17 may 2023 22:15
607

Örnək və ibratəmiz həyat yolu

“Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir”
Heydər Əliyev

 

Möhtərəm Prezidentimiz İlham Əliyev Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirmişdir ki, bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq: “Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi.İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.Mən bu ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə “Heydər Əliyev İli” elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb».

 2023-cü il «Heydər Əliyev İli» elan olunub və ölkəmizdə, dünyanın ayrı-ayrı dövlətlərində dahi şəxsiyyətin Azərbaycan və millətimizlə bağlı gördüyü işlər yada salınır, nəzərdən keçirilir. Ulu Öndərimizin yaşadığı ömür illərinin hamısı öz xalqına və millətinə sədaqətlə xidmətin, onun xoşbəxt gələcəyinin təmin olunması istiqamətində gərgin və möhtəşəm fəaliyyətin ən bariz nümunəsi kimi bütün nəsillərə örnək ola biləcək ibrətamiz həyat yoludur.Heydər Əliyev izi həyatımızın bütün sahələrində mövcuddur. Onun 1969-cu ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan Respublikası inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan nüfuzlu bir dövlətə çevrilmişdir. Müstəqilliyinin ilk illərində ölkəyə nəzarət edə bilməyən dövlət başçılarının səriştəsizliyi nəticəsində istehsal dayanmış, iqtisadi böhran genişlənmiş,   idarəçilik orqanlarının biri-biri ilə qarşılıqlı əlaqələri qeyri-normal vəziyyətdə olmuş, ictimai-siyasi proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdiyi özbaşınalıqların həddi-hüdudu olmamış, dövlət, millət və xalq faktiki parçalanmış, vətəndaş müharibəsi artıq reallığa çevrilirdi.

Belə bir çətin vəziyyətdə hamı yekdil bir qərara gəldi ki, Azərbaycanı bu fəlakətdən yalnız və yalnız Heydər Əliyev zəkası və qətiyyəti xilas edə bilər.1993-cü il 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdaraq, müstəqilliyimizin qorunub saxlanmasına nail oldu, vətəndaş və qardaş qırğınının qarşısını aldı və dinc quruculuq işlərinə başladı. Yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin təklif etdiyi milli dövlət quruculuğu və müasir inkişaf strategiyası özündə bir sıra vacib komponentləri birləşdirirdi: müstəqilliyinin təmin edilməsi və müstəqil siyasətin həyata keçirilməsi; ictimai-siyasi stabillik; iqtisadi inkişaf və güclü iqtisadiyyat; islahatlar və müasir cəmiyyət quruculuğu; suverenlik, ərazi bütövlüyünün bərpası; beynəlxalq münasibətlər sisteminə inteqrasiya; azərbaycançılıq ideyasına əsaslanan milli birlik və həmrəylik; milli ənənələrə və tarixi köklərə bağlılıq.

SSRİ-nin dağılması və sosializm sisteminin süqutu nəticəsində planetimizin siyasi mənzərəsi ciddi şəkildə dəyişmiş və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb olmuşdu. Postsovet məkanında meydana gələn müstəqil dövlətlərin beynəlxalq münasibətlər sisteminin subyektinə çevrilməsi və öz maraqlarını ifadə edən xarici siyasət xəttini həyata keçirməyə başlaması dövlətlərarası münasibətlərin yeni prioritetlərini müəyyənləşdirdi. Bu, bir tərəfdən beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal qarşıdurmanın aradan qalxması ilə səciyyələnmiş, siyasi, iqtisadi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edən və mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra regional mərkəzlərin meydana çıxması ilə müşayiət olunurdusa, digər tərəfdən, müxtəlif dairələr tərəfindən qızışdırılan təcavüzkar separatçılıq meyillərinin güclənməsinə zəmin yaradırdı.

Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, məhz Ona xas olan müdriklik, illərlə toplanmış böyük dövlətçilik təcrübəsi, cəsarət, qətiyyət, ən başlıcası isə doğma Vətənini düçar olduğu bəlalardan xilas etmək istəyi və iradəsi ölkəmizi sürətlə fəlakətə sürükləyən təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə, azadlığa, firavan gələcəyə inamını qaytarmağa qadir olan amilə çevrildi və Azərbaycan böyük fəlakətlərdən xilas oldu.

