01 may 2023 22:57
700

MƏN HEYDƏR ƏLİYEV MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

 

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik. 

Dövlətimizin başçısı respublikamızın iqtisadi coğrafiyası, təbii sərvətləri, istehsal sahələri, ticarət imkanları barədə görüş iştirakçılarında geniş təsəvvür yaratdı və onları Azərbaycanla sıx əlaqələr qurmağa çağırdı. Dedi ki, Azərbaycanla Çin arasında əməkdaşlıq həm dövlət səviyyəsində, həm də ayrı-ayrı iş adamlarının birbaşa əlaqələri yolu ilə inkişaf edib möhkəmlənə bilər və bunun üçün yetərincə potensial var. Hazırda respublikamızda bərqərar edilən möhkəm ictimai-siyasi sabitlik bir çox ölkələrlə, o cümlədən Çin ilə çoxşaxəli əlaqələr qurmağa, ticarət-iqtisadi münasibətləri genişləndirməyə imkan yaradır.

Azərbaycan Prezidenti görüşdə iştirak edən iş adamlarının suallarını cavablandırdı və onları ölkəmizə dəvət etdi.

Prezidentin Pekin İctimai Elmlər Akademiyasında görüşü də çox maraqlı və yaddaqalan oldu. Akademiyanın rektoru Xu Sen əvvəllər ÇXR Dövlət Şurasının üzvü olub və elm sahəsində də böyük xidmətlər göstərib . Qocaman alim Heydər Əliyevi çox mehribanlıqla qarşıladı. Görüşdə çıxış edən dövlətimizin başçısına çoxsaylı suallar ünvanlandı. Hiss olunurdu ki, Çinin elmi dairələri də Azərbaycanla yaxından maraqlanır və respublikamızdakı mövcud vəziyyət barədə mümkün qədər çox məlumat almaq istəyirlər.

Bu da Şanxay - Asiyanın ən gözəl, Çinin ən böyük şəhərlərindən biri... Martın 9-da günortadan sonra xüsusi təyyarə ilə Pekindən Şanxaya gələn Prezident Heydər Əliyevi hava limanında meqapolisin meri Xuan Szyuy qarşıladı. Dövlətimizin başçısı üçün ayrılmış iqamətgahda Şanxay meri ilə görüş keçirildi. O, Çinin sənaye, nəqliyyat-ticarət mərkəzi hesab edilən şəhərin sürətli inkişafı, xarici investisiyaların xeyli artması, tikinti işlərinin geniş vüsət alması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi barədə ali qonağa məlumat verdi.

Şanxayın belə sürətlə inkişaf etməsinin nə ilə əlaqədar olması barədə Azərbaycan Prezidentinin sualına cavab verərkən şəhərin meri bildirdi ki, bütün bu dəyişikliklər sosialist bazar iqtisadiyyatı yaradılmasının nəticəsidir və həmin ideya rəhbər tutularaq Çinin bu nəhəng şəhərində islahatlar həyata keçirilir.

Heydər Əliyev onu müşayiət edən şəxslərlə birlikdə axşamüstü Şərqi Asiyanın ən nəhəng və ən gözəl şəhərində gəzintiyə çıxdı. Səfər proqramına Şanxayla yaxından tanışlıq daxil edilmişdi. Bu tanışlıq martın 10-da Nanpu körpüsündən başladı. Eyni adlı çayın üzərində salınmış əzəmətli körpü Çin inşaatçılarının yaradıcılıq nailiyyətlərindən biri hesab olunur. Bənzərsiz quruluşu, görkəmi ilə diqqəti cəlb edən körpü şəhərin iki sahilini birləşdirir və ona xüsusi yaraşıq verir.

Heydər Əliyev Şanxayın Çjoupu nahiyəsindəki toxuculuq fabrikinə də getdi. Müştərək müəssisənin təsərrüfatı fabriki xammalla təchiz edir. Bütün istehsal prosesi müəssisənin özündə həyata keçirilir: burada həm iplik əyrilir, həm də yüksək keyfiyyətli parça toxunur. Azərbaycan Prezidenti fabrikin sexlərini gəzdi, iş prosesi ilə, hazır məhsullarla tanış oldu. Burada dövlətimizin başçısına müştərək müəssisənin struktur bazası, istehsal sahələri barədə ətraflı məlumat verildi. Fabrikin dünya standartları səviyyəsində buraxdığı məhsulların istər ölkədə, istərsə də xaricdə alıcıları çoxdur.

Şanxayın nahiyələri öz sürətli iqtisadi yüksəlişi ilə diqqəti cəlb edir. Azad iqtisadi Zona əhalisinin həyat səviyyəsi Avropanın ən inkişaf etmiş ölkələrindəkindən geri qalmır. Şəhər rəhbərlərinin təşəbbüsü ilə Azərbaycan Prezidenti nahiyədə yaşayan gənc ailələrdən birinə qonaq getdi. Ailənin başçısı və xanımı sadə adamlardır. Onlar işlədikləri sahələrdə qabaqcıl əmək adamları kimi tanınırlar. Ailəyə məxsus ikimərtəbəli evdə hər şey göz oxşayır. Yaşayış üçün şəraitə söz ola bilməz. Buradakı bütün məişət avadanlığı, eləcə də kompüter texnikası son dəbdədir. Ailə iki ildir bu yeni binaya köçüb. Köhnə evi də sökməyiblər - onun bir hissəsindən təsərrüfat damı kimi istifadə edilir, digər hissəsində isə tennis stolu qoyulub.

