Heydər Əliyevin imzaladığı bir çox Fərman və sərəncamlar birbaşa və dolayısı ilə qadın hüquqlarının müdafiəsinə yönəlmişdir
Bu gün Ümummilli Liderin şah əsəri və xalqımıza ən böyük mirası olan müasir müstəqil Azərbaycan onun əbədiyaşar ideyaları əsasında möhtəşəm nailiyyətlərə imza ataraq yeni zirvələr fəth edir. Bu reallıq Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin Heydər Əliyev irsi və ideyaları ilə bağlı olduğunu birmənalı şəkildə təsdiqləyir.
İstər SSRİ dönəmində, istərsə də müstəqilliyin bərpasından sonra Azərbaycanın inkişaf yoluna nəzər saldıqda görürük ki, ölkəmizin qurtuluşu və tərəqqisi bilavasitə Heydər Əliyevin adı və siyasəti ilə bağlıdır. Azərbaycanın bütün uğurlarında Ulu Öndərin imzası, irsi və ideyaları öz əksini tapmışdır. Heydər Əliyev məqsədyönlü və uzaqgörən siyasət həyata keçirməklə bütün sahələrdə parlaq nailiyyətlərin qazanılmasını təmin edərək yeni Azərbaycan reallığını və ölkəmizin parlaq gələcəyinin etibarlı bünövrəsini yaratmışdır. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.”
Heydər Əliyev tarixi və siyasi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə xüsusi önəm verməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan çox mühüm təşəbbüslər irəli sürüb. Onun xalqımızın zəngin ənənələrinə və dəyərlərinə, dövlətçilik maraqlarına uyğun və dövrün çağırışlarına adekvat cavab verən gender siyasəti də bu baxımdan xüsusi vurğulanmalıdır. Gender siyasəti Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması istiqamətində atılan addımların tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ulu Öndər həmişə gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirib.
Xüsusi qeyd etmək lazımdır ki, “Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır”, - deyən Heydər Əliyev hələ Sovet İttifaqı dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirmişdir. Eyni zamanda, öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirərək respublikanın inkişafına layiqli töhfələr verən qadınların səmərəli fəaliyyətinin davamlı olması üçün Heydər Əliyev önəmli stimullaşdırıcı tədbirlər həyata keçirmişdir. Peşə fəaliyyətində fərqlənən qadınların mükafatlandırılması, müxtəlif adlarla təltif olunması və bir sıra digər addımlar bu baxımdan böyük əhəmiyyətə malik olmuşdur.
Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi, sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə də milli-mənəvi dəyərlərə, milli maraqlara və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan məqsədyönlü gender siyasəti həyata keçirilmişdir. Bütün çətinliklərə baxmayaraq, Ulu Öndər Azərbaycan qadınını heç vaxt unutmurdu, qadınların cəmiyyət həyatında rolunun artırılmasına xüsusi diqqət yetirirdi. Eyni zamanda, Azərbaycan qadınlarının beynəlxalq platformalarda təmsilçiliyinə də Heydər Əliyev xüsusi həssaslıqla yanaşırdı. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni, fəallığı və yüksəlişi ilə fərqlənən mərhələ başlanıb: “1994-cü ildə Heydər Əliyev “Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar milli komitə yaradılması haqqında” Fərman imzaladı və Azərbaycan qadınları bu konfransda yüksək səviyyədə təmsil olundu. Bu da respublika qadın cəmiyyətinin formalaşmasına güclü təkan verdi. 1995-ci ilin iyun ayında ölkəmiz BMT-nin “Qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğv edilməsi haqqında” Konvensiyasına qoşuldu və öz üzərinə müvafiq öhdəliklər götürdü. Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə islahatlar həyata keçirildi, qanunvericilik bazası formalaşdırıldı, səmərəli hüquq müdafiə mexanizmləri yaradıldı.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi – referendum nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında gender siyasətinin hüquqi əsaslarının təsbit olunmasını bu kontekstdə xüsusi vurğulamaq lazımdır. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının yer aldığı Azərbaycan Konstitusiyasında gender məsələləri də öz əksini tapmışdır. Bununla yanaşı, Heydər Əliyevin imzaladığı bir çox Fərman və sərəncamlar birbaşa və dolayısı ilə qadın hüquqlarının müdafiəsinə yönəlmişdir.
