03 may 2023 10:42
599

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib

Bakıda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib.

“İki sahil” xəbər verir ki, öncə sarayın foyesində Ulu Öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycan təhsilinə qayğısından bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanışlıq olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında qeyd edildiyi kimi, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Özü də Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə, 1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olduğunu, 1978-ci ildə həmin İnstitutu bitirdiyini xatırladan Ə.Əsədov deyib o illərdə belə nüfuzlu ali məktəblərə qəbul olmaq biz gənclər üçün böyük şərəf olduğunu diqqətə çatdırıb.

"Bu istiqamətdə atılan addımların hansı qlobal məqsədə xidmət etdiyi barədə təsəvvürümüz olmasa da, üzərimizə düşən məsuliyyəti – Azərbaycan üçün gərəkli mütəxəssis kimi yetişməyin əhəmiyyətini dərk edir, respublika rəhbərinin xeyir-duasından daha da ruhlanırdıq. İllər sonra Ulu Öndər özü etiraf edirdi ki, bu uzaqgörən strategiyanın məqsədi bir çox ixtisaslar üzrə milli kadrların hazırlanması ilə yanaşı, həm də Azərbaycan gənclərinin dünya görüşlərinin genişləndirilməsi idi. Bugünkü toplantının iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində fəaliyyət göstərən, Vətənimizin hərtərəfli inkişafına töhfələr verən insanlardır. Hər birimiz böyük həyat yolu keçərək şəxsiyyət kimi formalaşmışıq, müxtəlif peşələrə yiyələnmişik, müxtəlif vəzifələr tutmuşuq. Lakin bizi birləşdirən mühüm bir faktor var – əksəriyyətimiz Ulu Öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbaycandan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq. Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq”.

Əli Əsədov bildirib ki, Azərbaycanın qədim tarixi və zəngin dövlətçilik ənənələri, bu ənənələri yaradan və yaşadan böyük xalqı, doğma Vətənin tarixinə öz adını əbədi yazdıran qəhrəman övladları, dahi şəxsiyyətləri var. Ancaq Ulu Öndər Heydər Əliyev onların arasında xüsusilə seçilir. Yüz il əvvəl qədim Naxçıvanda sadə, zəhmətkeş ailədə dünyaya göz açan, uşaqlığı əyalət şəhərində keçən Heydər Əliyev iş fəaliyyətinə hələ gənc yaşlarında dövlət qulluğunda başlamışdı. Sonralar onun nəhəng bir ölkənin rəhbərlərindən olması, dünya miqyasında şöhrət qazanaraq öz xalqını şərəfləndirməsi, onun əsl lider kimi çox mürəkkəb və məsuliyyətli missiyanı şərəflə yerinə yetirməsi Ulu Öndərə qismət olan bənzərsiz bir taledir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”, – Ulu Öndər həyat amalını belə ifadə etmiş və bu amala daim sadiq olmuşdur.

Ulu Öndərin 1972-ci ildən etibarən hər il yüzlərlə azərbaycanlı gənci SSRİ-nin böyük təcrübəyə malik ali hərbi təhsil məktəblərinə oxumağa göndərdiyini xatırladan Əli Əsədov diqqətə çatdırıb ki, o illərdə məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə böyük çətinliklərlə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı.
“Belə təşəbbüslər irəli sürüləndə, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetiriləndə heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin bir payız günündə yüngül silahlarla Şuşanın sıldırım qayalarını aşan Azərbaycan Ordusuna məhz Heydər Əliyevin xeyir-duası ilə hərbi təhsil almış milli kadrlar rəhbərlik edəcək və bu kadrlar onun layiqli varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə xalqımızın Qarabağ və Şuşa həsrətinə son qoyacaq. Ümummilli Lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyеvin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib”, - deyə Baş nazir vurğulayıb.

Ə.Əsədov qeyd edib ki, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə göndərilmiş və onlara təqaüd verilib, bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

“Bu gün öz Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbində Heydər Əliyev abidəsi ucaldılıb. Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti var, Heydər Əliyev də yaşayacaq. Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birləşmiş xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir”, - deyə Baş nazir vurğulayıb.

Sonra Ulu Öndərin Azərbaycan təhsilinə diqqət və qayğısından bəhs edən “Təhsil millətin gələcəyidir” filmi nümayiş olunub.

Toplantı digər çıxışlarla davam edib.

