“Heydər Əliyev Türk dünyasının birliyində böyük rol oynayıb, tarixin müxtəlif dövrlərində bir-birindən ayrı düşmüş türk dünyasının birləşdirilməsi naminə yorulmaz səylər göstərib”.
“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında TürkPA Baş katibi Mehmet Süreyya Er bildirib.
Mehmet Süreyya Er deyib ki, Heydər Əliyev siyasi kursunun mühüm istiqamətlərindən biri olan Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının inkişafı Azərbaycan xarici siyasətində müstəsna yer tutmaqdadır: “İnstitusional çərçivədə hərtərəfli inkişaf edən türk əməkdaşlığının hazırkı səviyyəsinin kökündə türk birliyi ideyasının müəlliflərindən olan Heydər Əliyev kimi dahi şəxsiyyətlərin yorulmaz fəaliyyəti və zəhməti dayanır. Onun uğurlu siyasəti və diplomatiyası sayəsində Azərbaycanın qardaş dövlətlərlə dərinləşən və genişlənən əlaqələri hazırkı ölkə rəhbərliklərinin iradəsi və əzmi ilə yeni mərhələyə qədəm qoyaraq, həm ikitərəfli, həm çoxtərəfli müstəvilərdə daha da inkişaf etməkdədir. Bu gün əminliklə onu da deyə bilərik ki, türk dövlətləri arasında əlaqələrin inkişafının daha da dərinləşməsində parlament diplomatiyası öz sözünü deyir. Heydər Əliyevin türk dünyasının birliyində rolu və misilsiz xidmətləri bir çıxışa sığmayacaq qədər böyükdür. Türk dünyasının dahi oğlu Heydər Əliyevə sevgi və rəğbət onun xatirəsinin böyük ehtiramla anılmasında özünün aydın ifadəsini tapır”.