14 iyun 2023 02:14
516

TARİXİMİZİN MİLLİ QÜRUR VƏ İFTİXAR SƏHİFƏSİ - 15 İYUN

Ulu Öndər ən çətin zamanda dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qorumaqla, ölkəmizdə ictimai-siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməklə bizə müstəqil Azərbaycan dövlətini bəxş edib

Çağdaş tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunu böyük ictimai, siyasi əhəmiyyətə malikdir. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı.

Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini yenidən bərpa  etməklə çoxəsrlik dövlətçilik tarixinə söykənərək milli azadlığına, dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi.Dövlət müstəqilliyinin ilk illərində - 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız rəsmən müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Müstəqilliyin ilk illərində dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. Ayrı-ayrı siyasi partiyaların qanunsuz silahlı birləşmələrə malik olmaqla dövlətin o zamankı rəhbərliyinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərini həyata keçirmələri üçün münbit şərait yaranmışdı. Azərbaycanda xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Məhz belə bir kritik dönəmdə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev xalqın çağırışına səs verərək respublikada ikinci dəfə hakimiyyət sükanını öz əlinə aldı. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Buna görə də 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin gün dövlətçiliyimiz faktiki olaraq yox olmaq təhlükəsindən xilas edilib.

Azərbaycanın müstəqilliyinin qarantına çevrilən Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 3 oktyabr tarixində xalqın böyük əksəriyyətinin dəstəyi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan dərhal sonra ordu quruculuğunda mühüm addımlar atıldı. Cəbhədə genişmiqyaslı əks-hücum və Füzuli rayonu istiqamətində torpaqların geri qaytarılması düşməni atəşkəsə məcbur etdi. Ölkədə mövcud olan problemlərin həll olunması istiqamətində əməli işlərə start verildi. Siyasi vəziyyət stabilləşdi, iqtisadiyyatın dirçəldilməsi üçün bir sıra irimiqyaslı layihələrin icrasına başlandı. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Ümummilli Lider Heydər Əliyev bütün bunlarla kifayətlənməmiş, xalqın gələcəyini düşünmüş, müdrik siyasətini davam etdirərək, xalqın mənafeyini qorumaq kimi şərəfli və məsuliyyətli vəzifəni öz üzərinə götürərək öz layiqli davamçısını, yeni liderimizi yetişdirmişdi. Belə ki, bu gün Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başlatdığı nəhəng işlər, möhtəşəm layihələr, daxili sabitliyin, siyasi həmrəyliyin və milli birliyin möhkəmləndirilməsi, xalqımızın sosial rifahının yüksəldilməsi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət nəticəsində ölkəmiz regionda lider dövlətlərdən birinə çevrilmişdir. Belə ki, artıq Azərbaycanın iştirakı olmadan bölgədə heç bir beynəlxalq layihənin icrasından söhbət gedə bilməz. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 20 ilə yaxın dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. 

Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqın etimadını layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 20 ildə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev ordu quruculuğunu həmişə ən prioritet məsələ hesab edərək respublikanın müdafiə qüdrətinin artırılmasını və ən müasir silahlarla təchiz olunmasını ön planda saxlayırdı. Ölkə başçısı öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 44 günlük Vətən müharibəsində ordumuzun 10 noyabr 2020-ci il tarixədə qazandıgı şanlı Qələbə Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Bu gün yaranmış gözəl təməl üzərində yeni, daha qüdrətli Azərbaycanın qurulması naminə bütün qüvvələr səfərbər olunub. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyinin təminatında aparıcı rollardan birinə sahib olmaqla beynəlxalq mövqelərini daha da gücləndirib. Bir sözlə, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında parlaq gələcəyə doğru inamla addımlayır və bütün sahələrdə özünün dinamik inkişaf dövrünü yaşayır. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, amma Ulu Öndər Heydər Əliyevin milli müstəqillik ideyalarının parlaq şölələri  heç zaman  sönməyəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”