15 may 2023 22:58
559

Ulu Öndərin “Dədə Qorqud” missiyası

1999-cu ilin 21 fevralında Azərbaycan Prezidentinin Sərəncamı  ilə “Kitabi-Dədə Qorqud”un  1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradıldı ki, həmin komissiya  Azərbaycan xalqına, eləcə də bütün türk dünyasına mənsub möhtəşəm eposun geniş miqyasda təbliği üçün Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə qısa zamanda  böyük tədbirlər həyata keçirdi. 2000-ci ilin 8 aprelində Bakıda “Gülüstan” sarayında  türkdilli ölkələrin dövlət başçılarının VI Zirvə  görüşü, 9- da isə Respublika sarayında təntənəli yubiley mərasimi oldu.

Zirvə görüşündəki nitqində Azərbaycan Prezidenti möhtərəm qonaqları salamladıqdan sonra dedi: “Bizim Zirvə görüşlərimiz daha bir nəcib ənənənin təməlini qoymuşdur. Bu, dahi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin  korifeylərinin, bəşər mədəniyyətinin  inciləri  sayılan milli eposlarımızın əlamətdar  ildönümlərini, xalqlarımızın həyatındakı mühüm və tarixi hadisələri birlikdə bayram etməyimizdir. “Manas” eposunun 1000, Əmir Teymurun  660, Məhəmməd Füzulinin 500, Abay Kunanbayevin 150 illiyinin, Qazaxıstanın yeni paytaxtı Astananın açılışının birlikdə bayram edilməsi buna əyani sübutdur.

Sabah aprelin 9- da isə biz türkdilli xalqların  milli eposu, ümumi sərvətimiz olan “Kitabi- Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunan yubiley mərasimlərində iştirak edəcəyik”.

Türk xalqları ədəbiyyatının, elminin, mədəniyyətinin həm milli, həm də ümumbəşəri kontekstdə (və miqyasda) dəyərləndirilməsinə həmişə (və tamamilə haqlı olaraq) önəm verən Ulu Öndər əlavə etmişdir ki, “belə yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd  xalqımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir. Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə biz nümayiş etdirdik ki, İbn Sinanın, Nizaminin, Nəvainin, Yunus İmrənin, Füzulinin, Məhtimqulunun, Mahmud Kaşğarinin, Abayın, bir çox başqa dahilərimizin yaradıcılığı, “Kitabi- Dədə Qorqud”, “Manas”, “ Alpamış” kimi ölməz dastanlar təkcə bizim xalqlarımıza məxsus deyil. Onlar həm də bütün bəşəriyyətin mədəni sərvətidir”.

Milli mədəni irsə dərin fəlsəfi mövqedən dəyər verən böyük mütəfəkkir burada biri digəri ilə  dialektik əlaqədə olan iki məsələyə aydınlıq gətirir ki, hər ikisi türk mədəniyyəti tarixinə müasir münasibət baxımından olduqca əlamətdardır:

1) Hər bir xalq öz etnik- mədəni irsini araşdırmağa, onu bütün təfsilatı ilə mənimsəməyə, tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblər üzündən  unutmağa, yaxud unutdurulmağa məhkum olduğu dəyərləri çox qiymətli mənəvi xəzinə kimi yaddaşında bərpa etməyə borcludur;

2) Öz mədəniyyətinin tarixini yaxşı bilməyən, öz milli-mənəvi irsinə yetərincə sahib çıxmayan xalq bütünlükdə üzvi tərkib hissəsi olduğu  bəşəriyyətin ümumi dəyərlər  xəzinəsini verməli olduğu töhfələrdən məhrum edir.

Odur ki, türk xalqları bu gün, bir tərəfdən,  mədəni keçmişlərini öyrənməyi, digər tərəfdən, onu dünya miqyasında təbliğ etməyi öz qarşılarına məqsəd qoymalı, bu sahədəki mövcud boşluqları aradan qaldırmalı, siyasi müstəqilliyin heç nə ilə müqayisəyə gəlməyən imkanlarından  vaxtında, elmi- intellektual əsaslar və modern təsisatlarla istifadə etməlidirlər.

