16 may 2023 16:20
411

Heydər Əliyev nadir idarəçilik istedadı nümayiş etdirdi- Züqanov

“Sovet dövründə Qorbaçov hakimiyyətə gələndən sonra qısa zamanda bütün rəqiblərindən qurtulmağa başladı. Heydər Əliyev isə daha güclü idi. Milli faciə baş verəndə, ölkə parçalanmağa başlayanda, hamı öz cibinin xeyrini güdəndə Heydər Əliyev iradə və xarakter nümayiş etdirdi, ölkəyə rəhbərlik etdi və nadir idarəçilik istedadı göstərdi”.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbulda deyib.

G.Züqanov qeyd edib ki, Heydər Əliyev ən effektiv böhran idarəçisi olub: “Belə səbəbkarla fəxr etməlisiniz, bəxtiniz gətirib”.

Partiya rəhbəri Bakı ilə bağlı təəssüratlarından da danışıb: “Şəhər və respublika məndə çox parlaq təəssürat yaratdı. Bakının necə bacarıqla və ağıllı şəkildə salınmasına sevindim. Dünyanın heç bir yerində belə sahilyanı yer yoxdur. Siz dənizi, şəhəri, çimərliyi və yaxşı şəraiti birləşdirməyi bacarmısınız”.