İyunun 17-də Qərbi Azərbaycan İcmasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə “Ümidindən, arzusundan dönməyən, Vətəndən -Vətənə” adlı konsert təşkil olunub.
“İki sahil” xəbər verir ki, konsert proqramı Qərbi azərbaycanlıların yurd sevgisini, soykökünü özündə əks etdirən aşıq musiqisinə həsr olunub.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova 2023-cü ilin xalqımız üçün əlamətdar olduğunu söyləyib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsi tərəfindən “Heydər Əliyev İli”, Ulu Öndərin 100 illiyi və ADMİU-nun yubileyi münasibətilə silsilə tədbirlər keçirildiyini söyləyib. O, ADMİU-nun 100 illiyi münasibətilə müxtəlif təşkilat və qurumlarda, ali məktəblərdə sərgi, konfrans, konsert və digər mərasimlərin təşkil edildiyini vurğulayıb, Qərbi Azərbaycan İcmasında keçirilən konsertin də həmin tədbirlərdən biri olduğunu qeyd edib. Rektor konsertin təşkili üçün Qərbi Azərbaycan İcmasına təşəkkürünü bildirib.
Tədbir iştirakçılarını salamlayan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli milli düşüncənin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu söyləyib. O, hər bir azərbaycanlının Ümummilli Lideri olan Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, milli-mənəvi dəyərlərimizə, Azərbaycan folkloruna və ədəbiyyatına, aşıq sənətinə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.
Vətən qoxulu, doğma çalarlı Qərbi Azərbaycan aşıq sənətinə olan ehtiramı bildirmək və bu unikal incəsənət irsini yaşatmaq üçün təşkil edilən konsertdə tanınmış incəsənət xadimlərinin ifasında Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Talıb, Aşıq Altay, Aşıq Əsəd kimi sənətkarlarımızın sözlərinə həsr olunmuş musiqi nömrələri səsləndirilib. Cavanşir Quliyevin “Xoş gəldin”, Hacı Xanməmmədovun “Getmə amandır”, “Güllü”, Ramiz Mirişlinin “Güləndam” mahnıları, o cümlədən “İrəvan çuxuru”, “Göyçə gözəlləməsi”, “Qəmərcanı”, “Gödəkdonu”, “Zil şəşəngi”, “Göyçə gülü” və digər aşıq havaları təqdim edilib.
Aşıq Samirə Əliyeva, Əli Tapdıqoğlu, Ramin Qarayev, Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova və gənc ifaçı Almaxanım Əhmədlinin ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.
Layihə rəhbəri Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyevadır.
Aşıq sənəti xalq mühitində yaranmış şifahi xalq yaradıcılığına xas musiqi forması olmaqla həm də soykökümüzü, milli kimliyimizi özündə əks etdirən dərin müdrikliyə, böyük bədii təsir gücünə malik dəyərlərimizdəndir. Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Aşıq sənəti muğam sənəti ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin vacib komponentlərindəndir.
Qərbi Azərbaycan aşıqları Azərbaycanın aşıq sənətində öz sözünü deyən parlaq nümayəndələri ilə tanınır. Aşıq Alı, Aşıq Ələsgər, Miskin Abdal, Aşıq Bəhmən Göyçəli kimi bir çox Qərbi Azərbaycandan olan sənətkarlar öz müdrik, doğma və rəngarəng yanaşmaları ilə bu sənətə böyük töhfələr veriblər. Qərbi Azərbaycan aşıqlarının səsi-sədası, şöhrəti öz yaşadıqları mahalları aşıb, dillərə dastan olub. Bu gün soydaşlarımız Ermənistandan tərəfindən zorla deportasiya nəticəsində öz doğma torpaqlarından aşıq məktəbinin beşiyi sayılan Qərbi Azərbaycandan uzaqda olsalar da, bu füsunkar sənəti yaşatmaqdadırlar.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq