Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Dahi şəxsiyyət düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Müəllifi olduğu milli inkişaf strategiyasında qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və uğurla həyata keçirmişdir. Ümummilli Liderin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Azərbaycan hərtərəfli inkişafı ilə dünyaya Günəş kimi doğdu. Müstəqilliyimizin bərpasının ilk illərinin çətinlikləri arxada qaldı, xalq-Prezident birliyinin sayəsində irəli sürülən hər bir təşəbbüs ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazandı, yeni qurulan Azərbaycanın imzasının imzalar arasında olması bütün dünya azərbaycanlılarını qürurlandırdı. Ümummilli Lider dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini yaratdı. Belə bir çağırışı etdi ki, Vətən birdir, hamımız bu Vətən üçün çalışmalıyıq. Azərbaycançılıq ideologiyasının təbliği, inkişaf etdirilməsi Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsasında dayanmışdır.
Azərbaycana hansı tərəfdən baxsaq dahi şəxsiyyətin adı ilə bağlı olan uğurları görürük. Ölkəmizin möhtəşəm uğurlarında Onun yaradıcısı olduğu, xalqın partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının böyük rolu vardır. Zamanın tələbi, xalqın istəyi lə yaradılan bu partiyada birləşən hər bir üzv Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Bu ideyalar Azərbaycanı hər zaman yeni-yeni hədəflərə doğru aparır.
Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün xarakteristikası hər kəsə məlumdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaradılması, eyni zamanda, xalqın təkidli tələbi ilə dahi şəxsiyyətin hakimiyyətə qayıdışı həmin dövrün tələbi, ortaya çıxan zərurət, bu günümüz üçün möhkəm təməl idi. Bu uğurlar hər bir ölkənin inkişafında əhəmiyyətli dönüş nöqtələrinin olması faktını təsdiqləyir. Əvvəldə də qeyd etdiyim kimi, müstəqillik tariximizin ilk illəri xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi xarakterizə olunur. Yaşananların fonunda xalqın sabaha ümidi yox idi. Belə bir çətin məqamda xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti, dahi şəxsiyyətin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı itirilən ümidlərin bərpa olunacağına inam yaratdı. İstər müraciətə, istərsə də Ümummilli Liderin cavabına diqqət yetirsək görərik ki, hər iki tarixi sənəddə Azərbaycanın müstəqilliyinin bir sərvət olduğu və onun qorunmasının vacibliyi öz əksini tapır. Yeni Azərbaycan Partiyası öz adında bütün istəkləri, arzuları birləşdirir. “91-lər”in müraciətində xalqı bu çətin vəziyyətdən xilas edəcək partiyanın yaradılması və ona Heydər Əliyev kimi yüksək idarəçilik qabiliyyətinə, dövlətçilik təcrübəsinə, siyasi bacarığa, geniş dünyagörüşünə malik bir şəxsiyyətin rəhbərlik etməsinə ehtiyacın olduğu vurğulanırdı. Ümummilli lider Heydər Əliyevin yeni yaradılacaq partiya üçün “Yeni Azərbaycan” adını məqsədəuyğun bilməsi də təsadüfi deyildi. YAP yarandığı gündən indiyədək əqidəsinə, tutduğu yola sadiqliyi ilə diqqət çəkib və bu yol ona hər zaman uğurlar qazandırıb. YAP yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yalnız Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin təməlini qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasına inam böyükdür. Məhz bu birlik Azərbaycanın möhtəşəm uğurlarına stimuldur.
Gülər Kərimova
YAP Şabran rayon təşkilatının məsləhətçisi