24 may 2023 09:50
448

Fuad Muradov Özbəkistandakı Azərbaycan icmasının üzvləri ilə görüşüb FOTOLAR

Özbəkistanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Heydər Əliyev İli” çərçivəsində Özbəkistandakı Azərbaycan icmasının üzvləri ilə görüşüb.

Bu barədə "İki sahil"ə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədr müavini Zafarbek Axmedov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan icmasının Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərdən gələn diaspor nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli liderinin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Ardınca Heydər Əliyevə həsr olunan “Qaliblər əbədi yaşayır” sənədli filmi nümayiş nümayiş olunub.

Görüş iştirakçılarını salamlayan Dövlət Komitəsinin sədri Fuad Muradov müasir Azərbaycanın və ölkəmizin diaspor quruculuğunun banisi Heydər Əliyevin tarixdəki əvəzsiz və misilsiz xidmətlərindən danışıb, “Heydər Əliyev İli” çərçivəsində bütün dünyada müxtəlif xarakterli tədbirlərin gerçəkləşdirildiyini bildirib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən diaspor quruculuğu, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısı, Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, xarici ölkələrdə 20 Azərbaycan Evinin, 15 Koordinasiya Şurasının fəaliyyət göstərdiyi, “Qarabağ”, “Nizami Gəncəvi” və sair adlar altında təşkil olunmuş Azərbaycan həftəsonu məktəbləri, “Heydər Əliyev İli” çərçivəsində bu il Naxçıvanda keçiriləcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi barədə ətraflı məlumat verib, Özbəkistandakı Azərbaycan icmasının yerli cəmiyyətə sıx inteqrasiyasını müsbət qiymətləndirib.

Diaspor fəallarından Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov, Daşkənddən İlham Abdullayev, Şahin Rzayev, Həzrət Əli, Mehriban Rəhimova, Səmərqənddən Adilağa Mirzəyev, Buxaradan Kamran Babayev və başqaları çıxış edərək, Heydər Əliyevin Azərbaycan və türk Dünyası qarşısındakı xidmətlərinin unudulmayacağını bildirib, tarixi kökləri olan Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu və Özbəkistan hökumətinin soydaşlarımızın hərtərəfli inkişafı üçün şərait yaratdığını vurğulayıb, diaspor fəaliyyətinin gücləndirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Görüş geniş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.