09 iyun 2023 07:44
626

Misirdə "Heydər Əliyev və dünya sülhü: Minalarla mübarizəyə giriş" adlı seminar təşkil edilib

Misirin “Əl-Hivar” (Dialoq) Siyasi və Media Araşdırmaları Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Ümumdünya Ətraf mühitin mühafizəsi Günü çərçivəsində "Heydər Əliyev və dünya sülhü: Minalarla mübarizəyə giriş" adlı seminar keçirilib.

Ölkəmizin Misirdəki səfirliyindən "İki sahil"ə bildiriblər ki, seminarda çıxış edən səfir Elxan Poluxov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, torpaqlarımızın işğalı zamanı vəziyyətdən çıxış yolu üçün göstərdiyi səylər haqqında geniş məlumat verib. Diplomat 44 günlük Vətən müharibəsində azad olunmuş torpaqlarda indiyədək davam edən mina təhlükəsi barədə söhbət açıb, mina partlaması nəticəsində yüzlərlə dinc sakinin həlak olmasını və ya yaralanmasını bəşəriyyət qarşısında ağır cinayət kimi dəyərləndirib.

General H. Ləbib çıxışında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Misirdə xoş xatirələrlə yad edildiyini, ölkə daxilində və onun hüdudlarından kənarda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib, dahi şəxsiyyətin yaranmış böhranlardan uğurla çıxa biləcək mahir siyasi xadim olduğunu vurğulayıb. O, həmçinin minalardan əziyyət çəkən ölkələrin bu problemdən qurtulması üçün beynəlxalq təşkilatlar tərəfindən maliyyə və texniki dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.

Sonra çıxış edən “Əl-Hivar” (Dialoq) Mərkəzinin direktor müavini N. Abu Əl-Futuh da mina probleminə toxunub, “Ərazilərin minalardan təmizlənməsi: Lider Heydər Əliyev baxışının öyrənilməsi” adlı işçi sənədi tədbir iştirakçılarına təqdim edib. Qeyd olunub ki, məhz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla Azərbaycanda minatəmizləmə sahəsində ixtisaslaşmış ANAMA (Minatəmizləmə Agentliyi) yaradılıb və onun səyləri nəticəsində BMT-nin müvafiq proqramları bu problemin həllinə cəlb edilib.

Misirin ekologiya nazirinin sabiq müavini A.Haiba minaların ətraf mühitə vurduğu fəsadlardan danışıb, bütün dünyada minalardan əziyyət çəkən ölkələrin vahid mövqedən çıxış etmələrinin vacibliyini diqqətə çatdırıb. Seminarda, həmçinin beynəlxalq hüquqda mina probleminə dair məsələlərə toxunulub, “Beynəlxalq hüquqda minaların təmizlənməsi" adlı sənəd təqdim edilib. Daha sonra azərbaycanlı ekspert, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyevin videomüraciəti nümayiş olunub. Tədbirdə iştirakçıların çoxsaylı suallarını cavablandırılıb.

Seminar yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.