Qax rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Qax Rayon İcra Hakimiyyətnin başçısı Musa Şəkiliyev, qazilər və şəhid ailələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Onlar öncə Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransda Azərbaycan tarixində müstəsna xidmətləri ilə əbədilik qazanmış Ümummilli Liderin mənalı həyat yolu, çoxşaxəli siyasi irsindən bəhs olunub.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, Ulu Öndər müstəqil Azərbaycanın quruculuğunda misilsiz fədakarlıq göstərib.
"Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması kimi, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri qismində tarixdə silinməz iz qoyub", - o vurğulayıb.
Tədbirin sonunda H.Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.