Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın banisi olaraq dövlətçiliyimizin qurulması və onun möhkəm təməllər üzərində inkişafı naminə atdığı tarixi addımlardan biri də Azərbaycan gəncliyinin formalaşması istiqamətində müəllifi olduğu dövlət gənclər siyasətidir. “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin irsini daha dərindən tədqiq etməyə və qavramağa çalışdığımız zamanda dahi şəxsiyyətin banisi olduğu dövlət gənclər siyasətinin də xüsusi təhlil olunmasına böyük ehtiyac var. Təbii ki, illər keçdikcə zaman bizi fiziki olaraq Ulu Öndərdən ayırsa da əqidəcə biz Onun Azərbaycan naminə etdiklərini daha dərindən dərk edəcək və ölməz irsini gələcək nəsillərə ötürəcəyik.
Ulu Öndər Heydər Əliyevin irsi o qədər zəngindir ki, qısa zaman kəsiyində onun xalqımızın, dövlətimizin gələcəyi naminə atdığı fədakar addımları tam dərindən dərk etmək zamanı qabaqlamağa çalışmaq qədər çətin bir işdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırması Onun üçün gənclərin bir ölkənin inkişafı üçün nə dərəcədə həyati əhəmiyyətə malik olduğunu göstərir. Sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmdə, hətta ona qədər ki, rəhbər vəzifələrdə çalışdığı illərdə daim gənclərin milli ruhda yetişməsinə çalışan Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizə yenidən rəhbərliyə gəldikdən sonra belə bu ənənəni davam etdirdi. Gənc nəslə diqqətin göstərilməsi dövlətin ən vacib istiqamətlərindən birinə çevrildi.
Dövlətin gənclər siyasətinin formalaşdırılması istiqamətində bu siyasətin institutlaşdırılması çox vacib məsələdir. Ulu Öndər Heydər Əliyevin respublikada gənclərlə işin təşkilində dövlət orqanları arasında əlaqəli fəaliyyətin həyata keçirilməsi məqsədi ilə 26 iyul 1994-cü il tarixdə imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyini yaradıldı. Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakını təmin etmək və onların inkişafını dəstəkləmək məqsədi ilə Ulu Öndər tərəfindən gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, onun təşkilati-hüquqi əsaslarını müəyyən etmək üçün digər önəmli sənədlər də imzalanmışdır.
Milli kadrların yetişdirilməsi məqsədi ilə hələ Azərbaycan SSR-də gənclərin xaricdə təhsil almasına xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gənclərin xarici ölkələrdə təhsil alması üçün onları yüksək qayğı ilə əhatələdi. 2003-cü ilin rəqəmlərinə nəzər yetirsək görərik ki, artıq həmin dövrdə dünyanın 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000 gənc azərbaycanlı tələbə təhsil alırdı. Xaricdə təhsil alan tələbələrin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev onların maddi təminatını yaxşılaşdırmaq məqsədilə təqaüdlə təmin etmişdir. Ölkə daxilində təhsil alan gənclər də Ulu Öndərin diqqətindən kənarda qalmamış, onların da maddi-sosial təminatı dəstəklənmiş və ən yüksək bal toplamış gənclərə “Prezident təqaüdü” verilmişdir. Təhsil və tələbəyə ola biləcək ən ali qayğını göstərən bu addımlar Ulu Öndər Heydər Əliyevin təhsilə olan diqqətinin çoxsaylı nümunələrindən biridir.
Ölkə gənclərinin səsini daha yaxından eşitmək üçün Ümummilli Liderin məhz gənclərin təşəbbüsünə göstərdiyi dəstək əsasında ölkəmizdə 1996-cı ildən Azərbaycan gənclərinin forumları keçirilmişdir. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu fikirlər 2 fevral 1996-cı il tarixində Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndərin Azərbaycan gəncliyinin qarşısına qoyduğu tarixi vəzifə idi.
İstedadlı gənclərə dəstək məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanla gənc istedadların “Qızıl kitabı” təsis edilərək adları bu kitaba salınmış gənclərə xüsusi təqaüd verilmişdir.
Ölkə gəncliyinin həyatında ən mühüm tarixi hadisələrdən biri də Ulu Öndər tərəfindən 2 fevral 1997- ci il tarixində imzalanmış Sərəncamla ölkəmizdə 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi olmuşdur. MDB və Şərqi Avropa məkanında gənclər üçün Gənclər Günü təsis etmək ilk hadisə idi və bu tarixdən etibarən ölkəmizdə hər il 2 fevral Azərbaycan Gənclər Günü təntənəli şəkildə qeyd olunur.
Dövlət gənclər siyasətinin institusionallaşdırılması istiqamətində Ulu Öndər tərəfindən atılan ən vacib addımlardan biri də 29 iyul 1999-cu il tarixində “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması oldu. Bu Fərman ölkədə gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradılmasında önəmli rol oynamışdır. 9 aprel 2002-ci il tarixində isə dövlət gənclər siyasətini qanuni müstəvidə dəstəkləmək məqsədilə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycan gəncliyi bu gün hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşdur. Bu gün ölkəmizdə dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə formalaşan gənc nəsil 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq şəkilində birləşərək ölkəmizin ərazi bütövlüyünü təmin edən Böyük Qələbənin əldə olunmasında önəmli rol oynadı.
Gənclərin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin başlıca istiqamətlərindən biridir. Ulu Öndər üzünü Azərbaycan gəncliyinə tutaraq gənc nəsilin 21-ci əsrdə getməli olduğu yolu göstərərək vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Fəsli Nəbiyev,
YAP Gənclər Birliyinin sədr müavini