Tarixən oğuz-türk yurdu olan Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yerləşən, ötən əsrin ortalarına kimi əhalisi əsasən azərbaycanlılardan ibarət olan qədim yaşayış məskənlərindən biri də Zod kəndidir. Kənd Şahdağı silsiləsi ilə Dərələyəz, Kəlbəcər dağlarının kəsişdiyi Məzrin düzənliyində yerləşir.
1988-ci ildə beş minə yaxın azərbaycanlının yaşadığı kənddə bir ümumtəhsil, iki ibtidai məktəb, bir texniki peşə məktəbi, bir yüngül metallurgiya müəssisəsi, bir xəstəxana və digər sosial-iqtisadi müəssisələr fəaliyyət göstərirdi. Ümumittifaq əhəmiyyətli Zod Dağ-Mədən Kombinatı burada yerləşirdi. Dəmir yolu və digər mühüm nəqliyyat və infrastruktura malik kənd ötən əsrin 80-ci illərində yüksək inkişaf səviyyəsinə çatmışdı.
Bəzi tədqiqatçıların fikirlərinə görə “Zod” qədim türk dillərində “sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba, yurd yeri” deməkdir. Zod kəndi 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Deyilənlərə görə, bu kəndin əsasını Kəsəmənlilər tayfasının banisi Vəliağa qoyub. Vəliağanın özü Qazax mahalının Dağ Kəsəmən kəndindəndir. Vəliağa əvvəlcə Göyçə mahalının Kəvər rayonunun Göyçə gölü ətrafına yaxın olan Vəliağalı kəndinin, sonra isə XIV əsrin sonlarında (1387-1388) və XV əsrin əvvəlində (1400) indiki Zod kəndinin himini salıb. Vəliağa və onunla birlikdə Zoda gələn ağsaqqallar yaşamaq üçün əlverişli suyu və münbit torpağı, maldarlıq üçün əlverişli olduğunu görüb həmin yeri daimi yaşayış yeri seçiblər. Kəndin ərazisi Qazax mahalının yaylaqları olub. Kəndin ilk adı yarandığı gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilib.
Tarixçilərin yazdıqlarına görə Zod kəndinin ilk adı III-V əsrlərdən XV əsrin əvvəlinə qədər Başkalafa olub. Vəliağa köçüb gələnə qədər həmin yerlərdə III-V əsrlərdə albanların yaşamasını təsdiq edən böyük kalafalıqlardan ibarət olduğuna görə kəndin adı Başkalafa adlandırılıb. Kəndin ikinci adı 1813-1814-cü illərə qədər Vəliağa olub. Bu ad Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Vəliağanın adı ilə bağlıdır. Kəndin üçüncü adı 1813-1814-cü illərdən 1988-ci ilin dekabrına qədər Zod olub. Bu adın mənası Söd sözündən götürülüb.
1905-1907-ci illərdə kənd əhalisi erməni daşnakları tərəfindən çıxarılaraq doğma yurdlarından qaçqın düşmüşdülər. Kənd əhalisi Kəlbəcər, Goranboy, Tərtər, Qazax və başqa yerlərdə məskunlaşmışdılar. Kənd əhalisi 1907-ci ilin yazında yenidən doğma yurdlarına qayıtmış, az bir hissəsi məskunlaşdıqları yerdə qalmışdır. Kəndin təxminən 100 evi, 300-350-yə yaxın əhalisi olmuşdur. 1918-1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından qaçqın düşmüş, Goranboy, Qazax, Tovuz və başqa yerlərdə məskunlaşmışdılar. Kənd əhalisi 1921-ci ilin yazında yenidən doğma yurdlarına qayıtmışdılar.
Qanlı diktator İ.Stalinin hakimiyyəti dövründə-1948-ci ildə kənd əhalisinin əsasən ziyalılardan ibarət olan əhəmiyyətli bir qismi Azərbaycana deportasiya edilir. Bu, sözün əsl mənasında həmin dövrdə kəndin inkişafına, təhsil və mədəniyyətinə ciddi zərbə vurur. 1988-ci ildə tam deportasiyasında Ermənistan SSR rəhbərliyi və Sovet ordusunun birləşmələrinin yaxından iştirakı ilə kənd əhalisinin kütləvi öz doğma yurd-yuvasından köçürülməsinə hiyləgərcəsinə şərait yaradılır.
Ermənistanı 1988-ci ildə tərk edərək və Göygöl rayonuna pənah gətirmiş, milliyyətcə rus olan L.V.Tolstyak Azərbaycan Qaçqınlar Cəmiyyətinə yazdığı öz izahatında göstərmişdir: “1988-ci ilin noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar Ermənistan KP MK-nın birinci katibi) V.Movsesyan Vardenis rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt verdiyini bəyan etdi və əlavə etdi ki, bu müddətdə kəndi tərk etməsələr, onların təhlükəsizliyinə təminat verilməyəcək”.
Zod kəndi Azərbaycan elmi, iqtisadiyyatı və ictimaiyyəti üçün görkəmli xadimlər bəxş etmişdir. Zodlular Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə yaxından iştirak etmiş və 50 nəfərə yaxın şəhid vermişdir. 1992-ci ildə keçmiş Şaumyan rayonunun (indiki Ağcakənd) azad olunmasında qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Etibar Hacıyev Zod kəndinin şəhidləri sırasındadır. Şəhid Cavid Qasımov, Fəxrəddin Qocayev da bu kənddə doğulub. Yeri gəlmişkən, bu kənd haqqında ən qiymətli mənbələrdən biri də Kalvalı Həsənovun 2001-ci ildə Bakıda nəşr olunan “And yerimiz. Əbilov, Zeynalov və oğulları” adlı kitabıdır.
Əminik ki, ölkəmizin başçısının bildirdiyi kimi, zaman-zaman doğma yurdlarından deportasiyaya məruz qalan bütün Qərbi azərbaycanlılar kimi, Zod kəndinin sakinlərinin də hüquqları bərpa olunacaq və onlar doğma torpaqlarına qayıdacaqlar.
Zahid Rza, “İki sahil”