"Vətənə məhəbbət, xalqa məhəbbət mənim qanımdadır, beynimdədir, bütün varlığımdadır. Heç kim, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz."
Heydər Əliyev
Bu yazını yazmaqda məqsədim Azərbaycan dövlətçilik tarixində bənzəri olmayan, əfsanələri həqiqətə çevirən Ulu Öndər Heydər Əliyevin, həyata keçirilməsi mümkün olmayan, qlobal dövlət layihələrini necə gerçəkləşdirdiyini, hansı dünya güclərinə sinə gərdiyini, Vətən, xalq yolundakı titanik fəaliyyətini indiki, onu görməyən gənclərin və gələcək nəsillərin yaddaşına həkk etmək, özümüzü-özümüzə tanıtmaqdır...
Onun haqqında söz demək, Heydər Əliyev fenomeninin mahiyyətini, onun irsini olduğu kimi ictimaiyyətə çatdırmaq, o ilahi möcüzənin sirrinə vara bilmək fikrindən çox uzağam. Kiminsə də onu olduğu kimi ifadə edə biləcəyinə, anlada biləcəyinə inanmamışam və inanmıram.
Uca Tanrının elə möcüzələri var ki, onları ancaq damla-damla, zərrə-zərrə anlamaq və anlatmaq olar. Belə ilahi təzahürlərin birmənalı, tam ifadəsi demək olar ki, həmişə mümkünsüz olur...
Bu adi, sadə həqiqəti bilə-bilə yenə də yazıram - qarşısıalınmaz bir mənəvi ehtiyac, rahatlıq verməyən böyük bir borc duyğusu, tarix və gələcək qarşısında cavabdehlik hissi, sıravi bir vətəndaş vicdanının səsi mənə "yaz" - deyir!
Onun haqqında saysız-hesabsız məqalələr, kitablar yazılıb və yazılacaq – bu yazıda həmin sonsuz, əbədiyyətə qədər uzanan karvana qoşulur.
Bununla "...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam...", - deyə iftixar hissi keçirən Ulu Öndər Heydər Əliyevin xalqına və vətəninə olan hədsiz məhəbbətini, sözlə ifadəsi mümkün olmayan ilahi sevgisini və bu sevgi təməlində, vətəndaş müharibəsi təhlükəsilə üzləşən Azərbaycanı və Azərbaycan xalqını düşdüyü bəlalardan, oddan-alovdan necə xilas etdiyini, hansı çətinliklərlə qarşılaşaraq bugünkü firavan, müasir, müstəqil Azərbaycan dövlətini qurub-yaratdığını və bötövlükdə bəşəriyyətin rifahı naminə təqlid üçün parlaq örnək olan həyat yolunu gələcək nəsillərə çatdırmaq cəhdim olacaqdır.
Diaqnozu düzgün qoymadan xəstəliyi müalicə etmək mümkün deyil. Ulu Öndər Heydər Əliyevin hansı çətin maneələri keçdiyini və bu maneələri hansı dünya güclərinin yaratdığını bilmədən gələcək uğrunda mübarizə aparmaq olmaz. Keçmişini unudanı gələcək topa tutar!
Söz yox ki, özünü tanımayan nə dostunu, nə də düşmənini tanıya bilməz. Və kimlə mübarizə aparacağını bilmədiyindən yanlış yolda olar...
Keçmişini, ən qədim tarixini bilməyən xalq öz gələcəyini qura bilməz. Ulu babaların, peyğəmbərlərin kimlərlə, necə və nə üçün vuruşduğunu və bu yolda nə kimi çətinliklərə düçar olduğunu, necə şəhidlər verdiyini, nə itirdiyini və nə qazandığını bilmədən bizə ərməğan olunan bugünkü Azərbaycanımızı qoruya bilmərik.
Bu gün də XX əsrin ikinci yarısı və XXI əsrin birinci onilliyini əhatə edən bir zaman kəsimində Azərbaycanı düşdüyü bəlalardan, oddan-alovdan qurtaran Ulu Öndər Heydər Əliyevi bizə Allah-Taala nəsib etmişdir!
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin təbirincə desək, "O, sanki bir paydır, göydən düşüb".
Dünya siyasət korifeylərinin hesablaşdığı və həsəd apardığı o dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev dünyada gedən ictimai-siyasi proseslərin necə cərəyan etdiyini gözəl bilən və izləyən, bütün türk dünyasına, xüsusilə də Azərbaycana qarşı yönəldiyi bir zamanda, xalqımızın bu siyasi proseslər dalğasında hansı təhlükələr gözlədiyini vaxtında görə bildi və qarşısını almağı bacardı. Xalqı xilas etdi, Azərbaycanın müstəqilliyinə nail oldu. Onun qarantı olan "Əsrin müqaviləsi" ilə xoşbəxt gələcəyə aparan iqtisadi inkişafın təməlini qoydu. Yeni, müstəqil Azərbaycan dövlətinin banisi olaraq, bütün şər qüvvələrə qalib gəldi! Arzularını ürəklərində qoydu!