Həmin gün (8 aprel 2000- ci il) qəbul edilmiş Bakı Bəyannaməsində ayrıca olaraq göstərilir ki, “dövlət başçıları Bakıda yüksək səviyyədə altıncı görüşün  “Kitabi- Dədə Qorqud” dastanının  1300 illik yubileyinin bayram edildiyi dövrdə keçirilməsini alqışlayaraq, elm, mədəniyyət, təhsil,  informasiya mübadiləsi sahəsində əməkdaşlıqdan məmnun qaldıqlarını ifadə etmiş, ölkələri arasında bu əlaqələrin daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildirmiş, türkdilli dövlətlərin xalqlarının ümumi tarixinə, mədəniyyətinə aid olan və dünya əhəmiyyətinə malik əlamətdar tarixlərin bayram edilməsinə dair birgə proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində TÜRKSOY təşkilatının fəallığını yüksəltməyin zəruriliyini qeyd etmişlər”.

Yeri gəlmişkən, Zirvə görüşü başa  çatdıqdan sonra onun yekunlarına dair keçirilən birgə mətbuat konfransında türk birliyinin möhkəmlənməsində tarixi xidmətləri olan Türkiyə Prezidenti Süleyman Dəmirəl öz bəyanatında demişdir:

“Türkdilli ölkələrin başçılarının bu gün Bakıda keçirilən VI Zirvə toplantısı ölkələrimiz arasındakı həmrəyliyi, qarşılıqlı sevgi və hörməti daha da gücləndirmiş, eyni tarixi və mədəniyyəti paylaşan, fərqli ləhcələrdə də olsa eyni dildə danışan ölkələr XXI əsrə  istiqamətlənən tale və könül birliyi nümayiş etdirmişlər. XXI əsrə  qədəm qoyarkən türkdilli ölkələrin həmrəyliyinin əhəmiyyətini bir daha ifadə etmək istəyirəm... Önümüzdəki on il ərzində bölgədə ötən on ildəkinə nisbətən daha mühüm dəyişikliklər olacaqdır. Mədəni dünya ilə inteqrasiya baxımından da mühüm dəyişikliklər olacağına inanıram. Böyük bir fikir bərabərliyi içindəyik. Bunu ifadə etməkdən xüsusi məmnuniyyət duyuram”.

Olduqca anlamlı, qədim türk epos ənənələrinə sədaqət baxımından son dərəcə mənalıdır ki, türkdilli dövlətlərin başçılarının şərəfinə təşkil edilmiş rəsmi qəbuldakı nitqində Ulu Öndər Heydər Əliyev demişdir: “Bizim xalqlarımızın müştərək milli, mənəvi dəyərləri, ənənələri vardır. Keçmiş adət- ənənələrimizə görə, hər ailədə bir ağsaqqal olur. Bizim bu Birliyimizi bir ailə hesab etmək olar. Bu ailənin də  ağsaqqalı, türkcə desək, abimiz, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəldir. Türkdilli ölkələrin bütün dövlət başçılarının ona hədsiz sevgisi və məhəbbəti vardır”.

Aprelin 9-da Respublika sarayında türk dövlət başçılarının iştirakı ilə “Kitabi- Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş  yubiley mərasimi keçirilmiş, həmin mərasimdəki nitqini Ümummilli Liderimiz bu sözlərlə başlamışdır: “Bu gün Azərbaycan xalqı möhtəşəm “Kitabi- Dədə Qorqud” eposunun 1300 illiyini  böyük bayram kimi təntənə ilə qeyd edir. Bu yubiley bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli- mənəvi  dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilli­yimizin bayramıdır”.

Ulu Öndər Heydər Əliyev eposun yaranma tarixi barədə bəhs edərkən bu nəhəng, genişmiqyaslı yaradıcılıq prosesini Azərbaycan  xalqının ümumi təşəkkül, inkişaf tarixi kontekstində dəyərləndirməklə etnos- epos münasibətlərinin dialektikasına dahiyanə bir aydınlıq gətirmişdir: “Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan “Kitabi- Dədə Qorqud” 1300 ildir ki yaşayır. Əgər 1300 ildən öncə “Kitabi- Dədə Qorqud” dastanının yaranması üçün xalqımızın nə qədər səylər qoyduğunu və nəhayət bu tarixi abidəni yaratdığını nəzərə alsaq, onda təəvvür edə bilərik ki, bizim xalqımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır”.

