03 may 2023 02:14
1257

Dərələyəz bizi səsləyir

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən deyib: “Qərbi Azərbaycan bizim tarixi tor­pağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağı­dıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər”.

Qərbi Azərbaycanda min illər boyu azərbaycanlıların yaşadıqları ərazilərdən biri də Dərələyəz mahalıdır. Bu mahal Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. 2308 kv.km ərazini əhatə edən mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Tarixçi alimlərin qeyd etdiyi kimi, Dərələyəz toponimi Azərbaycan dilində “iki dağ və ya təpə arasında, çuxur” mənasında işlənən dərə sözü ilə alagöz türk etnonimi əsasında yaranmışdır. Oykonimini isə alagöz tayfa adını əks etdirən etnotoponim kimi izah edir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxanşura dairəsində Alagöz, Naxçıvan qəzasında Alagöz-Məzrə, Şərur-Dərələyəz qəzasında Alagöz kənd xarabalığı, Qars əyalətinin Kaqızman dairəsində Alagöz kənd xarabalığı, Şərur-Dərələyəz qəzasında Alagöz çayı, Qars əyalətinin Ərdəhan dairəsində Alagöz adları ilə mənşəcə eynidir. Adın birinci komponenti olan ala sözü türk dillərində “geniş, böyük, uca” mənasında işlənir.

 Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi.

1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1 faizini azərbaycanlılar, 5.8 faizini ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25.8 faizə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir. 1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 km², əhalisi 76551 nəfər idi. Əhalinin 70,5 faizi azərbaycanlı, 27,5 faizi erməni olmuşdur. 1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb Ermənistana verilmişdir. Bütün 20 əsr boyu azərbaycanlılara qarşı aparılan soyqırım siyasəti nəticəsində onlar Qərbi Azərbaycandan indi Ermənistan adlandırılan ərazilərdən, o cümlədən Dərələyəzdən zorla deportasiya olunmuşlar.

Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünüb. Dərələyəz dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpaçay ilə Naxçıvan arasında yerləşir. Şərqdə isə Zəngəzur dağ zirvəsinə qovuşur. Oranın uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır. 

1920-ci mildə bolşeviklər Cənubi Qafqazı işğal edərək sovetləşdirdikdən sonra Azərbaycanın bir sıra əraziləri kimi, Dərələyəz də zorla Ermənistan SSR-in tərkibinə daxil edildi.  1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxarıb. Tarixçi Zaur Əliyevin yazdıqlarına görə həmin dövrdə Dərələyəz mahalında əhalinin zorla qovulması, deportasiyası başlamış, yaşayış məntəqələrinin dağıdılması və ləğv olunması 1988-ci ilə qədər mərhələlərlə davam etmiş, 48 kənd bir dəfə, 49 kənd 2 dəfə, 16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd 5 dəfə deportasiyaya məruz qalmış, dağıdılmış və ləğv olunmuş, əhalisi zorakılıqla qovulmuşdur. Azərbaycanlıların sıxışdırılıb qovulması ilə paralel olaraq ermənilərin bu ərazilərə köçürülməsi prosesi də davam etmişdir.

Ərarəngiz təbiəti yaşıllıqları çay vəgölləri ilə seçilən Ermənistan ərazisində olan qədim tarixi abidələrin böyük bir qismi Dərələyəzdədir. Qafqazı addım-addım gəzən alman səyyahı və tarixçisi İ.Şopen yazırdı ki, Dərələyəz Qafqazın İsveçrəsidir.

Uzun illərdir ki, tarixi yurd yerlərimiz bizi səsləyir, qucaq açıb bizi gözləyir. Qətiyyətlə demək olar ki, qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi Qərbi Azərbaycana da qayıdacağıq. 

Zahid Rza, “İki sahil”