06 iyun 2023 02:57
517

Bugünkü uğurlarımızın başlanğıc nöqtəsi

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıdışından başlanan Qurtuluş Zəfərə yol açdı

1993-cü il 4 iyun hadisələrindən 30 il keçir. Həmin hadisələr hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün iflası idi. Ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərliyi vəziyyəti anbaan ağırlaşdırırdı. Bir tərəfdən ərazilərimizin işğal edilməsi, digər tərəfdən Silahlı Qüvvələrin ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi xalqın sabaha olan ümidini itirmişdi. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş cinayət idi. O dövr Azərbaycanda hakimiyyətsizlik illəri kimi xatırlanır. Surət Hüseynov kimi cinayətkar «milli qəhrəman» adına layiq görülmüşdü. Dövlət başçısı İlham Əliyev Azərbaycan gəncləri ilə görüşlərində müstəqillik yolumuzun geniş təhlilini verərək «Mən bu tarixə nəyə görə qayıdıram» sualı ətrafında fikrini belə açıqlayır ki, çünki birincisi, bu həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.

Ölkə Prezidenti müstəqilliyimizin bərpasının ilk illərinin problemlərindən bəhs edərkən hakimiyyətdə olanların təcrübəsizliyini, xəyanətini xüsusi qeyd edərək belə dəyərləndirmə aparır ki, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaq. O vaxtkı tarix çox acınacaqlı, ağırdır, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular: «Əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər.»

AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə vəzifə tutanların kimliyinə nəzər saldıqda yaranan sual hər kəs tərəfindən səslənir-Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başladılar. Bu mübarizənin, eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlığın nəticəsi olaraq cəmi 1 il hakimiyyətdə qala bildilər. Elə o ağır vaxtlarda nicat gözləyən xalqın nəzərləri Naxçıvana yönəldi, xilaskarını Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Bakıya gəldi. İyunun 13-də mövcud vəziyyəti öyrənmək üçün bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə yola düşdü. Ölkədə yaranan xaosu xalqın taleyinə yazılan qaranlıq səhifə adlandıran Ümummilli Lider Gəncə hadisələrindən vahiməyə düşən xalqı səbirli olmağa çağırdı: «Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcək.» Dahi şəxsiyyət Heydər Əliyev qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün tədbirli hərəkət etməyi biri-birini ittiham edən tərəflərin hər ikisindən tələb edirdi. Yenə də Vətəni təhlükəli vəziyyətdən xalqın birliyi və həmrəyliyi qurtardı.

15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılaraq, həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev parlamentin sədri seçildi. Bu tarix Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edildi. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir. 1993-2003-cü illər tariximizə dirçəliş, inkişaf dövrü kimi yazılıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövləti təsəvvür etmək çətin olardı. Heydər Əliyevsiz Azərbaycan bugünkü uğurlu inkişaf yolunda inamla irəliləyən Azərbaycandan fərqli olardı.

Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisinin reallıqda öz əksini tapdığı təsdiqlənir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Ümummilli Lider 1993-cü ilin oktyabarında keçirilən andiçmə mərasimində bildirmişdir: «Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.» Prezidentliyinin ilk mərhələsində Ümummilli Liderin apardığı islahatlar, böhran içərisində olan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını daha da artırdı. Ulu Öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkərək ölkədə ictimai-siyasi sabitliyin qorunmasını hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Uğurlu siyasət Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzanlanması bu sabitliyin daha da möhkəmləndirilməsinin, Azərbaycanın bugünkü uğurlarının stimulu oldu. Azərbaycan müharibə şəraitində yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün biri-birindən əhəmiyyətli islahatların həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinin, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu sazişdən sonra imzalanan onlarla müqavilə, Anlaşma memorandumları Azərbaycanın bugününə, sabahına olan inamdan qaynaqlanır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması təbii ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.

Ulu Öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyini qarşıya mühüm vəzifə kimi qoyurdu. Azərbaycanın demokratiya yolunda inamlı addımları dahi şəxsiyyətin uğurlu islahatlarından qaynaqlanır. Azərbaycanın demokratik inkişafını qəbul etməyən daxili və xarici qüvvələr hər vəchlə bu yolda böyük maneələr yaratmağa çalışırdılar. Ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq yolunda hansı maneələrlə üzləşdiyi hər kəsə məlumdur. Lakin Ümummilli Lider uğurlu addımları ilə bu maneələri dəf etdi. 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul olundu. Həmin ilin yanvarın 25-də Azərbaycanın bayrağı bu mötəbər qurumun qarşısında dalğalandı. Beləliklə, ölkəmiz öz həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün növbəti tribunanı əldə etdi. Bu uğurumuzu şərtləndirən əsas amillər təbii ki, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində insan hüquqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, demokratik seçkilərin keçirilməsi, çoxpartiyalı sistemin yaradılması və sair kimi sahələrdə uğurların əldə edilməsi idi. Bu addımların nəticəsidir ki, hazırda Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev bildirir: «Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır.»

Azərbaycan tarixində, xalqın yaddaşında Ümummilli Lider Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış və qalacaqdır. Hakimiyyətinin birinci dövründə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı Qırmızı Bayraqlar respubilkasına çevirən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinə nail olaraq bugünkü uğurlarımıza yol açdı. Bir sözlə, Azərbaycanın müstəqil dövlət quruculuğuna yolu məhz Onun hakimiyyətə qayıdışı ilə başlamışdır. Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.

2003-cü ildən isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya birliyinin layiqli üzvü kimi yerini və rolunu möhkəmləndirir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa müraciətində bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Keçirilən andiçmə mərasimində bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 20 ilə yaxın dövrdə bu siyasətə sadiqlik cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbəsini təkrarlamasını şərtləndirdi. «Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm» söyləyən dövlət başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq belə bir vədi də vermişdir: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.»

Ölkə Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevə bu müraciətindən 17 il sonra, 44 günlük Vətən müharibəsinin hər gününü xalqımıza qələbə sevinci yaşatmaqla noyabrın 8-də Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. 2021-ci ildə Şuşada keçirilən «Xarıbülbül» musiqi festivalının bağlanış mərasimində Ulu Öndər Heydər Əliyevin « Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu-biz onlarsız yaşaya bilmərik» fikirlərinin davamı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin “ Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərinin səsləndirilməsi dünənimizə baxış, bugünümüzün reallıqlarının təqdimatıdır.

Yeganə Əliyeva, «İki sahil»