Heydər Əliyev eposun bütün  çətinliklərə, məhdudiyyətlərə  rəğmən xalqlarımızın yaddaşından, heç zaman silinmədiyini xatırlatmaqla  yanaşı, demişdir: “Ancaq onu da qeyd etmək lazımdır ki,  biz “Kitabi- Dədə Qorqud”un 1300 illik tarixinə yüksək qiymət verərək etiraf etməliyik ki, son üç il ərzində Azərbaycanda “Kitabi- Dədə Qorqud” irsinin öyrənilməsi, tədqiq  edilməsi, təbliğ olunması sahəsində böyük işlər görülmüş və bunlar “Kitabi- Dədə Qorqud”u bizim xalqımıza, bütün türk dünyasına, türkdilli xalqlara tanıtmış və onun nə qədər zəngin sərvət olduğunu dünyaya nümayiş etdirmişdir”.

Türkdilli ölkələrin dövlət başçılarının VI Bakı Zirvə görüşündə də “Kitabi- Dədə Qorqud” barədə fəxrlə bəhs olunduğunu mərasim iştirakçılarının nəzərinə çatdıran Ulu Öndər əlavə etmişdir ki, “bu yubileyə daha da çox əhəmiyyət verən, onun səviyyəsini qaldıran odur ki, biz onu türkdilli dövlətlərin başçıları ilə birlikdə  keçiririk”.

Dünyanın müxtəlif ölkələrindən “Kitabi-Dədə Qorqud”un bilavasitə vətəninə təşrif buyurmuş  nüfuzlu qonaqları – ictimai-siyasi xadimləri, elm adamlarını, ədəbiyyat-incəsənət xadimlərini salamladıqdan sonra Heydər Əliyev demişdir: “Kitabi-Dədə Qorqud” bizim ana kitabımızdır. Dədə Qorqud bizim ulu babamızdır, əcdadımızdır. Biz fəxr edirik ki, “Kitabi- dədə Qorqud” kimi tarixi abidəmiz  vardır. Fəxr edirik ki, Dədə Qorqud kimi ulu əcdadımız vardır.

“Kitabi- Dədə Qorqud” xalqları, millətləri daim birliyə, sülhə dəvət edibdir. 1992- ci ildə Türkdilli Dövlətlər Birliyinin yaranması Dədə Qorqud vəsiyyətlərinin yerinə yetirilməsinin parlaq nümunəsidir.

Biz dövlət müstəqilliyini əldə edəndən, milli azadlığımıza çatandan sonra bu  Birliyin təmin olunması üçün böyük imkanlar əldə etmişik və bu Birliyin bizim xalqlarımız üçün nə qədər əhəmiyyətli olduğunu dərk etmişik”.

Ulu Öndər özünəməxsus dərinməzmunlu nitqini bu müdrik, qürurverici və səfərbəredici sözlərlə başa çatdırmışdır: “Kitabi- Dədə Qorqud” yubileyinin ən böyük mənası, əhəmiyyəti ondan ibarətdir ki,  bu, bizim milli azadlığımızı, dövlət müstəqilliyimizi, sərbəstliyimizi bir daha nümayiş  etdirir. “Kitabi- Dədə Qorqud” vəsiyyətləri bizə deyir ki, daim müstəqillik yolu ilə getmək, Azərbaycanın milli azadlığını və dövlət müstəqilliyini əbədi etmək bizim hər birimizin qarşısında duran ali məqsəddir. Bu məqsədə nail olmaq üçün mən sizin hamınıza, bütün Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına böyük uğurlar arzulayıram”.

Əlbəttə, yalnız dahilər həm tarixi müasirləşdirməyin, həm də müasirliyi tarixiləşdirməyin ən  parlaq örnəklərini verməyə, mədəni irsi canlandıraraq onun dünəndən bu günə (və gələcəyə) hərəkətini təmin etməyə qadirdirlər. Əslində,  bu, onların elə bir heyranedici missiyasıdır ki, bunsuz bəşər tarixi öz yerində sayardı.

