Gürcüstanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Dostluq” futbol turniri təşkil edilib.
“İki sahil” xəbər verir ki, turnir “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilir. Mərkəzin direktoru Rezo Həsənov turnirin açılış mərasimində çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar dünyanın bir çox ölkəsində olduğu kimi Gürcüstanda da silsilə tədbirlər davam edir. Turnirin əsas məqsədi gürcü xalqının da yaxın dostu olan dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yaşatmaq, eyni zamanda gənclərin idmana marağını artırmaq və futbolu inkişaf etdirməkdir.
Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, turnir iştirakçılarına uğurlar arzulayıblar. Turnirdə 8 komanda mübarizə aparır. Dmanisinin “Qaraçay”, Bolnisinin “Sabah”, Marneulinin “Olimp”, “Qızılhacılı” və “Görarxı”, Tbilisinin “Krtsanisi”, Qardabaninin “Teola” və “Manqilisi” komandaları birincilik üçün yarışırlar.