10 may 2023 00:58
476

Azərbaycanı qüdrətli dövlətə çevirən mükəmməl xarici siyasətin müəllifi

Ötən əsrin 90-cı illərində yenicə müstəqillik qazanmış, ancaq zəif və üstəlik də hərbi təcavüzə məruz qalmış Azərbaycanın qətiyyətli və dünya siyasətindən baş açan müdrik liderə ehtiyacı yaranmışdı. Həm də bu o dövr idi ki, beynəlxalq güclər təbii sərvətlərinin zənginliyinə görə, ölkəmizə bir sərvət kimi, daha dəqiq desək, «yağlı tikə» kimi baxırdılar. Belə bir ağır dövrdə  xalqın  harayına yetişən lider isə beynəlxalq nüfuzu və təcrübəli idarəçiliyi ilə tanınan böyük siyasətçi, uzaqgörən dövlət xadimi Heydər Əliyev oldu. Məhz 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rasional xarici siyasət strategiyası ölkəmizin böhranlı vəziyyətdən çıxmasında mühüm rol oynadı.

Ulu Öndərin  xarici siyasətinin əsas prioritetləri və hədəfləri belə idi- müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, üzləşdiyimiz müxtəlif növ təhdidlərin neytrallaşdırılması, beynəlxalq münasibətlər sistemində mövqelərimizin gücləndirilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi… Eyni zamanda, uğurlu enerji strategiyası və «neft diplomatiya»sı vasitəsilə iqtisadi və siyasi gücümüzün artırılması, yerləşdiyimiz regionda sülhün, əmin-amanlığın bərqərar olması və s.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, ölkə daxilində siyasi-iqtisadi, hərbi vəziyyətin mürəkkəb olmasına baxmayaraq, Ulu Öndər öz prezidentliyi dövründə olduqca fəal diplomatiya həyata keçirmişdi. Rəsmi səfərlər, keçirilən görüşlər, imzalanan müqavilələrlə bağlı statistik məlumatlar da fikirlərimizi bir daha təsdiq edir. Məsələn, O, 1993-1998-ci illərdə, yəni prezidentliyinin birinci dönəmində 33 ölkəyə 79 dəfə səfər etmiş, 232 tədbirdə iştirak etmiş, 431 sənəd imzalamışdı.

Ulu Öndərin xarici siyasətində balanslaşdırma çox mühüm məqamlardan biri idi. Bu strategiya özündə birtərəfli siyasətdən imtina etməyi və regional güclərlə mövcud olan problemləri onlarla qarşıdurmaya getmədən həll etməyə nəzərdə tuturdu. 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra Ulu Öndərin ölkənin yeni xarici siyasəti haqqında ifadə etdiyi fikirlər bu siyasətin çoxtərəfli olacağından xəbər verirdi: «Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin.”»

Qardaş Türkiyə Ulu Öndərin xarici siyasətində ən önəmli yerlərdən birini tuturdu. Məhz buna görə də Türkiyəyə ilk rəsmi səfərini 1994-cü il fevralın 8-11-i tarixlərində həyata keçirib. Qeyd olunan səfər zamanı iki dövlət arasında «Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə» də daxil olmaqla, müxtəlif sahələri əhatə edən sazişlər imzalanmışdır. Bununla da iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri sözdən əmələ, daha dəqiq desək, real müstəviyə keçmişdir. Hazırda Azərbaycan-Türkiyə münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə qədər inkişaf etməklə iki qardaş ölkənin hərbi –siyasi gücünü xeyli dərəcədə artırmışdır. Biz bunu İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyində tam aydın şəkildə gördük. Bir daha qeyd edirik ki, bu müttəfiqliyə gedən yolda Heydər Əliyevin siyasi-diplomatik mirasının xüsusi yeri olmuşdur.

Ulu Öndərin xarici siyasətdə önəm verdiyi əsas istiqamətlərdən biri də Avropa ilə bağlı idi. O, bu «qoca qitə»nin aparıcı dövlətləri ilə münasibətlərin dərinləşdirilməsinə milli maraqlarımız kontekstindən yanaşırdı. Belə ki, bəzi neoimperialist siyasət yürüdən regional güc mərkəzlərinin Azərbaycana qarşı mənfi münasibətlərini müsbətə dəyişmək üçün onların ölkəmizə invesisiya yatırmalarına nail olmaq lazım idi. Məhz 1994-2003-cü illərdə xarici siyasətimizdə atılan bir sıra ciddi addımlar, reallaşdırılan böyük geostrateji əhəmiyyətli layihələr («Əsrin müqaviləsi», Bakı-Tbilisi-Ceyhan neft kəməri, «Böyük İpək Yolu» və s.) ölkəmizi Avroatlantik məkana yaxınlaşdırmaqla bərabər, Cənubi Qafqazın Avropa üçün geosiyasi cəlbediciliyini də artırdı.

Ulu Öndərin çoxşaxəli xarici siyasətində ən mühüm yerlərdən birini də dünyanın qolbal gücü hesab edilən ABŞ ilə münasibətlər təşkil etmişdir. 1993-2003-cü illərdə Birləşmiş Ştatlarla münasibətlərdə üç başlıca istiqamət müəyyənləşdirildi: siyasi-diplomatik, iqtisadi-enerji və təhlükəsizlik. Hər iki ölkə arasında bu üç istiqamət üzrə münasibətlər inkişaf etdirilərək, əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı. Təsadüfi deyil ki, Prezident Heydər Əliyevin 1997-ci ilin avqustunda ABŞ-a reallaşdırdığı ilk rəsmi səfəri zamanı imzalanan «Amerika-Azərbaycan münasibətləri haqqında» Birgə Bəyanatda Azərbaycan Respublikası ABŞ-ın strateji tərəfdaşı elan edilirdi. Yeri gəlmişkən, qeyd edək ki, bu səfər müddətində hər iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirilməsini nəzərdə tutan bir sıra vacib sənədlər də imzalanmışdır.

Ulu Öndərin xarici siyasətinin əsas istiqamətlərindən birini də Asiya ölkələri təşkil etmişdir. Ölkəmizin xarici siyasətinin Asiya istiqamətinə  Çin, Yaponiya kimi iqtisadi, siyasi nəhənglərlə bərabər, Pakistan, Səudiyyə Ərəbistanı, İran, Misir, Hindistan, İsrail kimi regional dövlətlərlə münasibətlər daxil edilmişdir.

Bir sözlə, Ulu Öndərin çoxşaxəli xarici siyasət strategiyası gənc, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində təhlükəsizliyinin təmin olunmasında fövqəladə rol oynadı. O, balanslaşdırılmış xarici siyasətin Azərbaycan modelini yaratmaqla, həm də özündən sonra həyata keçiriləcək uğurlu xarici siyasətin əsasını qoymuş oldu. Bu baxımdan qürurla demək olar ki, mürəkkəb dünya düzənində layiqli yer tutmağımızda, xüsusilə İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizdə də Ulu Öndər Heydər Əliyevin zəngin siyasi-diplomatik irsi böyük rol oynamışdır.

Elçin Zaman, «İki sahil»