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər İctimai Birliyinin sədri Natiq Əhmədov, ABŞ-ın Kolumbiya Universitetinin 2012-ci il məzunu, elm və təhsil naziri Emin Əmrullayev, Moskva Dövlət Universitetinin 1975-ci il məzunu, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Moskva Dövlət Universitetinin 1980-ci il məzunu, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Moskva Dövlət Universitetinin 1973-cü il məzunu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, Leninqrad Dövlət Universitetinin 1986-cı il məzunu, Milli Məclisin komitə sədri Səməd Seyidov, Moskva Dövlət Universitetinin 1975-ci il məzunu, Almaniyanın Münxen şəhərində "Holmholtz" Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiri, Əməkdar elm xadimi Məsud Əfəndiyev bildiriblər ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana uğurla rəhbərlik edib. Hər iki sistemdə Azərbaycanın iqtisadiyyatını möhkəmləndirib, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırıb, milli mənafeyini, milli mentalitetini, mədəni və mənəvi dəyərlərini qoruyub.

Qeyd olunub ki, hələ sovet hakimiyyəti illərində Ulu Öndərin təşəbbüsü ilə sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirilən tədbirlər, qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynayıb. Həmin illərdə Ümummilli Liderimizin xalq qarşısında ən böyük xidmətlərindən biri də təhsilin və elmin inkişafı, milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Ulu Öndər həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində bu sahələrə xüsusi diqqət yetirərək, onları dövlət səviyyəsində əsas prioritetlər kimi müəyyən etmişdi. Ulu Öndərin yorulmaz səyləri nəticəsində 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində 80-dən artıq sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 minədək azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yarandı.

Bildirilib ki, əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə 50-dən az adam göndərilirdisə, 1973-cü ildə onların sayı 140-dan artıq, 1974-cü ildə 357, 1975-ci ildə 700-ə yaxın və 1976-cı ildən başlayaraq 800-900 nəfərə çatdırıldı. 1980-ci illərin əvvəllərindən isə 1000-dək Azərbaycan gənci respublikadan kənarda SSRİ-nin məşhur ali təhsil müəssisələrinə təhsil almağa göndərilmişdi. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək cəmi 40 faiz təşkil edirdisə, 1976-cı ildə bu rəqəm 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 98 faizə yüksəldi. Əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin və həm də ixtisasların sayı sürətlə artdı.

Daha sonra Yaroslavl Ali Hərbi Maliyyə Məktəbinin 1988-ci il məzunu, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant Cavid Abdullayev, Moskva Dövlət Universitetinin 1982-ci il məzunu, Azərbaycan Tibb Universiteti, Bioloji kimya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Gülnarə Əzizova, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun 1982-ci il məzunu, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Moskva Dövlət Universitetinin 1983-cü il məzunu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, Kolumbiya Universitetinin 2008-ci il məzunu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf, Nyu-York Universitetinin 1999-cu il məzunu, İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyevin çıxışları dinlənilib.

Bildirilib ki, Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gəncləri hər zaman diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərirdi. Hər il avqust ayının axırlarında Vətəndən kənarda təhsil alacaq tələbə gənclərlə görüşür, öz dəyərli tövsiyələrini verirdi. 1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, Ümummilli Liderimiz tələbələrlə görüş keçirməsin. Azərbaycandan kənarda təhsil almağa göndərdiyi gəncləri öz doğma övladları adlandıran Ulu Öndər deyirdi: “Vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqlar. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəkdir”.

Qeyd olunub ki, Ümummilli Liderin müəllifi olduğu davamlı inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik sosial-iqtisadi tərəqqisini təmin edən Azərbaycan regionun lider dövlətinə çevrilib. Ulu Öndərin müəllifi olduğu strateji inkişaf konsepsiyasının əsas istiqamətlərindən biri də insan kapitalının gücləndirilməsi və yüksəkixtisaslı kadr potensialının formalaşdırılması olduğunu xatırladan natiqlər bildiriblər ki, Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gənclərin fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onların inkişafına yüksək qayğı göstərir, onları “Azərbaycanın milli sərvəti” adlandırırdı.

Toplantıda Azərbaycanın Xalq artisti Samir Cəfərov fortepianoda Roza Səlimovanın müşayiəti ilə “Sən elə bir zirvəsən”, Əməkdar artist İlham Nəzərov fortepianoda Roza Səlimovanın müşayiəti ilə “Sənsiz” romansını ifa ediblər, Ulu Öndərin “Alagöz” və “Küçələrə su səpmişəm” mahnılarını səsləndirdiyi görüntülər təqdim olunub. Sonra ekranda Ulu Öndərin Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirməsi nümayiş etdirilib. Toplantı Əməkdar artist Xəyyam Mustafazadənin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.