Yubiley şərəfinə təşkil olunmuş rəsmi qəbulda Ümummilli Lider iki gün ərzində keçirilən yüksək səviyyəli tədbirlərə yekun vurarkən bildirmişdir ki, türkdilli xalqların milli oyanışı, dirçəlişi, dövlət müstəqilliyini əldə etməsi, öz tarixi köklərini dərindən öyrənməsi məhz belə gözəl nəticələr veribdir. “Onun da ən parlaq nümunəsi “Kitabi- Dədə Qorqud” dastanının yubileyini hamımızın bir yerdə, o cümlədən  müxtəlif ölkələrdən Azərbaycana gəlmiş qonaqlarla bir yerdə təntənəli qeyd etməyimizdir. Mən əminəm ki, Türkdilli Dövlətlər Birliyi bundan sonra da yaşayacaq, öz fəaliyyətini genişləndirəcək və xalqlarımızın daha da yaxınlaşması üçün, xüsusən bizim xalqlarımızın  tarixini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət- ənənələrini daha da  dərindən öyrənmək üçün çox böyük faydalar verəcəkdir”.

“Kitabi- Dədə Qorqud”un yubileyinin olduqca möhtəşəm keçdiyini qeyd edən Ulu Öndər  xüsusi olaraq vurğulamışdır ki,  yubiley tədbirlərinin bədii hissəsi “Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, teatr sənətinin, musiqi sənətinin, balet sənətinin,  rəqs sənətinin nə qədər yüksək səviyyədə olduğunu əyani surətdə  göstərdi”.

Ümummilli Lider 2000-ci ilin aprel ayının 14- də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının yekun iclasını keçirərkən görülmüş işlərin böyük tarixi əhəmiyyətini bir daha qeyd edərək göstərmişdir ki, “mən hesab edirəm, biz bu gün “Kitabi- Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar üç il bundan əvvəl başladığımız işə yekun vuraraq hamımız eyni fikirdəyik ki, birincisi, həqiqətən biz bu yubileyin keçirilməsilə əlaqədar düzgün qərar qəbul etmişik. İkincisi, bu üç ildə çox işlər görülübdür. Üçüncüsü, bu yubiley tədbirlərinin son mərhələsi, həqiqətən, həm elmi, həm ictimai, həm siyasi, həm  də bədii nöqteyi-nəzərdən ən yüksək səviyyədə olmuşdur.

Təbiidir ki, bu, xalqımız üçün iftixar hissidir. Şəxsən mən çox qürur hissi keçirirəm ki, xalqımız, millətimiz  öz tarixini, mənşəyini, keçmişini, mədəniyyətinin zənginliyini dünyaya bir daha sübut etdi. Xalqımız özü-özünü tanıdı, dərk etmək yoluna düşdü, haradan gəldiyini, kim olduğunu,  hansı kökdən çıxdığını tamamilə dərk etdi. Ancaq əvvəl dediyim kimi, bu, işin başlanğıcıdır. Biz bu işi davam etdirməliyik”.

Əlbəttə, bütöv bir xalqın tarixi (və taleyi) baxımından olduqca düşündürücüdür ki, əgər “Kitabi-Dədə Qorqud” əsrin ortalarında Mircəfər Bağırovun şəxsində Azərbaycan sovet dövləti tərəfindən “xalqlar arasında ədavət yayan” əsər kimi manqurtcasına qadağan olunmuşdusa, əsrin sonlarında Heydər Əliyevin şəxsində müstəqil Azərbaycan dövləti tərəfindən möhtəşəm milli-mənəvi abidə kimi ən yüksək səviyyədə təqdir edilərək nəinki yalnız Azərbaycan xalqına, bütövlükdə türk dünyasına (və dünyaya!) qaytarıldı.

* * *

Azərbaycan xalqının Ümummilli Lideri, türk dünyasının fəxri  Heydər Əliyevin  ümumtürk mədəni irsini dərindən öyrənmək, həm türk məkanında, həm də beynəlxalq miqyasda təbliğ etmək barədəki fikirləri, mülahizələri, aydın (və hər cəhətdən əsaslı) metodoloji mövqeyi, eləcə də bu sahədə göstərdiyi müqayisəyəgəlməz  xidmətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yeni tarixi  şəraitdə uğurla davam (və inkişaf)  etdirilməkdə, türk xalqlarının mədəni- mənəvi inteqrasiyasına böyük töhfələr verilməkdədir.

Nizami Cəfərov