba torpaqlarından tədricən sıxışdırılıb çıxarılmış, mərhələlərlə deportasiyaya məruz qalmışlar. Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1 faizini azərbaycanlılar, 5,8 faizini ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25 faizə çatmışdır. Belə ki, 1828-1830-cu illərdə İran və Türkiyədən Dərələyəzə 2773 erməni köçürülüb məskunlaşdırılmışdır. Bundan sonra azərbaycanlıların qədim yaşayış məskənlərinin adları dəyişdirilməyə başlamışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir.

1920-ci ill noyabrın 29-da “Ermənistan” sovetləşəndən az sonra – dekabrda Rusiya bu sovetləşmənin müqabilində Zəngəzur, Göyçə, Dərələyəz və s. mahalları zorla alıb ona vermişdir. Əvvəlki 9 min kv.km üzərinə daha 20 min kv.km əlavə edilmiş, Ermənistanın ərazisi 29 kv.km olmuşdur. 1929-cu ildə məşhur Nüvədi və daha 11 kənd Ermənistana verilmişdir və bununla da, Azərbaycan torpaqlarının hesabına 29,8 min kv.km olan “Ermənistan” dövləti yaradılmışdır. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən, Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilmiş, tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılmışdır. Bu, Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinə, eyni zamanda beynəlxalq hüquq normalarına tamamilə zidd idi. Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır. Həmin dövrdə Dərələyəz mahalında əhalinin zorla qovulması, deportasiyası başlamış, yaşayış məntəqələrinin dağıdılması və ləğv olunması 1988-ci ilə qədər mərhələlərlə davam etmiş, 48 kənd bir dəfə, 49 kənd 2 dəfə, 16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd 5 dəfə deportasiyaya məruz qalmış, dağıdılmış və ləğv olunmuş, əhalisi zorakılıqla qovulmuşdur. Azərbaycanlıların sıxışdırılıb qovulması ilə paralel olaraq, ermənilərin bu ərazilərə köçürülməsi prosesi də davam etmişdir.

Sevinc Azadi, “İki sahil”