02 may 2023 23:57
1001

Qarabağ torpağında formalaşan qədim arxeoloji mədəniyyətin Naxçıvanda izləri

Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, qədim mədəniyyət mərkəzidir. Əlverişli təbii-coğrafi mövqeyə, zəngin təbii sərvətlərə malik olduğu üçün qədim dövrlərdən insanlar bu ərazidə yaşamışlar. Buna görə də Qarabağda bir-birini əvəz edən arxeoloji mədəniyyətlərin, dövlətlərin izləri qalmaqda, zəngin tariximiz yaşamaqdadır.

Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri var. Bu ərazi Paleolit, Mezolit, Neolit, Tunc, Dəmir, Antik və Orta əsr dövrlərinin, Quruçay, Aşel, Mustye, Xocalı-Gədəbəy mədəniyyətlərinin əsas mərkəzlərindəndir. Qarabağ  torpağında formalaşan qədim arxeoloji mədəniyyətlərin içərisində Son Tunc-Erkən dəmir dövrünə aid elmi ədəbiyyatlarda Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınan arxeoloji mədəniyyət özünəməxsus yer tutur. Bu mədəniyyət bəzi ədəbiyyatlarda Qarabağ, Mərkəzi Zaqafqaziya mədəniyyəti kimi də xarakteriaə olunmuşdur. Xocalı-Gədəbəy mədəniyyəti abidələri Azərbaycanın qədim dövr arxeologiyası, tarixşunaslığı, maddi və mənəvi mədəniyyətinin dərindən  özünəməxsus yer tutur və mühüm  elmi əhəmiyyət daşıyır. Xocalı-Gədəbəy mədəniyyəti abidələrində V.Belk (1888-1891), E.Resler (1892-1903), A.A.İvanovski (1896), İ.İ.Meşşaninov (1927), İ.M.Cəfərzadə (1930), C.Ə.Xəlilov (1954), Y.İ.Hümmel (1930-1941(, H.P.Həsəmənli (1960-1985), Q.Aslanov (1970-1980), H.F.Cəfərov (1980-1988) və digər tədqiqatçılar tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı Azərbaycanın r.ə. II miniliyin sonu-I minilliyin əvvəllərinə, yəni Son Tunc-Erkən Dəmir dövrünə aid xeyli arxxeoloji material, arxitektura, dəgnetmə qalıqları aşkar olunmuşdur.  Onlar yaşayış yerlərindən, sklopik tikililərdən, istehsal ocaqlarından, kurqanlardan, daş qutu və torpaq qəbirlərdən ibarətdir. Xocalı, Ballıqaya, Dovşanlı, Axmaxı, Şuşa, Borsunlu, Sarıçoban, Bəyimsarov, Üçtəpə, Qaratəpə və digər arxeoloji abidələr var.  Bu abidələrin hər biri tarixin canlı şahidi, onun daş yaddaşıdır. Onlardan aşkar olunmuş artefaktlar Qarabağın Xocalı-Gədəbəy mədəniyyətinin əsas mərkəzi olduğunu sübut edir. Aparılanm müqayisəli elmi araşdırma zamanı məlum olur ki, Qarabağda formalaşan bu arxeoloji mətəniyyət Şimalı və Cənubi Azərbaycanın bir çox yerlərindən (Gəncəçay hövzəsində, Mingəçevirdə, Daşkəsəndə, Gədəbəydə, Qazaxda, Naxçıvanda, Urmiya gölü ətrafında və s.) başqa, Şərqi Gürcüstanda da, geniş yayılmışdır.  

