Xırdalandakı Heydər Əliyev parkında kitab sərgisi təşkil olunub. Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın əsas tərəfdaşlığı, “Hədəf Şirkətlər Qrupu” MMC-nin baş sponsorluğu ilə təşkil olunan kitab bayramı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində reallaşıb.
“İki sahil” xəbər verir ki, sərgi proqramına uyğun “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi də keçirilir. Müsabiqənin təşkilində məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir. Hekayələr peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləçək.
Xırdalan Heydər Əliyev Mərkəzində baş tutacaq qaliblərin mükafatlandırma mərasimində ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək.
Hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsusdur. Birinci yerə layiq görülən müəllifə I dərəcəli diplom və 1000 manat, ikinci yerin sahibinə II dərəcəli diplom və 500 manat, üçüncü yerin sahibinə isə III dərəcəli diplom və 300 manat təqdim ediləcək.
Bundan əlavə, hekayələr “Auidokitab” tərəfindən səsləndirilib platformanın tətbiqinə yerləşdiriləcək.