Müdrik dövlət xadimi Heydər Əliyevin müvafiq fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi, Azərbaycanın “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulması və digər addımlar gender siyasətinin səmərəliliyini təmin etmişdir. Bir sözlə, Heydər Əliyev irsinin tədqiqi deməyə əsas verir ki, Ümummilli Lider çağdaş gender siyasəti həyata keçirməklə mütərəqqi nümunə yaratmış və beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın müasir və demokratik dövlətlər sırasında layiqli yer tutmasını təmin etmişdir.
Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın haqlarının müdafiəçisinə çevrilib. Ulu Öndər müstəqillik dövründə qadın hüquqlarının qorunması üçün bir çox hüquqi-normativ aktlar, qanunlar təsdiqləyib, mühüm Sərəncam və fərmanlar imzalayıb. Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiya heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd olunub ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Hüquq bərabərliyi bir sıra məcəllələrlə, o cümlədən Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar Məcəlləsində və digər qanunlarla təsbit olunub.
Ölkəmizdə qadın hüquqlarının qanunvericilik çərçivəsində öz həllini tapması üçün beynəlxalq qanunvericiliyin öyrənilməsi vacib məsələlərdən biri idi. Müstəqilliyimizin ən çətin dövründə belə Ulu Öndər bu sahəyə də xüsusi diqqət ayırırdı. Belə ki, Azərbaycan bir sıra beynəlxalq konvensiyaları, protokolları qəbul edərək milli qanunvericiliyimizi təkmilləşdirib. Onun sözlərinə görə, qanunvericilik aktlarında qadın hüquqlarının müdafiəsi, bərabərlik prinsipi, gender yanaşması daim gözlənilib. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyevin xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa-dayaq olub, xalqı ardınca aparıb.
Ulu Öndərin zamanında da yüz minlərlə qadın Yeni Azərbaycan Partiyasına üzv olurdu. Bu proses hazırda uğurla davam edir. Bu gün isə bütövlükdə Azərbaycan cəmiyyəti gender bərabərliyi məsələsinə xüsusi diqqət göstərir. Bu fakt onu göstərir ki, Azərbaycan cəmiyyəti gender bərabərliyinin təmin olunmasında nə dərəcədə maraqlıdır.
Bu gün də Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. Ulu Öndərimiz tərəfindən əsası qoyulan yolun və siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində ölkəmizdə qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təminatı ilə bağlı böyük uğurlara nail olunub. İnsan hüquqlarının tərkib hissəsi olan qadın hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Ölkəmizdə qadın siyasəti sahəsində strategiyaların uğurla davam etdirilməsinə, qadınların ictimai həyatda fəal iştirakına və idarəetməyə cəlb olunmasına xüsusi diqqət yetirilir. Bu xüsusda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət qadın siyasətinin uğurlu inkişafı istiqamətində həyata keçirdiyi mühüm fəaliyyət xüsusi vurğulanmalıdır. Məhz onun rəhbərliyi ilə qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təminatı məsələsinə xüsusi önəm verilir, gender problemlərinin, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində uğurlu layihələr həyata keçirilir.
Bu gün ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Yüksək yaradıcılıq potensialına malik Azərbaycan qadınları, xüsusən gənc qızlar göstərilən inam və etimad müqabilində fəallıq nümayiş etdirirlər. Gələcəyimizə isə daha optimist, daha böyük ümidlərlə baxırıq. Çünki Azərbaycan qadınının möhtəşəm uğurları indidən hər birimizi fərəhləndirir. Bu inamın əsasında isə milli-mənəvi dəyərlərə bağlılıqla müasirliyin ahəngində uğurlar qazanan Mehriban xanım Əliyevanın timsalında gənc qızlarımıza örnək olan Azərbaycan qadınları dayanır.
Cavid Əkbərov, “İki sahil”
Yazı YAP-ın “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında elan edilən “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim etmək üçündür.