Zbiqnev Bjezinski Ulu Öndər haqqında demişdir: «Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət- bir sözlə şəksiz liderdir.»

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zaman kəsiyində iqtisadi və  mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq  olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi.Bu baxımdan ilk növbədə əmin-amanlığın, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanması sahəsində ciddi tədbirlər görüldü. Sabit siyasi durum, mənəvi-psixoloji atmosfer şəraitində Azərbaycanın gələcək milli inkişaf strategiyası müəyyənləşdirildi, bu sahədə həyati əhəmiyyət kəsb edən bir çox vacib işlər həyata keçirildi.

«Əsrin müqaviləsi»nin imzalanması, Böyük İpək Yolunun bərpasına başlanması və xarici investisiyanın ölkəmizə cəlb olunması sahəsində görülən səmərəli tədbirlərlə xalqımızın sosial rifahının yaxşılaşdırılmasının, iqtisadiyyatın dirçəlişinin əsası qoyuldu, dövlətimizin ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan Silahlı Qüvvələr formalaşdı.

Ömrünü xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının hazırlanmasına verdiyi əvəzsiz töhfə olmuşdur. Ulu Öndər yeni Konstitusiyanı hazırlayan komissiyanın üzvlərinə müraciət edərək bildirmişdir: «Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun».

Aparılan bu böyük işin yekunu olaraq yeni Konstitusiya layihəsi 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsinə çıxarılmış və 1995-ci ilin noyabrın 12-də isə müstəqil və suveren Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir.

Bəllidir ki, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir.İnsan hüquqlarına hörmət, onların qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Heç də təsadüfi deyil ki, «Əsas hüquqlar, azadlıqlar və vəzifələr» adlanan 2-ci bölmə 2 fəsildən- 41 maddədən ibarət olmaqla, həcminə görə Konstitusiyamızın ən böyük bölməsidir.

Hələ 1996-cı ilin iyununda ölkəmiz Avropa Şurasının Parlament Assambleyasında xüsusi dəvətli qonaq statusu almış və həmin ilin iyul ayının 13-də Azərbaycan rəhbərliyi tamhüquqlu üzv olmaq barədə Avropa Şurasına rəsmən müraciət etmişdir. Avropa Şurasının üzvü olan ölkələrin 1997-ci ilin oktyabr ayında Strasburqda keçirilən ikinci sammitində Ümummilli Liderimizin iştirakı ilə ölkəmizin bu qurumla əməkdaşlığının tarixində yeni dövrün başlanğıcı qoyuldu. Bu əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir sıra mühüm Fərman və sərəncamlar imzalandı. 1998-ci ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv olundu və bundan başqa, ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşuldu.2001-ci ilin yanvar 17-də Azərbaycan bu beynəlxalq quruma üzv qəbul edildi və Ulu Öndərimiz yanvar ayının 25-də Strasburqda, Avropa Şurasının iqamətgahı qarşısında üçrəngli bayrağımızı qaldırdı.        

Bununla da ölkəmizdə hüquq islahatlarının uğurla aparılması, demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi kimi bəşəri dəyərlərə dönmədən əməl olunması özünün layiqli qiymətini aldı.

Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurasının üzvü olmaqla, ölkə parlamenti «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasını  ratifikasiya etmiş, 15 aprel 2002-ci il tarixdən Konvensiyanın hüquqi qüvvəsi Azərbaycan Respublikasının ərazisinə şamil edilmiş və bununla Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər bir şəxsin İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququ yaranmışdır.

Məhz Ulu Öndərimizin səyi nəticəsində Azərbaycan diasporunun yaradılmasına başlanmış, bununla əlaqədar Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradılmış və nəticədə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Ulu Öndərimizin 2001-ci ilin noyabrın 9-da Dünya Azərbaycanlıların 1 Qurultayında proqram xarakterli çıxışı  xaricdə yaşayan soydaşlarımız üçün gələcək  fəaliyyət bazasına çevrilmişdir.

Müstəqil dövlətmizin keçdiyi onillik inkişaf yolu haqqında danışan Ulu Öndər deyirdi: «Azərbaycanın biz bir çox ağır və çətin məsələlərini həll etdik və qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadiyyatı, intelektual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin xoşbəxt və firavan olmasını təmin edəcəkdir .Əmin ola bilərsiniz ki, bu yol, qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır».

