SOCAR-ın Geofizika və Geologiya İdarəsində Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə bu deviz altında tədbir keçirildi
Aprelin 26-da SOCAR-ın Geofizika və Geologiya İdarəsində (GGİ) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirildi.
Əvvəlcə əməyin mühafizəsinə həsr olunan videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə GGİ-nin Əməyin mühafizəsi üzrə rəis müavini İsmayıl Hüseynov açaraq 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününün yaranmasından, Beynəlxalq Əmək Təşkilatı tərəfindən görülmüş işlərdən danışdı: “Ümumdünya Əməyin Mühafizəsi Günü respublikamızda geniş şəkildə qeyd olunur. Müəssisə və təşkilatlarda, istehsalat sahəhələrində əməyin mühafizəsinə dair bir sıra tədbirlər keçirilir. Hər il əməyin mühafizəsi sahəsinə dair müxtəlif devizlərlə keçirilən tədbirlər müasir dövrün tələbləri səviyyəsində təşkil olunur. Bu il isə Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul olunmuş 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününün “Əməyin mühafizəsi: gənc işçilər daha həssasdır” devizi altında keçirilməsi ilə əlaqədar Geofizika və Geologiya İdarəsində nəzərdə tutulmuş işləri yerinə yetirmək üçün Tədbirlər Planı hazırlanıb və İdarənin bütün istehsalat bölümlərinə göndərilib. Həmkarlar İttifaqı Komitəsinin sədri və İdarənin məsul şəxsləri istehsalat bölümlərində olub və “Əməyin mühafizəsi: gənc işçilər daha həssasdır” mövzusunda yığıncaqlar keçiriblər. Tədbirlər planına uyğun olaraq Geofizika və Geologiya İdarəsinin strukturuna daxil olan istehsalat bölümlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat sahələrinin, iş yerlərinin müasir standartların tələblərinə uyğun qurulması, istehsalat xəsarətlərinin, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması, işçilərin tibbi müayinədən keçirilməsi sahəsində görülən işlərə xüsusi önəm verilib, əldə olunan məlumatlar təhlil edilib və müvafiq qərarlar qəbul edilib. GGİ-nin strukturuna daxil olan istehsalat bölümlərinin, ekspedisiyalarının ərazilərində olan qaz, su və torpaqlama xətləri müvafiq olaraq sarı, mavi və qara rənglərlə rənglənib. İş yerlərində səliqə-sahman yaradılıb.”
Tədbirdə GGİ rəisinin birinci müavini Sarvan Mansurov bildirdi ki, dövlətimiz və SOCAR tərəfindən təhlükəsizlik və sağlam iş yerlərinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Sonra GGİ-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin böyük mühəndisi Mirhəşim Həşimli “Əməyin mühafizəsi: gənc işçilər daha həssasdır” mövzusunda çıxış etdi.
İclasda GGİ-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi Elxan Ələskərov Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş Tədbirlər Planının bütün bəndlərinin tam yerinə yetirilməsi barədə məlumat verdi.
Çıxış edənlər son illərdə əməyin mühafizəsi sahəsində çox mühüm işlərin görüldüyü barədə iclas iştirakçılarına geniş məlumat verdilər. Bildirildi ki, mühəndis-texniki işçilərin əməyin mühafizəsi istiqamətində biliklərinin yoxlanılması da vacib məsələlərdəndir. Bu istiqamətdə GGİ üzrə istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin, qəzaların qarşısının alınması, əmək şəraitinin müntəzəm surətdə yaxşılaşdırılması ilə bağlı bir çox işlər görülür.
Tədbirdə istehsalat sahələrində qəzaların, bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması və işlərin təhlükəsiz aparılması qaydaları bir daha işçilərin diqqətinə çatdırıldı.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi.
Orxan Vahidoğlu, “İki sahil”