16 iyun 2023 11:32
546

"Heydər Əliyev və insan hüquqları: Qurtuluş başlanan inkişaf yolu" mövzusunda konfrans keçirilib

"Heydər Əliyev ili" çərçivəsində Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan "Heydər Əliyev və insan hüquqları: Qurtuluş başlanan inkişaf yolu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir: "Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olunub. Çoxdan unudulmuş əfv və amnistiya institutlarının ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilib. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılanıb".

A.Sabitova qeyd edib ki, reallıqları dərindən təhlil edən və nəzərə alan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul edilib: "Dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı".

Daha sonra çıxış edən edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək həm 15 iyun Milli Qurtuluş günü və 18 iyun İnsan Hüquqları günü münasibəti ilə hamını təbrik edib.

O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan insan hüquqları sahəsində hüquqi islahatlar hazırda uğurla davam etdirilir.

"İnsan hüquqlarının qorunması dövlət siyasətində əsas mərkəzi xətti təşkil edir. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutu hüquqi dövlət strukturudur və müstəqil insan hüquqlarını qoruyan bir təsisatdır. İnsan hüquqlarının müdafiəsi sahəsində qarşımızda duran əsas məsələlərdən biri müasir dünyada ikili standartlara qarşı mübarizədir. Hüquq prinsiplərinin pozulması humanitar qanunun pozulmasına gətirir. Bu, BMT Baş Assambleyasının qəbul etdiyi insan hüquqlarına dair sənəddə də qeyd edilib. Beynəlxalq hüquqa hörmətsizlik dünya ictimaiyyətinin, nüfuzlu təsisatların gündəmində qalmalıdır. Bu cür fundamental məsələlərdə yenidən həyəcan təbili çalınmalıdır. Münaqişələrin qarşısının alınmasında BMT ilə birgə mühüm çevik mexanizmlər hazırlayıb, sərt qərarlar, qətnamələr qəbul etməkdə iştirak edilməlidir”.

Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisinin deputatı Zahid Orucov deyib ki, Heydər Əliyevin özü konstitusiya, özü qanun olub:

"Heydər Əliyev sistem adamıydı. O öz idealarına, fikirlərinə sadiq qalmasaydı dövlətinin rəhbəri ola bilməzdi. 90-cı illərdə dövlətinin özü olmadığı vaxtda Heydər Əliyev qayıtdı və dövləti qurdu. Biz milli qurtuluş tarixini Heydər Əliyevlə başlamışıq. Heydər Əliyev müqəddəs kitab kimidir. Çünki bu kitabı hər dəfə oxuduqda, yenidən bunu dərk edirsən".