10 may 2023 00:11
654

 “Xarıbülbül” musiqi festivalı: Milli birlik, qürur, Zəfər, ləyaqət bayramı

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq düşməni işğal altında saxladıqları ərazilərimizdən qovdu. Müzəffər ordumuz noyabrın 8-də Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya Günlərini və "Xarıbülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən birinə çevrildi. Dövlət başçısının tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarıbülbül" musiqi festivalının keçirilməsi quruculuq layihələrinin sürətlə reallaşdırılması fonunda Qarabağın tarixi simasının qaytarılması, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpası istiqamətində atılan önəmli addımlardan biri oldu.

Xatırladaq ki, Şuşa şəhərində “Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş İttifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya, Litva və Belarusdan da musiqi qrupları iştirak edib. 1990-cı ildə “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivalda İttifaq respublikaları ilə yanaşı, Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrdə nümayəndələr iştirak edib. Üçüncü festival 1991-ci ildə düzənlənib. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılıb. 1990-1991-ci illərdə festivalın final konsertləri Bakıdakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) təşkil olunub. Dördüncü festival 1992-ci ildə mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildi. “Xarıbülbül” musiqi festivalını o il Şuşada təşkil etmək mümkün olmadı. Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarət kompleksində keçirildi.

Şuşa ənənəvi festivallı günlərinə qayıtmaq üçün uzun illər gözləməli oldu. Azərbaycanın möhtəşəm qələbəsi ilə ba Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa ediləndən, Şuşa şəhəri azadlığına qovuşandan sonra 2021-ci il 12-13 may tarixlərində “Xarıbülbül” festivalı yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak etdilər. Tədbirə dövlət və hökumət rəsmiləri, mədəniyyət, ədəbiyyat və elm xadimləri qatılmışdı. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq və klassik musiqi nümunələrindən ibarət zəngin və maraqlı proqram təqdim olundu. Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı sayəsində azadlığına qovuşan Şuşanın hər qarış torpağı, sıldırım qayaları “Bayatı-Şiraz” muğamının sədasına büründü...

Ötən il may ayının 12-14 də Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı baş tutdu. Festivalın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak etdilər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən, eləcə də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuş, həmçinin üç gün davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılması Şuşa şəhərinin işğaldan azad ediləndən sonra festivalın beynəlxalq səviyyədə keçirildiyinin əsas göstəricisi idi.

Bu il də ənənəyə sadiq qalaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir. Mayın 9-da başlayan festival ayın 11-dək davam edəcək festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur. Göründüyü kimi, "Xarıbülbül" festivalı, sözün əsl mənasında, milli birlik, qürur, zəfər, ləyaqət bayramına, Böyük Qayıdışın təntənəsinə çevrilib.  Şuşada keçirilən mühüm tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilir.

Bir maraqlı faktı da nəzərinizə çatdıraq ki, Şuşa və ətraf ərazilərində geniş yayılmış Xarıbülbül bitkisi latınca “ophrys caucasica” və ya “ophrys mammosa” adlanır. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarıbülbül bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olub. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Tədricən isə nişan azadlıq müharibəsinin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlamış və Azərbaycanda hər kəs tərəfindən yüksək sevgi, ehtiram, müqəddəs bir simvola çevrildi.

Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi. Qədim türk əfsanəsində deyildiyi kimi, Oğuz xanın alpaqutlarından (şəhid olan döyüşçü) birinin son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərdiyi namə ilə simvollaşan bir üzüntülü nakam sevgi hekayəsidir. Qırğız yazıçısı Erlan Jurabekovun “Jarxı Bulbul” hekayəsində də qədim türk əsatirinə geniş yer verilir. Bir çoxlarına görə, Xarı bülbül əhliləşdirilmiş ev quşu olub. Bəzi araşdırmaçılar isə hesab edir ki, bu növ bülbüldən yalnız döyüşçülər, sərkərdələr istifadə ediblər.

Sevinc Azadi, “İki sahil”