Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. 2023-cü il tariximizdə böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” kimi qalacaqdır. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ölkə iqtisadiyyatına xüsusi bir önəm verdi. İqtisadiyyatın əsas sahələrindən biri olan sənaye Azərbaycan iqtisadiyyatının ən mühüm və inkişaf etmiş qollarından biridir. Əsasən yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə Azərbaycanda Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ötən əsrin ortalarından inkişaf etməyə başlamışdır.
Ümummilli Lider Heydər Əliyev dövlət dili probleminin tarixi-fəlsəfi, hüquqi və milli-mənəvi konsepsiyaya əməl olunmaqla həllini tapmaq işinə böyük önəm verdi. Müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş mərasimdə Ümummilli Lider demişdir: "Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var".Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən Azərbaycanın iqtisadiyyatının inkişafı ilə yanaşı, mənəvi-mədəni həyatını da diqqətindən kənarda qoymamış, bu sahədə də böyük işlər görmüşdür. Onun zəngin təcrübəsi, fitri təşkilatçılıq qabiliyyəti və istedadı, həm Şərq, həm də Qərb dünyasını yaxşı tanıması, mənsub olduğu xalqın mentalitetinə bələd olması respublikanın mənəvi-mədəni iqlimin inkişaf perspektivlərinin dəqiq müəyyənləşdirilməsini təmin edirdi. Məhz bu amillər dilimizin inkişafına, xalqımızın, millətimizin dünyada tanınmasına gətirib çıxaran mühüm amillərdəndir.
Ötən əsrin 90-cı illərinin ortalarından isə Ulu öndərin əsasını qoyduğu ölkəmizin yeni neft strategiyasının həyata keçirilməsindən sonra inkişaf mərhələsinə qədəm qoyan neft sənayesi digər istiqamətlərdə də sənaye sahələrinin tərəqqisinə yol açmışdır. Ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan dövləti qısa müddət ərzində böyük inkişaf yolu keçdi və dünya dövlətləri arasında güclü ölkəyə çevrildi. Aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur. Bu müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açmışdır. Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir.
Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.
Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf kursunu yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində Azərbaycan dövləti bu gün tarixinin ən böyük yüksəliş dövrünü yaşamaqdadır. Ümummilli Liderin layiqli varisi, dövlətimizin başçısı İlham Əliyev bu məsələlərdə yeni və müasir yanaşma yolları arayaraq Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasətini uğurla həyata keçirir.
Bir sözlə, zəmanəmizin qüdrətli siyasətçisi Heydər Əliyev öz doğma xalqını dibi görünməyən yarğanların, uçurumların üzərindən böyük müdrikliklə, incə və çevik siyasətlə, nazik tellər üzərindən keçirib bu günlərə çatdırdı!
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı