09 may 2023 00:12
436

Ümummilli Liderin siyasətində sahibkarlıq fəaliyyəti və müasir dövr

Azərbaycan Respublikası sülhlə, uzunmüddətli perspektivlərlə zəngin olan müasir müstəqillik illərinin ən qürurverici mərhələlərini yaşamaqdadır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi əsasında müəyyən olunan iqtisadi inkişaf strategiyası elmi əsaslara söykənən idarəetmə üzrə olduqca etibarlı mühitin dayaqlarını təmin etmiş oldu. Rəhbərliyinin keçmiş İttifaq dövründə həmin potensialın yaradılması bütün tərəfləri ilə, makroiqtisadi inkişafa istiqamətlənmiş, bu isə, səmərəli fəaliyyət mühitinin təşəkkülünə zəmin yaratmışdır. Təbii olaraq, bütün bunlar isə öz özlüyündə, müstəqil bir ölkənin milli iqtisadiyyatı üçün güclü bazaya çevrilmişdir.

Ötən yüzilliyin 90-cı illərinin əvvəllərində Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində çalışarkən başlatmış olduğu iqtisadi islahatlar yeni təsərrüfatçılıq imkanlarının zəruri təsisatlarının yaradılmasını təmin etdi. Səmərəli nəticələrlə müşayiət olunan bu proseslər iqtisadiyyatın yeni keyfiyyət mərhələsinin də ifadəsini təşkil etmiş oldu. Həmin dövrlərdə, xüsusilə də 6 aprel 1992-ci il tarixində qəbul etdiyi “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv olunması və onların əsasında şəxsi təsərrüfatların yaradılması haqqında” qərar və rentabelsiz işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsini nəzərdə tutan təkliflər, bütövlükdə Azərbaycan dövlətinin yeni iqtisadi siyasətinin müəyyən olunmasına əhəmiyyətli şərait yaradan mühüm addımlar idi. Artıq bu, bazar münasibətlərinə xas olan iqtisadi idarəetmə şəraitində Naxçıvan Muxtar Respublikasından başlanan ilkin mərhələ idi. Sonrakı mərhələlərdə ölkəmiz miqyasında həyata keçirilən tədbirlər makroiqtisadi zəmində səmərəli investisiya mühitinin etibarlı dayaqlarının yaradılmasına və əlverişli iqtisadi fəaliyyətə zəmin yaratmış oldu.

Xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider tənəzzülü tərəqqi ilə əvəz edərək sağlam milli iqtisadiyyatın, daha doğrusu, millətə xidmət edəcək iqtisadiyyatın əsaslarını yaratdı və Naxçıvan Muxtar Respublikasından başlatdığı bu strateji xətti ölkə miqyasında davam etdirməyə başladı. Bu məqsədlə 1995-ci il 18 fevral tarixində “Aqrar islahatların əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olundu. Həmin ilin oktyabr ayında isə Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında eyni adlı Dövlət Proqramı təsdiq olundu ki, bu da, artıq milli iqtisadiyyat üçün yeni perspektivlər gətirməkdə idi. Təbii olaraq islahatların keçirilməsi çox zəruri idi. Eyni zamanda, bu, makroiqtisadi səviyyədə investisiya mühitinin və həmçinin aqrar sahibkarlığın etibarlılığına yaradılmış təminat demək idi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılan sağlam iqtisadi fəaliyyət mühiti səmərəli ideyalara və məhsuldar təşəbbüslərə etibar edən iqtisadi idarəetmənin bu və ya digər tərəflərinin təşəkkülünə zəmin yaratdı. Bu isə, təbii olaraq, sahibkarlıq fəaliyyətinin səmərəliliyinə, məhsuldarlığına və davamlılığına əsaslı təminat yaratmaqda idi. Sahibkarlıq fəaliyyətinin təşkili və idarə olunması sahəsində müvafiq tənzimləyici mexanizmlərin ortaya qoyulması, onun iqtisadi və hüquqi əsaslarının yaradılması və digər məsələlər məhz Ümummilli Liderin başlatdığı uzunmüddətli iqtisadi inkişaf strategiyasının müasir dövrümüzlə səsləşən çox mühüm tərəflərindən birini təşkil etməkdədir.

Bütün bu qeyd olunanları əsas tutaraq qeyd etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 19 sentyabr 1995-ci il tarixində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, 2 iyul 2013-cü il tarixində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, 20 oktyabr 2015-ci il tarixində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, 22 iyun 2022-ci il tarixində “İnvestisiya fəaliyyəti haqqında”, 2 dekabr 2022-ci il tarixində “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında”, 9 dekabr 2022-ci ildə “Dövlət-özəl tərəfdaşlığı haqqında” və s. sahələr üzrə Azərbaycan Respublikasının qanunları təsdiq olunmuşdur.

