09 iyun 2023 00:00
629

Xilaskarlıq missiyasının başlandığı tarix

9 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi

Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, qarşıdurmalar fonunda xarici dövlətlərin kəşfiyyat orqanlarının daxilimizdəki simasız dairələrlə birləşərək törətdiyi əməllər nəticəsində ölkəmizdə yaranmış ümumi gərgin vəziyyət bunu bir daha təsdiq edirdi.

Azərbaycan xalqı 1990-1993-cü illərdə olduğu qədər çətin, ağır, çıxılmaz vəziyyətə düşməmişdi. Azərbaycanın dövlətçilik tarixində bu illəri fəlakət dövrü adlandıranlar qənaətlərində haqlıdırlar. 20 Yanvar hadisələrindən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıtması, keçmiş sovet sisteminin oyuncağı olan yerli rəhbərliyin xəyanətkar hərəkətləri, ona Bakıda yaşamağa imkan verilmədiyi indi hamıya məlumdur. O da məlumdur ki, Ümummilli Lider Moskvada sakitcə yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Azərbaycanın taleyini düşündü. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində Ulu Öndəri özlərinə rəhbər seçdilər. Ümummilli Lider hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, onu düşməndən qorudu, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə başladı. Buna qısqanclıqla yanaşan 1992-ci ilin oktyabrında Xalq Cəbhəsi kimi adlandırılan səbatsız hakimiyyətin göstərişi ilə Naxçıvanda Ulu Öndər Heydər Əliyevə sui-qəsd hazırlandı. O vaxtlar cəmiyyətdə “ictimai təşkilat” adlandırılan AXC-Müsavat cütlüyünün Naxçıvandakı silahlı dəstələri muxtar respublikanın Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin binalarını ələ keçirdikdən sonra Heydər Əliyevin Sədri olduğu Ali Məclisin binasına doğru hərəkət etdilər. Əlavə qiyamçıları gətirən təyyarə səmada göründü. Yerli əhali dərhal xilaskarlarının ətrafında sıx birləşdilər.  AXC-Müsavat cütlüyünün Naxçıvana münasibəti dözülməz halda idi. Bakıda tətbiq olunan “ərzaq kartoçkaları” əhalinin tələbatını ödəyə bilmirdi. O, çətin illərdə AXC-Müsavat iqtidarının səbatsızlığı ölkəni uçuruma aparmaqla yanaşı, onların yaratdıqları iqtisadi böhranı daha da dərinləşdirirdi. Bir sözlə, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanmışdı. 1993-cü ilin yazında ölkə real parçalanma təhlükəsi ilə qarşılaşdı. Respublikada gözlənilmədiyi halda separatçılar peyda oldular. Bir neçə kənddən ibarət formalaşan Ləzgistan “suverenliyini elan etdi”. AXC-Müsavat iqtidarının müdafiə nazirinin keçmiş müavini, hamının “qarajdan çıxmış adam” adlandırdığı Əlikram Hümbətov “Talış-Muğan Respublikası” qurduğunu bildirdi, “ordu” yaratdı. Respublikada qanunsuz silahlı quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, parçalanırdı. Daxili sabitliyin pozulması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib edilməsi, “sadvalçıların” “əlikramçılarla” separat sövdələşmələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, kənd təsərrüfatının, sənayenin tənəzzülü, ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi. “Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. Böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır.» O dövrdə yaranmış hərc-mərcliyi bu sözləri ilə ifadə edən Prezident İlham Əliyev həmin günü Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıc tarixi adlandırır.

Beləliklə, 1993-cü il iyunun 9-da türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələr gedən, fikirlərin ən çox haçalandığı və vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə dahi rəhbər Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər. Ulu öndər Heydər Əliyev qısa zamanda dövlət quruculuğu prosesinə start verdi, Milli Ordumuzu formalaşdırdı, düşmən işğalının qarşısını aldı. Ölkədə nisbətən sabitlik yarandı. 1993-cü ilin oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu Öndər ölkə Prezidenti kimi Vətəni və xalqı naminə yenə əvvəlki coşqunluqla, əzm və mətanətlə, işgüzarlıqla gecə-gündüz yorulmadan çalışmağa başladı. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı yolunu müəyyənləşdirmişdi. Bu seçim sabaha böyük ümidlərlə dolu Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da Ümummilli Lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu sübut etdi. Onun fəaliyyəti dövründə Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Xalqımızın 9 iyun 1993-cü ildən başlanan müstəqillik uğrunda mübarizəsi 2020-ci ilin 27 sentyabrında başlanan, 44 gün davam edən Vətən müharibəsində də Zəfərimizi şərtləndirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində qazandığımız Qələbə Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqlik, xilaskarımıza sədaqət andı oldu.

Sevinc Azadi, “İki sahil”