Qeyd olunan tədbirdə Ümummilli Liderimiz demişdir:«Bizim hamımızın bir vətəni var- bu, Azərbaycan dövlətidir.Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, Milli ənənələrini unutmamalıdır.Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Sonradan Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlıların II Qurultayı bu sahədə görülən işlərin düzgün məcrada olmasını bir daha təsdiq etdi. 

Uinston Çerçill siyasətçini böyük dövlət xadimindən onunla fərqləndirmişdir ki, siyasətçi gələcək seçkilər, əsl insan,  böyük dövlət xadimi isə gələcək nəsillər haqqında düşünür.

Göründüyü kimi, müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsinin təmin olunması, siyasi plüralizm, üçpilləli məhkəmə sisteminin yaradılması, Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbul edilməsi, Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlanması, azərbaycançılıq, milli özünüdərk ideyasının gücləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyahını sonsuzluğa qədər uzatmaq mümkündür. Dahi şəxsiyyətin Azərbaycanın ictimai həyatında nüfuz etmədiyi sahə demək olar ki, yoxdur. Lakin yuxarıda sadalananlar azərbaycançılığı, dövlətçiliyi, millətçiliyi və bütövlükdə Azərbaycanın maraqlarının müdafiəsini  daha qabarıq şəkildə özündə əks etdirən hadisələrdir.

Respublikamızda həyata keçirilən hüquq islahatlarının əsas qayəsi və məqsədi kimi hüquq-mühafizə orqanlarının müstəqilliyinin və maddi-texniki təminatının təmin edilməsini önə çəkən Ulu Öndərimiz Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyasının yaradılması barədə Sərəncam imzalamışdır. Həmin komissiya tərəfindən beynəlxalq standartlara uyğun hazırlanmış «Konstitusiya məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və s.qanunların qəbulu məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində xüsusi əhəmiyyət daşımışdır.

Ulu Öndərimizin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, məhkəmələrdə dövlət ittihamının mütərəqqi prinsiplər əsasında həyata keçirilməsi istiqamətində mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin mövcud Konstitusiyaya uyğunlaşdırılması olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşdırılması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı - Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Müstəqil respublikamızın Konstitusiyasında ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur. Prokurorluq orqanlarının ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, qanunçuluğun təmini, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin “Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir.

 

Ümummilli Liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi hakimiyyət orqanları arasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin təzahürü idi.

Ulu Öndərimiz Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə «Prokurorluq haqqında» Qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə zəmin yaratmış, prokurorluq orqanlarının müasirləşdirilməsini, onların məhkəməyədək icraat zamanı cinayət təqibi çərçivəsində insan hüquq və azadlıqlarının  real təminatçısına çevrilməsini təmin etmişdir.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarının da inkişafı, peşəkar kadr korpusunun formalaşdırılması, bu orqanın məzmunca demokratik və sivil bir orqana çevrilməsi Ulu Öndərimizin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun əməkdaşları ilə keçirdiyi görüşdən sonra hərtərəfli islahatlara start verilmiş, keçirilən tədbirlər nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi, mövcud olan nöqsanların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması, milli maraqların qorunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, cinayət təqibi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi təmin edilmişdir. 

Bu gün mahiyyətcə yenidən formalaşmış və demokratik cəmiyyətə xas sivil bir orqan kimi - müstəqil Azərbaycan prokurorluğu hüquq-mühafizə orqanları, eləcə də bütün digər dövlət təsisatları arasında yüksək səlahiyyətlərə, cinayətkarlığa qarşı mübarizədə prinsipial mövqeyə malik çevik və mükəmməl bir qurum kimi öz funksiyalarını yerinə yetirir.

«Prokurorluq peşəsi ağır, çətin peşədir.Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edirəm siz həmişə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram». Yeni Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublika prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda dediyi bu sözlər bir tərəfdən yüksək etimadın nümayişi olsa da, digər tərəfdən prokurorluq əməkdaşlarının üzərinə qoyulan böyük məsuliyyətin təzahürü idi.Bu baxımdan hər bir prokurorluq əməkdaşı bu məsuliyyəti daim hiss etməli,  bu yüksək etimadı əməli və ləyaqətli işi ilə  doğrultmalıdır.