Eyni zamanda, 25 oktyabr 2007-ci il tarixində “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da imzalanmışdır. Burada da əsas məqsəd ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsindən ibarət idi.

Həmin tənzimləmələrlə müşayiət olunan proseslərin sosial, iqtisadi və məntiqi davamı olaraq ölkəmizdə 24 aprel 2013-cü il tarixində “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və 13 may 2015-ci il tarixində isə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq olunması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı sənayeləşmə siyasətinin səmərəli təşkili və idarə olunmasına, eyni zamanda, həmin proseslərin tənzimlənməsinə işıq salmış oldu. Bu mərhələdə sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində həmin təsisatların yaradılması əhəmiyyətliliyinə görə seçilməkdədir. Belə ki, sənaye parkları və sənaye məhəllələrinin hər birinin təşəkkülündə və təşkilatlanmasında əsas məqsəd, müasir dövrdə ölkəmizin milli iqtisadiyyatı üçün uzunmüddətli perspektivlərin müəyyən olunmasında sahibkarlıq təşəbbüslərinin nəzərə alınmasından, müvafiq infrastruktur təchizatlarının yaradılmasına, aktuallığının artırılmasına və bu sahədə dövlət tənzimlənməsinə istiqamətlənmiş yeni keyfiyyət mərhələsinin müəyyən edilməsindən ibarət idi.

Məhz həmin dövrdən etibarən ölkə iqtisadiyyatının regional və milli əhəmiyyəti əlaqəli bir şəkildə olmaqla, daha da inkişaf etdi. İqtisadi rayonlar üzrə sənaye park və məhəllələrinin yaradılması prosesləri artan dinamikaya xas olan göstəricilərlə davam etməyə başladı. Artıq ölkənin regionları üzrə 7 sənaye parkı və 5 sənaye məhəlləsi yaradılmışdır ki, bu da səmərəli iqtisadi idarəetmənin və məhsuldar iqtisadi fəaliyyət mühitinin hərəkətverici qüvvəsini təşkil etməkdədir. Xüsusilə də artıq ölkəmizin müxtəlif iqtisadi rayonları üzrə - Sumqayıt Kimya, Bakı şəhərində Balaxanı və Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkları yaradılmışdır. Eyni zamanda, respublikanın uzunmüddətli sənayeləşmə potensialı diqqətdə saxlanılaraq həm də sənaye məhəllələrinin qərarlaşması istiqamətində də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərman və sərəncamları olmuşdur. Bu sahədə Neftçala, Masallı, Hacıqabul və Sabirabad Sənaye məhəlləsinin yaradılmasını xüsusilə qeyd etmək olar.

Eyni zamanda, dövlət başçısının 13 sentyabr 2019-cu il tarixli 831 №-li Fərmanı ilə ölkəmizin ayrılmaz tərkib hissəsi olan, Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılması təmin edilmişdir. Fərman, həmçinin muxtar respublikada faydalı sənaye parkları və məhəllələri məqsədilə dayanıqlı mühitin təşəkkülünü təmin edəcək. Bununla yanaşı, Fərmanın 7.1, 7.2 və 7.3-cü bəndlərində də təsbit olunan “Naxçıvan Muxtar Respublikasında yaradılan Sənaye Məhəllələri” cümləsindən də aydın olur ki, muxtar respublikada Şərur Sənaye Məhəlləsinin davamı olmaqla yeni sənaye məhəllələri və ya parklarının təşəkkülü də diqqətdə saxlanılmaqdadır. Daha doğrusu, ölkənin iqtisadi hədəflərində Naxçıvan Muxtar Respublikasının uzunmüddətli perspektivləri meyarları mühüm amil olaraq nəzərə alınmaqdadır.

Sənaye parklarının yaradılması sahəsindəki proseslərin gedişinə nəzər saldıqda aydın olur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə işğaldan azad olunan ərazilərimizin də potensialı, resursları və perspektivləri nəzərə alınmışdır. Yaxın gələcəkdə milli prioritetlər istiqamətində həmin göstəricilərin mühüm əhəmiyyəti olacaqdır. Çünki həmin ərazilərdə, xüsusilə də “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parkları məhz sahibkarlıq təşəbbüslərinin səmərəli nəticələri üçün don dərəcə uğurlu olacaq.

Beləliklə, xalqımızın Ümummilli Lideri Heydər Əliyev sahibkarlıq fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən etməklə, ölkəmizin milli iqtisadiyyatının dayanıqlığını təmin etdi. Müasir dövrün aktual məsələsi olan həmin amillər, iqtisadi diversifikasiyanın da təmin olunmasına zəmin yaratmış oldu. Artıq yeni mərhələdə bu istiqamətdə daha böyük uğurlar əldə olunacaq.

Vüqar Abbasov,
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının təsisçisi