Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev məhz belə bənzərsiz dahi şəxsiyyətdir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. İllər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu dahi şəxsiyyətin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur.
Ulu Öndər Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.
Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu Öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində məhz Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Bütün sadlanan bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə verilən qiymətdir.
Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır. Azərbaycan xalqının ürəyindən gələn bu sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır”.
Bəhram ŞİRİYEV,
Əməkdar müəllim