21 may 2023 23:20
684

Ulu Öndərin anadan olmasının 100 illiyi Aktauda təntənəli şəkildə qeyd edilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərində təntənəli şəkildə qeyd edilib. Aktaudakı “Dostluq Evi”ndə keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Mangistau vilayətinin qubernatoru, Aktau şəhər rəhbərliyi, azərbaycanlı və qazax ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Baş konsulluqdan "İki sahil"ə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə “Dostluq Evi”ndə dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, keçirdiyi görüşləri əks etdirən fotosərgiyə baxıblar. Sonra Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirilib.

Moderator İlkin Orucov Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verib. Sonra Azərbaycanın Aktaudakı Baş konsulunun vəzifələrini icra edən Elçin Məmmədov geniş məruzə ilə çıxış edib.

E.Məmmədov fenomen şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan ilə Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub.

Diplomat Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Cari ilin aprel ayında Astana şəhərində Ümummilli Lider Heydər Əliyev adına Parkın açılmasını dostluğumuza, eyni zamanda Ulu Öndərə verilən yüksək qiymətin sübutu olduğunu bildirib. Parkın açılış mərasimində dövlətlərimizin başçılarının iştirakını xüsusi qeyd edib.

Mangistau Vilayətinin akimi (qubernatoru) Nurlan Noqayev Ulu Öndər Heydər Əliyevin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafındakı xüsusi xidmətlərindən danışıb. Bildirib ki, fenomen şəxsiyyət Heydər Əliyev qazax xalqının yaxın dostu olub və daim Qazaxıstan xalqına və dövlətinə xüsusi rəğbət bəsləyib.

Onun sözlərinə görə, əsası Ulu Öndər tərəfindən qoyulmuş yüksək səviyyəli tarixi əlaqələr daha da inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Tədbir daha sonra konsert proqramı ilə davam edib.

“Natiq” ritm qrupunun ifasında Qarabağ kompozisiyası, Əməkdar artist Şəhriyar İmanov və “Mirvari” rəqs qrupunun ifaları tamaşaçılara xoş ovqat bəxş edib.