Düz 30 il əvvəl – 1993-cü il iyunun 24-də Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikası Ali Sovetinin Sədri, dahi şəxsiyyət Heydər Əliyevə həvalə olundu
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kəskin həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri bu sonluğun kulminasiya nöqtəsi oldu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız dahi şəxsiyyət Heydər Əliyevin simasinda görürdü. Çünki bu böyük insan ümumxalq inamını, etibarını artıq o zamanadək xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi.
1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.
Xalq öz liderinə inanırdı, ona hörmət, etimad bəsləyirdi. Heydər Əliyevin 1993 - cü ilin 15 iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə gətirilməsi məhz onun xalq, Vətən qarşısındakı böyük xidmətlərindən, müdrikliyindən, qətiyyətindən, təşkilatçılığından, insanlara sevgi və məhəbbətdən qaynaqlanırdı. İnsanlar yaxşı bilirdilər ki, respublikanı düşdüyü ağır vəziyyətdən, iqtisadi və siyasi böhrandan, qarşıdurmalardan, vətəndaş müharibəsindən yalnız Heydər Əliyev kimi torpağına, xalqına bağlı, uzaqgörən bir rəhbər xilas edə bilər. O dövrdə - hadisələrin cilovlanmadığı, silahlı birləşmələrin heç kimə tabe olmaq istəmədiyi, qarşıdurmaların səngimədiyi, hakimiyyət hərisliyinin artdığı günlərdə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin birdən - birə Bakını tərk etməsi, Kələkiyə getməsi vəziyyəti daha da kəskinləşdirdi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əlirza oğlu Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu isə bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Bu, möhkəm iradə, hadisələri nizama salmaq, təlatümlərin qarşısını almaq üçün bacarıq, reallıqları qiymətləndirmək ustalığı tələb edirdi. Ulu Öndər Heydər Əliyev bu vəzifələri o vaxt çox məharətlə həyata keçirdi, hər anın dəyərini verdi və üzərinə ağır bir öhdəlik götürdü. 24 iyun 1993-cü ildə Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə əlaqədar Ulu Öndərimiz deyirdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi, özüm üçün əsas vəzifələrdən biri hesab edirəm.” Ümummilli Lider dediyi və qarşıya qoyduğu bütün vəzifələrə həyatı bahasına, gərgin zəhməti, zehni, düşüncəsi, bacarığı sayəsində əməl etdi. Azərbaycanın müstəqilliyini qoruyub saxladı. Vətəndaş müharibəsinin, parçalanma təhlükəsinin qarşısını aldı. Ölkədə ictimai-siyasi sabitlik yaratdı. Ordu quruculuği sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.
1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC - Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını bir daha sübut etdi. Ümummilli Lider Heydər Əliyev parlamentin Sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC hakimiyyətinin bu sahədə buraxdığı kobud səhvlər tezliklə aradan qaldırıldı. Təsadüfi deyildi ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Bundan sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə çox böyük iqtisadi, beynəlxalq əhəmiyyətə malik layihələr reallaşdırıldı, gələcəyimizə uğurlu yol açıldı. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi iri regional layihələrinin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Müstəqil Azərbaycan Qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi qlobal miqyaslı layihələrə öz möhürünü vurdu. Ölkənin haqq səsi dünyanın mötəbər kürsülərindən eşidildi.
Bu gün Ulu Öndərin islahatlar kursuna sadiqlik göstərən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız günü-gündən daha da inkişaf edir, iqtisadi, siyasi, sosial sahələri əhatə edən çoxşaxəli islahatlar öz müsbət nəticələrini verir. Artıq Azərbaycan təkcə yerli deyil, regional və beynəlxalq layihələrin təşəbbüskarı və icraçısı kimi özünü dünyada təsdiq edib. Azərbaycana beynəlxalq etimad var və bu, milli maraqlarımızın həyata keçirilməsində əvəzsiz amildir.
Sevinc Azadi, “İki sahil”