Xalqımızın lideri, ümumbəşəri şəxsiyyət Heydər Əliyev dövlətimizin müstəqilliyinin sarsılmazlığı, dönməzliyi və əbədiliyi üçün bütün mümkün olanları etmiş və xalqımıza özündən sonra demokratik və sivil bir dövlət qoyub getmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: «Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız - bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq».

Heydər Əliyevin siyasi dühasının məhsulu və yaratdığı şah əsəri müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadiqlik nümayiş etdirən, doğma xalqına xidməti həyat amalı kimi qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü dövlətçilik siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilmiş, əhalinin həyat səviyyəsinin durmadan yüksəlməsinə təminat yaradan dayanıqlı iqtisadi tərəqqiyə nail olunmuş, demokratik dəyərlərin daha da geniş vüsat alması ilə sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması istiqamətində irəliyə doğru inamlı addımlar atılmışdır.

Möhtərəm Prezidentimiz 2022-ci ilin 12 oktyabr tarixində Bişkek şəhərində Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin açılışındakı çıxışında bildirmişdir: «Biz uçurumun kənarında idik, qonşu ölkənin işğal, hərbi təcavüzü nəticəsində təkcə əraziləri itirmirdik, həm də hərc-mərclik və qardaş qırğını, vətəndaş müharibəsi faciəsi ilə üz-üzə idik.Ən ağır müharibə vətəndaş müharibəsidir. Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib.Yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının ona inamı sayəsində o, qardaş qırğınını dayandırdı, Azərbaycanın iflasa sürüklənməsinin, gənc respublikamızın parçalanmasının qarşısını aldı, Azərbaycanı inkişaf yoluna çıxardı, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, investisiyaların cəlbinə, müasir Azərbaycan Ordusunun təməlini qoymağa nail oldu. Bu səbəbdən də biz deyəndə ki, bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir, biz tamamilə haqlıyıq. Biz onun davamçılayırıq, əlbəttə, vəziyyətin spesifikliyi nəzərə alınmaqla, dəyişən dünya nəzərə alınmaqla, Azərbaycanın müasir imkanları nəzərə alınmaqla onun yolu ilə gedirik. Onun bizə etdiyi vəsiyyətlərdən biri ərazi bütövlüyünün bərpası idi ki, biz bunu iki il əvvəl şərəflə yerinə yetirmişik».

Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq-mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti ortaya çıxmışdır.

Bu zərurət 1 may 2020-ci il tarixdə cənab Prezident İlham Əliyevin yeni təyin olunmuş Baş prokuror cənab Kamran Əliyevi videoformatda qəbulu zamanı bir daha diqqətə çatdırılmış, prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur. Dövlət başçısı proqram xarakterli çıxışında xüsusilə  vurğulamışdır ki, bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var və Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

Beləliklə, prokurorluqda genişmiqyaslı islahatların aparılması məqsədilə yüksək ixtisaslı kadr korpusunun formalaşması mühüm şərt kimi qeyd olunmuşdur. Keyfiyyətli təhsilə malik, gənc, peşəkar, savadlı, müasir  və innovativ düşüncəli kadrların önə çəkilməsi, onların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda, dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi vacib məqamlar kimi vurğulanmışdır.

Dövlət başçısının verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq icra edilməsi istiqamətində səmərəli tədbirlər görülməkdədir. Göstərişlərdən irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatların həyata keçirilməsinə başlanılmış, qısa zaman ərzində struktur və bir sıra kadr islahatları həyata keçirilmişdir. Hazırda bu proses intensiv olaraq uğurla davam etdirilir.

Bu gün dövlət başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə müasir məzmunlu islahat tədbirləri davam etdirilməklə şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən sosial məsələlərə xüsusi önəm verilməsi böyük uğurların əldə olunmasına, insanlara göstərilən qayğının yüksək həddə çatdırılmasına şərait yaratmış, sosial yönümlüyə üstünlük ölkənin dövlət siyasətinin başlıca istiqamətinə çevrilmişdir.