Naxçıvanda  bu mədəniyyətin daş yaddaşı olan abidələrimiz çoxdur. Onlar yaşayış yerlərindən və nekropollardan, siklopik tikililərdən ibarətdirlər. I Kültəpə, II Kültəpə, Qızılburun, Şahtaxtı və digərlərini nümunə göstərmək olar. Bu abidələr istər arxitektura quruluşuna görə, istərsə də. arxeoloji materiallarına görə Son Tunc-Erkən Dəmir dövründə (e.ə. II minilliyin sonu-I minilliyin əvvəli) formalaşan bu mədənbiyyətin Naxçıvana da, təsir etdiyini, bu  torpaqlarda da, yayıldığını sübut edir. Yaşayış məskənləri içərisində siklopik tikililər özünəməxsus yer tutur. Oğlanqala, Govurqala, Çalxanqala, Qız qalası, Vayxır qalası və digərləri  belə abidələrdəndir. Onların hər biri yerləşdiyi yerin relyefinə uyğun olaraq, 3-5 ton ağırlığındakı daşlarla heç bir bərkidici məhlul olmadan tikilmişdir. Misir ehramları kimi onların da tikintisinə çох əmək, vaхt və bacarıq sərf olunmuşdur. Naxçıvan diyarının Son Tunc-Erkən Dəmir dövrü abidələrindən Xocalı-Gədəbəy mədəniyyətinə aid xeyli artefaktlar aşkar olunmuşdur. Tuncdan düzəldilmiş tunc xəncərləri, bəzək bəzək əşyalarını, sırğaları gil qabları, dəfnetmə  qalıqlarını buna nümunə göstərmək olar. I Kültəpə, II Kültəpə, Mərdangöl, Muncuqlutəpə, Qızılburun, Sarıdərə, Kоlanı, Qumluq və digər abidələrdən belə arxeoloji materiallar aşkar olunmuşdur.  Bəzək əşyaları bir çox nümunələrlə təmsil olunmuşdur. Onları  muncuqlar, baş bəzəkləri (alınlıq, saç bоruları, sırğalar və b.), sinə və ya bоyun bəzəkləri (asmalar, bоyunbağılar və b.), gеyim bəzəkləri (düymələr, sancaqlar, piləklər), qоl bəzəkləri (üzük, bilərzik və b.), ayaq bəzəkləri (halqalar) olmaq üzrə bir neçə qrupa bölmək olar. Keramika məmulatlarını konnelyur ornamentli, yuvarlaq qabartmalı, ağ inkrustisiyalı qablar təşkil edir. Konnelyur ornamentli, yuvarlaq qabartmalı gil qablar Naxçıvan diyarının Son Tunc-Erkən Dəmir dövrü abidələrində geniş yayılmışdır. Ağ inkrustasiyalı qablar isə nisbətən az aşkar edilmişdir. Belə keramika məmulatı I Kültəpə yaşayış yerində, Qazxan nekropolunda qeydə alınmışdır. Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrdən isə belə keramika məmulatları xeyli miqdarda aşkar edilmişdir.  Xocalı-Gədəbəy mədəniyyəti ilə bağlılıq təşkil edən qəbir abidələri, dəfnetmə qalıqları Naxçıvandakı torpaq və daş qutu qəbirlərdə aşkar olunmuşdur. Daş qutu qəbirlər daha çox yayılmışdır. Onların yaxın bənzərləri Bayan, Xaçbulaq və digər abidələrdə aşkar olunmuşdur. Qəbirlərin bir qismində  müxtəlif heyvan sümüklərinin olması, bəzi heyvanlarla bağlı dəfnetmənin  olması Xocalı-Gədəbəy mədəniyyəti ilə oxşatlıq təşkil edən maddi-mədəniyyət nümunələrimizdəndir.  Belə maraqlı arxeoloji materiallardan birini Naxçıvanın Son Tunc-Erkən Dəmir dövrü abidələri içərisində Şahtaxtı nekropolundakı qəbirlərdən birində bütöv at skleti aşkar olunması təşkil edir. Bu tip dəfnetmə qalığı Qarabağdakı Dovşanlı, Xocalı, Bəyimsarov, Sarıçobaıı qəbir abidələrində qeydə alınmışdır.

XX əsrin 90-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən bu qədim Azərbaycan torpağı olan Qarabağın xeyli hissəsinin işğal edilməsi nəticəsində buradakı  bütün maddi-mədəniyyt nümunələrimiz kimi abidələrimiz də, işğal altında qalaraq, erməni vandalizminin, erməni vəhşiliyinin qurbanı olmuş, qəsdən, məqsədli şəkildə dağıdılmışdır. Lakin onlar öz məqsədlərinə nail ola bilməmişlər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində əzici qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu. Qarabağda olan bütün maddi-mədəniyyət nümunələrimiz kimi, abidələrimiz də, erməni vandalızmindən azad edildi. Bu abidələrdə aparılan arxeoloji tədqiqatlar nəticəsində Qarabağın qədim tarixinə, mədəniyyətinə aid  çoxlu yeni elmi  faktlar əldə ediləcəkdir. Əldə olunan hər bir yeni elmi fakt Qarabağın qədim Azərbaycan torpağı, mədəniyyət mərkəzi olduğunu bir daha  sübut edəcəkdir.

Şəkil 1. Xocalı-Gədəbəy mədəniyyətinin Naxçıvanda izləri.

 

Toğrul Xəlilov,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent