12 iyun 2023 15:25
581

Naxçıvan Teatrı Ulu Öndərə həsr olunmuş “Xilaskar” tamaşasını təqdim edib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində təsdiq etdiyi Tədbirlər Planına əsasən  Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən tamaşa  nümayiş etdirib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Milli Qurtuluş Günü ərəfəsində təqdim edilən tamaşa yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar”əsəri əsasında səhnələşdirilib. Xalq artisti Kamran Quliyevin quruluş verdiyi səhnə əsərininin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, ikinci rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, musiqi tərtibatçısı  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

“Xilaskar” tamaşası 30 il əvvəl Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin səhnə həlli, qurtuluşa aparan yolda xalqımızın yaşadığı tarixi gerçəkliyin ifadəsidir. Sənədli-publisitik dram janrında ərsəyə gətirilən tamaşada 90-ci illərin acı reallıqları, azadlığını itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xilas yolu tarixi  faktların işığında səhnələşdirilib. “Xilaskar” tamaşası Ümummilli liderin xilaskarlıq missiyasının  səhnə həlli olduğu üçün xüsusi bir önəm daşıyır. Bu məsuliyyəti dərindən duyan teatr kollektivi  tamaşanın uğurlu təqdimatına nail ola biliblər. Tamaşada Ulu öndərin tarixi çıxışlarından müxtəlif məqamlar yer alır.

Tamaşada insanların  istefa tələbi ilə küçələrə axışdığı, Qarabağın erməni işğalına məruz qaldığı bir zamanda xalqı təmsil etməli olan deputatların öz mənfəətlərini güdməsi, ölkənin hər gün bir daha dərinləşən uçurumun girdabına sürüklənməsi onların söz davasında ortaya çıxır. Məhz belə bir zamanda xalqın tək nicat yolu, ümid mənbəyi Heydər Əliyevdir. “Xilaskar” tamaşasında Gəncə hadisələrindən sonra xalqın mövcud hakimiyyətə inamının itirməsi, təkidlə Ulu öndərin Bakıya dəvət olunması mahir ustalıqla əks olunub. Səhnə əsərində Ədalət (Nəsimi Nəbizadə), şair deputat (Səməd Canbaxşiyev) xalqın xilas yolunun  Ulu öndərin yolu olduğunu bildirir, onu müdafiə etməkdən çəkinmirlər. “Biz bu kişinin çörəyin yemişik” deməklə  1969-cu ildən bəri Azərbaycanın inkişafı, tərəqqisi üçün çalışan Ulu öndərin xalqımız qarşısındakı tarixi xidmətlərini diqqətə çatdırır. Xalqın taleyinə biganə olan, ancaq öz mənfəətini güdən, öz içimizdəki baltaların ümumiləşmiş obrazı olan  “Saqqal Həmzə” (Vidadi Rəcəbli) gülüş doğurur.

Tamaşada Ulu Öndərin  çıxışı zamanı onu  yerdən müdaxilə edib dayandırmağa çalışsalar da, dahi lider xalqı birliyə,demokratiya yolu ilə getməyə çağırır və qətiyyətlə bildirir ki, O, bu yoldan dönən deyil. Səhnə əsərində Heydər Əliyev rolunu  Xalq artisti Rza Xudiyev canlandırır. Xalq artistinin xarici görünüşünün oxşarlığı, səs tonu və özünəməxsus peşəkarlığı dahi liderin xarakterində olan müdrikliyi çox ustalıqla tamaşaçıya çatdırmağa kömək edir. Tamaşa əsnasında aktyorun səhnədə göründüyü məqamlarda tamaşanı izləyən məktəblilərin “Heydər baba” deyib alqışlaması,  əslində nə qədər uğurlu alındığından xəbər verir. Səhnə əsərində  xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, əməkdar artistlər-Əbülfəz İmanov, Behruz Haxverdiyev, Nazlı Hüseyinquliyeva, Səməd Canbaxşiyev, Günay Qurbanova və digər aktyorlar yer alıb.

Tamaşa ölkə başçısı İlham Əliyevin Vətən müharibəsi zamanı Qarabağın işğaldan azad olmasının, həm də ata vəsiyyəti olduğunu bildirən tarixi çıxışı ilə sona çatır.

Tamaşa alqışlarla  müşayiət olunub.