AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol üzrə miniturnir keçirilib.
“İki sahil” xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan turnirdə AFFA, Peşəkar Futbol Liqası, klublar, hakimlər, veteranlar, media, könüllülər, SOCAR, BOS və partnyorlardan ibarət 10 komanda mübarizə aparıb. Hər qrupda 5 komanda olmaqla 2 qrupda oyunlar keçirilib. Öz qruplarında birinci yeri tutan PFL və veteranlar komandaları final oyununda qarşılaşıblar. Rəqibini 6:2 hesabı ilə məğlub edən veteranlar turnirin qalibi olublar.
Turnirdə ilk iki yeri tutan komandalara medallar təqdim edilib. Medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Fərid Qayıbov, assosiasiyanın baş katibi Sərxan Hacıyev təqdim ediblər.
Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, media əməkdaşları, könüllülər, azarkeşlər və futbol ailəsinin üzvləri iştirak ediblər.