Bütün dövrlərdə nəqliyyat iqtisadi tərəqqinin aparıcı qüvvələrindən biri olaraq resursların bölüşdürülməsində, mövcud xammal potensialının dövriyyəyə cəlb edilməsində, hazır məhsulların istehlakçılara çatdırılmasında əsas vasitə kimi çıxış edib. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu 1969-1982-ci illərdə nəqliyyat sektorunun inkişafına xüsusi diqqət yetirmişdir. Nəticədə 1969-cu illə müqayisədə 1982-ci ildə bu sektorda yük daşınması 2,0 dəfə artaraq 477,9 milyon ton, yük dövriyyəsi 1,4 dəfə artaraq 57,5 milyard ton-kilometr, sərnişin daşınması isə 1,8 dəfə artaraq 961,5 milyon sərnişin, sərnişin dövriyyəsi 2,0 dəfə artaraq 14,0 milyard sərnişin-kilometr olmuşdur. Bu illər ərzində avtomobil yollarının uzunluğu 20,9 min kilometrdən 23,9 min kilometrə, dəmir yollarının uzunluğu 1811 kilometrdən 1903 kilometrə, magistral neft kəmərlərinin uzunluğu 996 kilometrdən 1034 kilometrədək artmışdır. Artım nəqliyyat vasitələrinin sayında da müşahidə olunmuşdur. Belə ki, 1969-cu il ilə müqayisədə 1982-ci ildə avtomobillərin və metro vaqonlarının sayı 2,6 dəfə artaraq müvafiq olaraq 206,6 min ədəd və 124 ədəd, trolleybusların sayı isə 1,6 dəfə artaraq 333 ədəd olmuşdur.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə metropolitenin cəmi 6 stansiyası və 8,8 kilometr xətti var idi. Sonrakı dövrdə magistral iki dəfədən də artıq böyüdü və 14 yeni stansiya inşa edildi. Beləliklə, Bakıda o dövr üçün 35 kilometrə yaxın mövcud metro xətlərinin 21,5 kilometri məhz Ulu Öndərin vaxtında və birbaşa dəstəyi ilə inşa edildi. Tikinti işlərinin əvvəldən Heydər Əliyevin nəzarətində olması və sonrakı illərdə metronun inşasına ayırdığı diqqət Bakı Metropoliteninin inkişaf salnaməsinin əsasını qoydu. Ən qısa müddətdə “Ulduz” stansiyası istifadəyə verildi. Bu, Heydər Əliyevin respublika rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya olaraq tarixə düşdü. Çox keçmədi, metro xətti böyük sənaye rayonunu mərkəzə yaxınlaşdıran “Ulduz”dan sosial-iqtisadi əhəmiyyətli ərazi kimi “8-ci kilometr” adlandırılan yaşayış sahəsinə çatdı. 1972-ci il noyabrın 6-da 3 stansiya - “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyaları istismara verildi. Bu isə öz növbəsində neçə-neçə iri yaşayış sahəsinin inkişafına təkan verdi.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, dəmiryolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. Azərbaycan dəmiryolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti də məhz Heydər Əliyevin təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983-1987-ci illər ərzində Azərbaycanın dəmir yolu müasir maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir.
Bütövlükdə XX əsrin 70-80-ci illərində Azərbaycanda nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi və yol tikintisi sahəsində Heydər Əliyev tərəfindən həyata keçirilən quruculuq işləri Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb etmişdir.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin ikinci dövründə, 1993-2003-cü illərdə də nəqliyyat sektorunun inkişafına xüsusi diqqət yetirmişdir. Belə ki, 2003-cü ildə bu sektorda yük daşınması 1,5 dəfə artaraq 110,0 milyon ton, yük dövriyyəsi 1,6 dəfə artaraq 22,3 milyard ton-kilometr, sərnişin daşınması isə 1,2 dəfə artaraq 921,0 milyon sərnişin, sərnişin dövriyyəsi 1,1 dəfə artaraq 12,6 milyard sərnişin-kilometr olmuşdur.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə mövcud tənəzzülü dayandırdı, tezliklə tərəqqiyə nail olundu. Bu istiqamətdə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” xüsusilə diqqəti cəlb edir. Məlum olduğu kimi, 1994-cü il sentyabrın 20-də Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. Bununla da milli iqtisadiyyatın inkişafında xüsusi rol oynayan, bütün sahələrdə əldə edilən uğurların əsas təkanvericisi olan “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan “Əsrin müqaviləsi” adlandırılan bu layihə üzrə ilkin neft 1997-ci il noyabrın 12-də hasil edilməyə başlandı. “Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə hasilatın yüksək olacağını nəzərə alan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə dahi şəxsiyyətin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə də, “Üç dənizin əfsanəsi” adlanan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi rifah halının yaxşılaşdırılması və Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün öz töhfəsini verməkdədir.
1998-ci il sentyabrın 8-9-da 32 ölkənin və 13 beynəlxalq təşkilatın iştirakı ilə “Böyük İpək Yolunun bərpası” mövzusunda keçirilən Beynəlxalq Bakı Konfransının qərarı ilə bərpa edilən Böyük İpək Yolunun (BİY), ümumilikdə TRASECA proqramının, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin milli iqtisadiyyatın inkişafında, o cümlədən nəqliyyat sisteminin inkişafında mühüm əhəmiyyəti var. 1993-cü ilin may ayında Brüsseldə təşkil edilmiş konfransda TRASECA Proqramının (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) təşəbbüskarlarından biri də məhz Azərbaycan Respublikası olub. Konfransın yekununda TRASECA Proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib. TRASECA Proqramı çərçivəsində, eləcə də Proqramdan irəli gələn əsas çoxtərəfli sazişin hədəflərinin reallaşdırılması məqsədilə ölkəmizdə çoxsaylı və genişmiqyaslı layihələr həyata keçirilib. Ümumilikdə, istər TRASECA Proqramı, istərsə də Böyük İpək Yolunun bərpa edilməsi XXI əsrin ən mühüm, qlobal əhəmiyyətə malik proqramlarından biri kimi dəyərləndirilir. BİY Qara və Xəzər dənizlərindən keçməklə Avropa və Asiyanı birləşdirərək 54 ölkəni əhatə edir. Sevindirici haldır ki, belə bir iri regional proqramın – TRASECA Proqramının Daimi Katibliyi Bakı şəhərində yaradılıb.
XXI əsrdə Azərbaycanın neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilməsi məqsədi ilə 2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə rəsmi səfəri etmişdi və səfər zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" və həmin ilin sentyabrın 29-da Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş" imzalanmışdır. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Beləliklə, Azərbaycan Qərb üçün qlobal enerji təklükəsizliyinin təminatçısına çevrildi. Əraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində xərclərə qənaət edilməsinə nail olmaq məqsədilə bu kəmər BTC neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunmuşdur. Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri Gürcüstandadır.
Əsası Ulu Öndər tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyası bu gün Heydər Əliyevin mənəvi-siyasi irsinin ən layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Gülbala Quliyev,
Dövlət Statistika Komitəsinin Xidmət statistikası şöbəsinin müdiri