Azərbaycanın müstəqilliyini həzm edə bilməyən o qüvvələr, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan dövlət müstəqilliyinin qarantı olduğunu çox gözəl bilirlər. Ona görə də, onlar Azərbaycanı məhv edə biləcək siyasət dəyirmanlarının bütün mühərriklərini işə salıblar!...
Burada, vətən, xalq, sevgi, namus, qeyrət lazımdır ki, qarın davası edib, düşmənlərin dəyirmanına su tökməyəsən!
Biz acı bir həqiqəti deməyi bacarmalıyıq ki, bu günə qədər əldən gedən torpaqlarımız, bizim əsrlər boyu birliyimizin olmaması ucbatından üçüncü qüvvələr tərəfindən təhdid və terror yolu ilə işğal edilib. Əllərində alət kimi istifadə etdikləri mənfur, yaltaq, mənliyi və mövqeyi olmayan ermənilərə təqdim edilibdir. Bizim əbədi, əzəli torpaqlarımızı işğal edib, erməniləri dünyanın hər yerindən yığıb, qoyun sürüsü kimi bu torpaqlara köçürüblər.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan xalqı, qədim tarixi köklərə, yüksək mədəniyyətə və milli-mənəvi dəyərlərə malik olan böyük xalqdır!
Mərdlik, kişilik, insanlıq, ədalət, düzlük rəmzi olan bu xalq, dünya xalqları arasında hörmət və rəğbət qazanmış, sevilmiş və sevilir!
Böyük Azərbaycan xalqı həmişə haqsızlığa qarşı vuruşub, şəhidlər verib, lakin məğlub olmayıb!
Şəhidlər vermək - ölmək məğlub olmaq demək deyil! Düşmənlər əhatəsində təklənib şəhid olmaq, məğlubiyyət deyil, əbədi qalibiyyətdir! Satqınlıq - məğlubiyyətdir! Öz dövlətindən, öz xalqından yadlara şikayət etmək, özü satqınlıqdır!
Gəlin, şəhid olmuş igid oğullarımızın ruhuna "torpaqlarımızı vaxtilə veriblər" ifadəsi ilə hörmətsizlik etməyək! Xalqımızı ləkələməyək!
Belə ki, dünən hakimiyyətdə olub torpaqlarımızın getməsinə səbəb olan, bu gün özlərinə "müxalifət" donu geydirən və əslində əleyhimizə olan xüsusi xidmət orqanlarına xidmət edən, Qatır Məmmədə xəyanət edən Əzizlər kimi öz xəyanətlərini ört-basdır etmək üçün "vətənpərvər" qiyafəsi geyinən bu üzdəniraqlara, öz günahlarını gizlətməyə və xalqı, xüsusilə də gəncləri çaşdırmağa imkan vermək olmaz!
Heydər Əliyevi dərk etməyən və onun vətən və xalq yolunda çəkdiyi əziyyətləri qiymətləndirməyən hər kimsənin Vətən-xalq haqqında danışması absurddur.
Xalqını sevən Heydər Əliyevi sevər.
Çoxundan fərqli olaraq, mən onunla səmimi ünsiyyətdə olmuş, onu yaxından tanımışam.
Mən xoşbəxtəm ki, O uca Tanrı, müasir və müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin - siyasi güc və qüdrət rəmzi olan o böyük şəxsiyyətin rəhbərliyi altında çalışmaq, onun müsəlləh əsgəri olmaq şərəfini mənə də nəsib etmişdir.
Böyük şəxsiyyətə bəslədiyim sevgi və rəğbətimi, hədsiz ehtiram və heyranlıq hissimi qəlbimdə daim yaşadacaq və yaşadanları da sevəcəyəm. Çünki o dahi şəxsiyyətə olan sevgi və rəğbət, onun Vətəninə və xalqına bəslədiyi məhəbbətindən yaranır. Vətənini və xalqını sevən hər kəs onu sevməyə bilməz. Onu inkar edən heç bir qüvvə xalqına və dövlətinə xeyir gətirməz.
Belə ki, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycanın dövlət müstəqilliyinin qarantıdır.
Yüksək əxlaqi və mənəvi dəyərləri özündə ehtiva edən böyük şəxsiyyətləri dərk etmək özünüdərkdən başlayır! İnsanların öz xoşbəxtliyini dərk etməsi, əxlaqi dəyərlərin ən yüksək zirvəsinin nədə olduğunu bilməsindən və yaşadığı anları necə qiymətləndirə bilmək bacarığından asılıdır.
Özünü dərk etməyən, özünə başqasının gözü ilə baxmağı bacarmayan, özünün müsbət və ya mənfi keyfiyyətlərinin fərqinə vara bilməyən, başqasına necə qiymət verə bilər? Ona görə də Vətən və xalq yolunda tarixi xidmətləri olan BÖYÜK ŞƏXSİYYƏTLƏR haqqında danışmaq məsuliyyət tələb edir. Həm də gərək buna danışanın mənəvi haqqı olsun.
Həsən Şirinov,
“Qızıl Qələm” mükafatı laureatı, general