20 iyun 2023 14:14
711

AMEA-da “Qərbi Azərbaycan Ensiklopediyası” hazırlanacaq

AMEA Rəyasət Heyətinin iclasında Akademiyada Qərbi Azərbaycan üzrə aparılan tədqiqatlarla bağlı bir sıra qərarlar qəbul olunub.

AMEA-dan "İki sahil"ə verilən məlumata görə, akademik İsa Həbibbəyli bildirib ki, hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması istiqamətindəki tədbirlər təşkil edir.

Akademiya rəhbəri qeyd edib ki, həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurası yaradılıb. Diqqətə çatdırıb ki, şuranın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan icması ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, respublikada və AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Şuranın fəaliyyətinin daha da gücləndirilməsini təmin etmək üçün AMEA Rəyasət Heyəti tərəfindən Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə dərin məzmunlu çıxışı digər sahələrlə yanaşı, humanitar və ictimai elmlər, tarixşünaslıq, arxeologiya, mədəniyyətşünaslıq, dilçilik, folklorşünaslıq, sosiologiya, sosial antropologiya, fəlsəfə kimi elmlərin qarşısında yeni vəzifələr müəyyənləşdirib. AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli iclasında “AMEA-nın Qərbi Azərbaycanın tədqiqi və təbliği ilə bağlı Tədbirlər planı”nın təsdiq edilməsi haqqında” qərarında “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması əksini tapıb.

İclasda ensiklopediyanın hazırlanmasını təmin etmək məqsədilə AMEA-da müvafiq İşçi qrupu yaradılıb.