Rusiya paytaxtındakı Moskva Dövlət Avtomobil Yolları Texniki Universitetində (MADİ) müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, elmi-praktiki konfrans diaspor təşkilatı və MADİ-nin birgə təşkilatçılığı ilə baş tutub.
“Heydər Əliyev İli” və Rusiyadakı “Müəllim, ustad İli” çərçivəsində gerçəkləşən tədbiri MADİ-nin tədris işləri üzrə prorektor İqor Artemiyev açıb. Tədbirdə çıxış edən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov konfransın və müsabiqənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə görə MADİ rəhbərliyinə təşəkkürünü bildirib, Moskvanın Milli Siyasət və Regionlararası Əlaqələr Departamentinin rəhbəri Vitali Suçkovun konfrans iştirakçılarına müraciətini oxuyub.
Azərbaycanın Rusiyadakı Səfirliyinin müşaviri Zaur Paşayev səfir Polad Bülbüloğlunun konfrans iştirakçılarına müraciətini oxuyub.
Konfransda MDB ölkələri üzrə Avtomobil Yolları İşçiləri Hökumətlərarası Şurasının katibliyinin rəhbəri, professor Buri Karimov, professor Kamran Rüstəmov, jurnalist Kseniya Karaulova, professor İbrahim Məlikov, MADİ-nin rus dili kafedrasının dosenti Larisa Denisova və Beynəlxalq Avtomobil Yolları Təhsili Assosiasiyasının (MAADO) vitse-prezidenti Valentin Silyanov məruzələrlə çıxış ediblər. Məruzəçilər Azərbaycanın və SSRİ-nin yollarının tikintisində misilsiz xidmətlər göstərmiş, yüksək peşəkar və insani keyfiyyətlərə, daxili mədəniyyətə malik olan Heydər Əliyevin çoxmillətli Azərbaycanda unikal multikulturalizm və tolerantlıq dəyərlərini inkişaf etdirdiyini, sadəliyi, insanlara həssas münasibəti ilə fərqləndiyini, MADİ tələbələrinin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə böyük maraq göstərdiyini nəzərə çatdırıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonra Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müsabiqənin nəticələri elan edilib. Bildirilib ki, dünyanın 17 ölkəsindən olan MADİ tələbələri müsabiqəyə 64 iş təqdim ediblər. Münsiflər heyətinin qərarı əsasında qalib adını qazanmış Timur Sidorenko (Azərbaycan), Ben Mamadu Umanu (Kamerun), Dmitri Petriaşvili (Osetiya), Danil Kojedubov (Rusiya), İrina Yeqorova (Qazaxıstan), Qurban Məmmədzadə (Azərbaycan) öz təqdimatları ilə çıxış ediblər.
Sonda qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.