12 iyun 2023 11:41
720

Qərbi Azərbaycan torpaqlarına qayıdana kimi mübarizəmiz davam edəcək- İcma sədri

“İndiki Ermənistan ərazisi hesab edilən Qərbi Azərbaycan torpaqlarına qayıdana kimi mübarizəmiz davam edəcək”.

“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki tarixi mənbələr, yeraltı və yerüstü mədəniyyət nümunələri, yeraltı sərdabələr, məbəd, kilsə və məscidlərin hər biri bu yerlərin kimə aid olduğunu qəti şəkildə təsdiqləyir.

Sədr xatırladıb ki, ötən ilin dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü tarixdə yeni bir dövrün başlanğıcı olub: “Bununla da Qərbi Azərbaycana Qayıdış konsepsiyasının yaradılması ilə artıq yeni mübarizəyə qədəm qoymuş olduq”.

Ə.Ələkbərli bildirib ki, bu məbədlərin çoxu erməniləşdirilsə də, başqa xalqların adına çıxılsa da, tarixi həqiqətlər daşa yazılmış yazı kimidir: “Ona görə bizim mübarizəmiz sona qədər davam edəcək. Buradakı bir sıra tarixi məscidlər fars məscidi kimi dünyaya tanıdılır. Ermənilər bu siyasəti bu gün də davam etdirirlər. Erməni siyasiləri hələ də sərsəm fikirlərini davam etdirirlər ki, guya azərbaycanlılar bu ərazilərin aborigenləri olmayıblar. Ona görə biz bu cür saxta fikirlərlə mübarizə aparmaq üçün tarixçi alimlərimizə, ictimai xadimlərimizə tez-tez müraciət etməliyik".