44 günlük müharibədəki şanlı Zəfərimiz xalqımızın Ali Baş Komandanı İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, dövlətimizi, dövlətçilik ənənələrini necə dəstəklədiklərini bir daha əyani qaydada sübut etdirdi. Qələbəmizin ərsiyə gəlməsində hər bir azərbaycanlının, o cümlədən prokurorluq əməkdaşlarının öz töhfəsi olmuşdur. Təsadüfi deyil ki, 30.12.2020-ci il tarixdə «Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı müharibə dövründə prokurorluq əməkdaşlarının əməyinə dövlət səviyyəsində verilən qiymətin təzahürü olmaqla, qarşımızda yeni vəzifələr müəyyən etmişdir. 8 fevral 2021-ci il tarixində ölkə Prezidenti İlham Əliyev Baş Prokurorluğun yeni inzibati binasına gələrək,  burada yaradılan şərait və 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə tanış olmuşdur.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 aprel tarixli Qanuna uyğun olaraq Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılması qərara alınmışdır. Hazırda bu sistemin hazırlanması və tətbiqi istiqamətində işlər davam etdirilir.

Əminik ki, bu sistemin prokurorluqda yaradılması və fəaliyyətə başlaması dövlətimizin başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq prokurorluq tərəfindən innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər sırasındadır. Bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, iş keyfiyyətinin və şəffaflığın artırılmasına, bütövlükdə prokurorluğun fəaliyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlmiş olacaqdır.

Möhtərəm Prezidentimizin Azərbaycanın incisi olan Şuşanın azad olunması ilə bağlı televiziya vasitəsi ilə xalqımıza müraciətində ata vəsiyyətinin yerinə yetirilməsi və Şuşanın erməni işğalından azad olunmasını səsləndirməsi hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu.

2021-ci ilin 15 iyun tarixində qardaş Türkiyə ilə daha bir möhtəşəm Bəyannamə bağlandı. Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının müstəqillik, suverenlik, eyni zamanda, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin bərqərar olması, möhkəmləndirilməsi üçün siyasi və hüquqi mexanizmləri özündə ehtiva edir.Şuşa Bəyannaməsi regionumuzda sülh və rifahı bərqərar edəcək və sabitliyin qarantı kimi çıxış edəcəkdir.

Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Bu əbədiyaşarlığı daim təmin etmək, Azərbaycanın yüksək nailiyyətlər əldə etməsi üçün hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür.

Hazırda müasir Azərbaycan prokurorluğunun fəaliyyəti üçün beynəlxalq standartlara cavab verən zəruri normativ-hüquqi baza mövcuddur. Qanunla nəzərdə tutulan səlahiyyətlər çərçivəsində dövlət maraqlarının müdafiəsinə xidmət edən dövlət fəaliyyətinin xüsusi növü kimi prokuror nəzarətinin səmərəli və keyfiyyətlə həyata keçirilməsi, onun səviyyəsi, şəffaflığı, əlçatanlığı və təsir dairəsi hakimiyyətin nüfuzundan xəbər verir. Bu gün prokurorluğun qarşısında duran ən prioritet vəzifələrindən biri vətəndaşlarımızın hüquq və azadlıqlarının dolğun və etibarlı müdafiəsidir. Qeyd olunanlar  isə dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə bilavasitə xidmət edir.

Həyatının mənasını ancaq xalqa, ən böyük xoşbəxtliyi isə dövlətə sədaqətlə xidmətdə və xalqa məhəbbətlə yanaşmada görən və azərbaycanlı olması ilə həmişə fəxr edən Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətinə hərtərəfli dəstək olmaqla, ölkəmizin xoşbəxt gələcəyi naminə məqsədyönlü fəaliyyətimizi davam etdirməyi, müasir Azərbaycan prokurorluğunun formalaşması, təşkili və onun fəaliyyət istiqamətlərinin bünövrəsi məhz Ulu Öndərin adı ilə bağlı olması hər bir prokurorluq əməkdaşının bundan sonra da üzərinə düşən vəzifələri daha əzmlə, keyfiyyətlə və layiqincə yerinə yetirməyi zəruri edir.

Bu gün Azərbaycanın ərazi bütövlüyü, Şuşada qürurla dalğanan milli bayrağımız, milli dövlətimiz, müstəqilliyimiz, suverenliyimiz, dünya xalqları arasında öz layiqli yerimizi tutmaq naminə apardığımız 30 illik mücadilənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir.  Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizi əməli işimizlə sübut etməklə, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil dövlətimizi qoruyub yaşatmaq və daha da inkişaf etdirmək bizim ən əsas vəzifəmizdir.

Sərdar İmanov,
Xətai rayon prokuroru,
Baş ədliyyə müşaviri