10 may 2023 02:37
488

Milli inkişaf modelinin müəllifi

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var

Müstəqillik və azadlıq qurbanlar bahasına, çətinliklə əldə olunur. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı. Ermənistandakı dədə-baba torpaqlarından deportasiya olunan soydaşlarımız Azərbaycana pənah gətirdi. Torpaqlarımızda müharibə gedirdi, çadır düşərgələrinin sayı gündən-günə artırdı. Qarabağ, həmçinin ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olundu. Bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən erməni təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi Vətən qarşısındakı borcumuzu yerinə yetirməliydik.

Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı rəhbərləri belə vacib, taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər. Məhz buna görə də torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos, anarxiya baş alıb getdi, vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı, qanunçuluğun əsasları ciddi şəkildə zəiflədi, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında qaldı.

Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən də atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı. Ulu Öndərin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.

Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir.

Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. O, dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Əminliklə deyə bilərik ki, Ulu Öndərin bu münasibəti hər birimiz üçün böyük məktəbdir.

Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü Onun daim strateji hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olub. Məhz ötən əsrin 70-80-cı illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin edib.

Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi Ümummilli Liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə nail olub.

Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət belə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.

Milli birlik və həmrəylik 44 günlük Vətən müharibəsində Qələbəyə nail olmağımızda əsas rol oynadı. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyi və milli iftixar yeri olan bir Vətəni var. 2023-cü ilin “Heydər Əliyev İli” elan olması ürəyi Vətənlə döyünən hər bir azərbaycanlının sevincinə səbəb olub. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və dünyanın müxtəlif guşələrində tədbirlər keçirilir və Ulu Öndərin ideologiyası bir daha dərindən öyrəniləcək. Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada yaşayan bütün soydaşlarımız Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşəcək və gələcəkdə də dövlət müstəqilliyimizin möhkəmlənməsində böyük işlər görüləcək.

Bu gün Ümummilli Liderin ideyaları Prezident İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının uğurla həyata keçirdiyi həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur.

Azərbaycan hazırda xalqımızın xoşbəxt sabahına doğru inamlı addımlar atır. Bu gün üçrəngli bayrağımız dünyanın ən nüfuzlu ölkələrinin bayraqları ilə bir sırada dalğalanır. Müstəqilliyi gündən-günə möhkəmlənən Azərbaycan kimi qalib ölkənin vətəndaşı olmaqdan hamımız qürur duyuruq. Fəxr edirik ki, belə güclü və qüdrətli dövlətimiz var.

Cavid Əkbərov, “İki sahil”