16 may 2023 10:39
447

Almaniyada Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markaları dərc olunub

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərpoçt” MMC-nin sifarişi əsasında Almaniyanın Federal Nəşriyyatı (Bundesdruckerei) tərəfindən poçt markaları dərc olunub.

Azərbaycanın Almaniyadakı səfirliyindən "İki sahil"ə verilən xəbərə görə, poçt markaları Federal Nəşriyyatın nümayəndələri tərəfindən Azərbaycanın Almaniyadakı səfirliyində səfir Nəsimi Ağayevə təqdim edilib. N.Ağayev belə bir nəcib layihənin ərsəyə gətirilməsində göstərdiyi səylərə görə Federal Nəşriyyata minnətdarlığını bildirib.

Sözügedən markalar arasında say cəhətdən məhdud olan və hər biri nömrələnmiş bir markadan ibarət blok cəmi 2000 tirajla çap olunub. Markanın tərtibatına xüsusi diqqət yetirilib. Belə ki, poçt blokunun üzərində Heydər Əliyevin fotosu və onun dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sitatı qızılı folqa ilə basma üsulunda çap olunub.

Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq üzərində “QR-kod” yerləşdirilərək, 300 000 tirajla poçt markası çap olunub və dövriyyəyə buraxılıb. Ulu Öndər haqqında məlumatın əcnəbilər arasında geniş yayılması məqsədilə “QR-kod” vasitəsilə H.Əliyev haqqında https://president.az/ saytında ingilis dilində yerləşdirilmiş məlumata keçid verilib. Çap olunan digər markalar blok və kiçik vərəq şəklində hazırlanıb. Dizayn baxımından müasir üslubda tərtib olunan poçt markalarının üzərində Ümummilli Liderin müxtəlif dövrlərdə çəkilmiş fotolarından istifadə olunub. Layihə üzərində iki rəssam-dizayner – Nəriman Məmmədzadə və Orxan Qarayev çalışıb.

Qeyd edək ki, 250 illik tarixə malik Federal Nəşriyyat Almaniyanın dövlət sifarişləri əsasında pasportlar, banknotlar, şəxsiyyət vəsiqələri və digər dövlət əhəmiyyətli vacib sənədlərin çapı ilə məşğuldur.