10 may 2023 02:58
618

Cümhuriyyətin arzularını reallaşdıran dahi şəxsiyyət

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyev

 

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında önəmli hadisə baş verdi. Müsəlman Şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti  üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Təəssüf ki, bu demokratik cümhuriyyətin ömrü uzun olmadı, 23 aydan sonra Rusiya bolşevizminin işğalı nəticəsində süquta uğradı. Qısa zaman kəsiyində milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş bu demokratik respublikanın fəaliyyətini Ulu Öndər Heydər Əliyev həmişə təqdir etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətini dövlətçilik salnaməmizin parlaq səhifələrindən biri kimi dəyərləndirən Ümummilli Lider bildirirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti həm milli dövlətçilik ənənələrimizin bərpası işində böyük işlər görmüş, həm də ölkəmizin müstəqil gələcəyinin əsasını qoymuşdur: “O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır”.

1991-ci ildə Azərbaycan məhz cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz müstəqil dövlətini yaratdı. Müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini, üçrəngli bayrağını və gerbini bərpa etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqliyini və bu ənənələri yaşatdığını dəfələrlə bəyan edən  Ümummilli Lider Heydər Əliyev onun geniş təbliği istiqamətində  mühüm addımlar  atmışdır. Belə ki, o, 30 yanvar 1998-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalamış, özü də bu komissiyaya sədrlik etmişdir.  Qeyd edək ki, həmin Sərəncamda bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğu xüsusi vurğulanıb. 2003-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında Sərəncam imzalayan Ulu Öndər o dövrün sənəd və materiallarının toplanıb nəşr edilməsinə göstəriş vermişdir.

Ümummilli Lider Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində böyük şücaətlər göstərmiş şəxsləri - Əlimərdan bəy Topçubaşovu, Məmmədəmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Səməd bəy Mehmandarovu, Əliağa Şıxlinskini, Həsən bəy Ağayevi və başqalarını “xalqımızın qabaqcıl insanları, Azərbaycanın gələcəyi haqqında düşünənlər” kimi qiymətləndirmiş və onların xidmətlərini  yüksək dəyərləndirmişdir: “...onlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirmişlər və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar”.

Ulu Öndər 1993-cü il sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla keçirdiyi görüşdə demişdir: “Ancaq gəlin, açıq danışaq: belə çıxır ki, tariximizdə Məmmədəmin Rəsulzadədən başqa heç kim yoxdur. Bəs Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov, Hacinski, Əlimərdanbəy Topçubaşov, Behbudbəy Şahtaxtinski və başqaları?!" Odur ki, Ümummilli Lider onların hər birinin xatirəsini yaşatmağa çalışırdı. Belə ki, Ulu Öndərin imzaladığı 18 dekabr 1995-ci il tarixli Sərəncamla o ağır və çətin dövrdə bank sistemi yaradan, pul və poçt markaları buraxan,  ordu yaradan, ana dilimizi dövlət dili elan edən, ermənilərin törətdikləri soyqırımları araşdırmaq məqsədilə Fövqəladə Təhqiqat Komissiyasını ərsəyə gətirən, 1920-ci ilin iyun ayında “Daşnaksütyun” partiyasının üzvləri tərəfindən qətlə yetirilən Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin anadan olmasının 120 illiyinin təntənəli surətdə qeyd olunmasına, Tiflisin Nəbatat bağında onun qəbrinin üstünün götürülməsinə, məzarı üzərində büstünün ucaldılmasına, Bakıda yaşadığı binanın önünə xatirə lövhəsi vurulmasına nail olmuşdur. Məhz Ümummilli Liderin diqqət və qayğısının nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Paris Sülh Konfransında ölkəmizin nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun Parisdə yaşadığı Dekamp küçəsindəki 27 saylı binada məlumat yerləşdirilmişdir. 1998-ci il iyunun 26-da Respublika Sarayında Azərbaycan Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş  yubiley mərasimində Heydər Əliyev cümhuriyyət dövrünün ordu qurucularını - hərbi nazir Səməd bəy Mehmandarovu, hərbi nazirin müavini Əliağa Şıxlinskini, baş qərargahın rəisi, milliyətcə Polşa tatarı olan Məmməd bəy Sulkeviçin adlarını ehtiramla anmışdır. Ulu Öndər həm Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə, həm də ölkə Prezidenti kimi Məmmədəmin Rəsulzadənin Türkiyədəki məzarını ziyarət etmiş, bununla da cümhuriyyətin qurucularına olan rəğbətini bir daha nümayiş etdirmişdir.        

Ulu Öndər Heydər Əliyev özü də müstəqilliyimizin bərpası yolunda cümhuriyyətin qurucuları kimi çox önəmli addımlar atmışdır.  Belə ki, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, "sovet, sosialist" sözlərini çıxarmışdır. Məhz Onun qətiyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qaldırılmışdır.  Şübhəsiz, imperiyanın hələ də mövcud olduğu dövrdə belə addımların atılması xüsusi cəsarət tələb edirdi.

Ötən əsrin sonlarında baş verən ictimai-siyasi proseslər və xalqımızın azadlıq mücadiləsi nəticəsində Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşdu. Amma müstəqilliyimizin ilk illərində ölkəmiz  Azərbaycan Xalq Cümhuriyyətinin aqibəti ilə üzləşdi. 1993-cü ildə yaranan çətin durumda xalqına arxalanan Ümummilli Lider müdrik siyasəti ilə 1920-ci ilin təkrarlanmasına imkan vermədi. Üstəlik, Ulu Öndər  təbii sərvətimiz olan nefti milli sərvətə çevirməklə və beynəlxalq konsorsium yaratmaqla cümhuriyyət xadimlərinin arzu və niyyətlərini reallaşdırmışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, strateji xətt Azərbaycanı xilas etmiş və  onu müstəqil və güclü dövlətə çevirmişdir. Elə cümhuriyyət xadimlərinin niyyətləri də dünya miqyasında tanınan, söz və nüfuz sahibi olan belə bir qüdrətli dövlət qurmaq idi.

Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq demişdir: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik.  Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”