Mayın 9-da İstanbulda Türk Ağsaqqalları İctimai Birliyi və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev: Türk dünyası iqtisadiyyatı, siyasi inkişafı müddətində lider rolu" mövzusunda konfrans keçirilib.
“İki sahil” AZƏRTAC-ın Türkiyəyə ezam olunmuş müxbirinə istinadla xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkını ziyarət edib, Ümummilli Liderin parkdakı abidəsinin önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Türkiyədə səfərdə olan nümayəndə heyətinin üzvləri də iştirak ediblər.
Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin moderatorluğu ilə keçirilən konfransda qeyd edilib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər yaxın olmayıb. Ulu Öndərin əsasını qoyduğu mühüm missiyalar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva qeyd edib ki, Ulu Öndərin 100 illiyi Azərbaycanın 44 günlük Zəfərindən 3 il sonraya təsadüf edib. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib və bu gün Azərbaycan xalqı güclüdür, məğrurdur. "Heydər Əliyevin ən böyük xəyallarından biri güclü Azərbaycan görmək idi. Onun bu arzusunu Prezident İlham Əliyev gerçəkləşdirdi. Artıq Qarabağda həyat canlanmağa başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi daim insanların qəlbində yaşayacaq, ehtiramla anılacaq", - deyə baş konsul qeyd edib.
Sonra çıxış edən Türk Ağsaqqalları İctimai Birliyinin rəhbəri Südeyif İmamverdiyev Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini ilə bölüşüb. Bildirilib ki, Heydər Əliyev Azərbaycanın dünyaya bəxş etdiyi ən nadir simalardan biri, adı türk dünyasının salnaməsinə qızıl hərflərlə yazılmış nadir şəxsiyyətdir.
Qeyd olunub ki, xalqımızın taleyində mühüm rol oynayan Ulu Öndər Heydər Əliyevin uzaqgörən fəaliyyəti, müdrikliyi, bütövlükdə həyatı hər bir azərbaycanlı üçün örnəkdir.
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin rəhbəri Elşən Quliyev diqqətə çatdırıb ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin irsi tükənməz məktəbdir. Məhz Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, qətiyyəti, dəmir iradəsi ilə vaxtında atılmış möhkəm dövlətçilik təməlləri sayəsində Azərbaycan bu gün dünyada layiq olduğu mərtəbəyə yüksəlib. Hazırda Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin deputatları İmamverdi İsmayılov, Mahir Abbaszadə, Malik Həsənov, Sadiq Qurbanov çıxışlarında bildiriblər ki, hər bir xalqın taleyində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər olur. Azərbaycan xalqının tarixində bu şəxsiyyət Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər bütün həyatı boyu doğma xalqının inkişafı və tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib. Qazanılan bütün uğurların əsasında isə Heydər Əliyev siyasəti dayanır. Ümummilli Lider daim Türkiyə ilə münasibətlərə xüsusi diqqət yetirib, "Bir millət, iki dövlət" tezisi ilə hər iki ölkənin əlaqələrini daha da möhkəmləndirib.
"SOCAR Türkiyə" şirkətinin baş direktoru Elçin İbadov çıxışında qeyd edib ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaradılması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin xidmətləridir.
Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov Ulu Öndər Heydər Əliyevin bütün həyatını Azərbaycanın inkişafına həsr etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Vətən müharibəsində qazanılan tarixi Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin timsalında Heydər Əliyev siyasətinin parlaq nəticəsidir. Bildirilib ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birinə heç vaxt bu qədər yaxın olmayıb. Bu gün bir çox ölkələr bu qardaşlığa və mehribanlığa həsəd aparırlar.
Sonda Türk Ağsaqqalları İctimai Birliyi tərəfindən qonaqlara mükafatlar və hədiyyələr verilib.