SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” törəmə şirkəti “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası təşkil edib. Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun, səfirliyin əməkdaşlarının, “SOCAR Petroleum SA” şirkətinin rəhbəri Həmzə Kərimovun və şirkətin kollektivinin iştirakı ilə Buxarest şəhərində yerləşən Tey Parkı - Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar anım mərasimi və Rumıniyanın Dımbovitsa rayonunun ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada iqlim şəraitinə uyğun ağac tingləri əkilib. Aksiyanın keçirilməsində məqsəd hər zaman Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına daim böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənəsini davam etdirmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etmək olub.