05 may 2023 13:25
519

DİM-də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Dövlət İmtahan Mərkəzində Ümummilli Lider “Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda Mərkəzin rəhbərliyi və kollektivi, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və Ümummilli Lider H.Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlər və ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstəriciləri yaxşı olan ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

İştirakçılar əvvəlcə Dövlət İmtahan Mərkəzində yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və Ümummilli Lider Heydər Əliyevin təhsilə qayğısından bəhs edən guşə ilə tanış olublar.

Onlara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barədə məlumat verilib.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider H.Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində “Heydər Əliyev İli” ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Heydər Əliyevin hələ Sovet dövründə respublikamıza rəhbərlik etdiyi illəri böyük qürur hissi ilə xatırladığını, onun 1969-cu ildə Azərbaycana rəhbər təyin olunması ilə respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sferasında da ciddi dönüş yaranmağa başladığını qeyd edib. M.Abbaszadə Heydər Əliyevin təhsil sisteminə, mütəxəssis hazırlığına həmişə dövlətçiliyin və cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli sahəsi kimi yanaşdığını vurğulayıb və onun təşəbbüsü ilə Azərbaycan gənclərinin 1970-ci ildən başlayaraq daha çox ehtiyac duyulan ixtisaslar üzrə SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildiyini söyləyib: “Bu addım respublikanın yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmasına, milli kadr potensialının daha da gücləndirilməsinə yeni imkanlar yaratdı. Belə xoşbəxt gənclərdən biri kimi mən də 1970-ci ildə orta məktəbi bitirərək, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almağa başladım. Orada təhsil aldığımız illərdə biz Heydər Əliyevin sovet respublikalarında təhsil alan Azərbaycan gənclərinə qayğı və diqqətini daim hiss edirdik. O, gənclərin yaxşı təhsil almaqla yanaşı, vətənpərvərlik, müasirlik ruhunda yetişməsi uçun lazımi tədbirlər görürdü”.

M.Abbaszadə Heydər Əliyevin müstəqillik dövründə ölkə Prezidenti seçilməsindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına xüsusi diqqət göstərildiyini söyləyib: “O bizim qarşımızda beynəlxalq standartlara tam cavab verən, ədalətli, obyektiv milli qiymətləndirmə sistemini formalaşdırmaq vəzifəsini qoymuşdu və bütün layihə və planlarımızın, tələbə qəbulunu təkmilləşdirməklə bağlı gördüyümüz tədbirlərin həyata keçirilməsində biz daim Ulu Öndərimizin xüsusi qayğısını və diqqətini görürdük”.

M.Abbaszadə çıxışında Ulu Öndərimizin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş abituriyentlərlə görüşlərini xüsusi qeyd edib, həmçinin Dövlət İmtahan Mərkəzinin Ümummilli Liderin 100 illiyinə həsr olunmuş “İlk Prezident təqaüdçüləri” layihəsi haqqında məlumat verib. Sədr bu layihəni geniş ictimaiyyətə real həyat nümunəsi kimi təqdim etməklə, onun yaxşı təhsilin müasir dövrdə insanları karyera yüksəlişinə, cəmiyyətdə layiqli mövqe qazanmağa və Vətənimizin çiçəklənməsinə aparan ən düzgün yol olduğunu, “sosial lift” rolu oynadığını vurğulayıb.

M.Abbaszadə Ulu Öndərimizin ölkəmizin davamlı inkişafına yönəlmiş daxili və xarici siyasət xəttinin bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. “Hazırda respublikamızda qara qızılı insan kapitalına çevirmək ideyası gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına yönəlmiş dövlət proqramları sayəsində müvəffəqiyyətlə həyata keçirilir və dövlətin idarə edilməsinə daha savadlı və bacarıqlı şəxslər cəlb olunur”.

Sonda sədr bugünkü gənclərimizi Ulu Öndərimizin “Təhsil millətin gələcəyidir” fikrini unutmamağa, onları ölkəmizdə və xaricdə yaxşı təhsil almaq üçün yaradılmış imkanlardan istifadə etməyə, yaxşı təhsil almağa, Vətənin layiqli övladları kimi yetişməyə və onu daha da inkişaf etdirib çiçəkləndirməyə səsləyib.

Tədbirdə çıxış edən Mərkəzin aparat rəhbəri Vəfadar Misirov Ulu Öndərin dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində rolu və onun dövlət idarəetmə sisteminin milli kadrlarla təmin olunması yönündə atdığı addımlar haqqında danışıb. V.Misirov qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti sayəsində 1970-80-ci illərdə Azərbaycandan kənarda vətənimiz üçün 15 mindən çox yüksəkixtisaslı mütəxəssis yetişdirilib. V.Misirov 979-cu ildə Azərbaycandan sovetlər birliyinin qabaqcıl ali məktəblərinə təhsil almaq üçün göndərilən gənclərdən – “inoqorodniklərdən” biri kimi o vaxtkı Lenin sarayında H.Əliyevin keçirilən görüş və ondan 21 il sonra MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin yaradılması zamanı baş tutan növbəti görüşünün xatirələrini bölüşüb.

Daha sonra 2001 və 2002-ci illərdə ilk Prezident təqaüdçülərindən olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Orxan Dəmirli və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim – oftalmoloqu Aysel Əkbərova çıxış edərək o zaman Ulu Öndərimizlə keçirilən görüşü necə xatırladıqlarını, həmin görüşün təhsil və karyeralarındakı rolu, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bölüşüblər.