Heydər Əliyev ailənin üzvlərinə xatirə olaraq kiçik xalça bağışladı, onlarla fotoşəkil çəkdirdi.

İstər Pekində, istərsə də Şanxayda keçirilən bütün tədbirlərdə Azərbaycan Prezidentinə göstərilən böyük hörmət və ehtiram, rəğbət bizdə qürur hissi doğururdu. Heydər Əliyevin sıravi bir çinli ailəsinə gəlməsini eşidən şanxaylıların buraya axışması, sadə insanların dövlətimizin başçısına olan hüsn-rəğbəti qəlbimizi riqqətə gətirirdi. Onlar cidd-cəhdlə Heydər Əliyevə yaxınlaşaraq onunla əl tutub görüşməyə, yaxın adamları kimi hal-əhval tutmağa can atırdılar. Yaxşı yadımdadır ki, bu hörmət və rəğbəti qiymətləndirən dövlətimizin başçısı çinli mühafizəçilərdən bu sadə insanların onunla görüşünə mane olmamağı xahiş etdi.

Prezident yerli sakinlərin rəğbətinə qarşılıqlı hörmətlə cavab verdi və onlarla səmimi söhbət etdi. Bu ecazkar mənzərə uzun illərdir ki, yaddaşımdan silinmir. Hərdən fikirləşirdim ki, sadə çinlilərin Heydər Əliyevə olan hörmət və rəğbətinin kökü haradan qaynaqlanır?

Düzünü deyim ki, möcüzələri ilə dünyanın diqqətini daim özünə cəlb edən Çinə mənim də marağım çox böyük idi. Ona görə də bu xalqın tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında əlimə keçənləri birnəfəsə oxuyur, tədbirlərdə rast gəldiyim çinli jurnalistlərlə və diplomatlarla həmişə böyük həvəslə söhbət edirdim. Bu maraq və həvəs, nəhayət, mənim dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan Sinxua ilə dostluq əlaqələri qurmağımda çox böyük rol oynadı.  Onu da heç vaxt unutmuram ki, Sinxua ilə AZƏRTAC arasında əməkdaşlığın dostluq səviyyəsinə yüksəlməsində mənə Ulu Öndər Heydər Əliyevin ən sədaqətli silahdaşlarından biri -    Azərbaycan Respublikasının ÇXR-dəki ilk səfiri Yaşar Əliyev çox kömək göstərirdi. AZƏRTAC- Sinxua əməkdaşlığının təfərrüatları haqqında bir qədər sonra daha ətraflı söhbət açacağam.

İndi isə Çin xalqının Heydər Əliyevə bəslədiyi hörmət və rəğbətin səbəblərindən daha birinə aydınlıq gətirən görüş barədə danışmaq istərdim. Biz Çin Xalq Respublikasının Azərbaycandakı səfirləri ilə həmişə yaxşı əlaqələr qurmağa çalışırdıq. Ona görə də Çinin Azərbaycana təyin olunmuş səfirləri ölkəmizin bir çox qurumları kimi, AZƏRTAC ilə də tanışlıq görüşünə gəlməyi unutmurdular. 2010-cu il yanvarın 28-də Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yannyan AZƏRTAC-ın ofisinə gəldi.

Səfirlə söhbət əsnasında Şərqdə ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 1920-ci ilin martında rəsmi informasiya agentliyinin yaradılmasından, onun keçdiyi 90 illik çətin və şərəfli yoldan danışdım. Dedim ki, 1969-cu ildə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gələnədək Azərbaycanı nəinki dünyada, hətta keçmiş Sovet İttifaqında da çox az tanıyırdılar. Lakin sonralar respublikamız məhz Heydər Əliyevin müdrik siyasəti ilə elə sürətli inkişaf yoluna qədəm qoydu ki, bunu görməmək mümkün deyildi. Bu heyrətamiz uğurlarından artıq ittifaq mətbuatı tez-tez yazmağa başlamışdı. Sovet imperiyasının böyük agentliyi olan SİTA Azərbaycan Respublikasının nailiyyətləri barədə informasiyaları dünyaya tərəddüd etmədən yayırdı.

Səfir Azərbaycan barədə yetərincə məlumatlı idi. O, Azərbaycan-Çin münasibətlərinin inkişafından məmnunluqla söhbət açaraq dərin köklərə malik bu əlaqələrin genişləndirilməsində informasiya mübadiləsinin əhəmiyyətini xüsusi vurğuladı. Dedi ki, xalqlarımız bir-birini yaxından tanıdıqca, dövlətlərimiz də daha səmərəli qarşılıqlı anlaşmaya və əməkdaşlığa nail olurlar. Azərbaycan bəşər tarixinə böyük töhfələr vermiş bir ölkədir. Beynəlxalq ictimaiyyət heç vaxt unutmamalıdır ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə məhz Azərbaycanın cəbhənin neftə olan ehtiyaclarının 75 faizini təmin etməsi sayəsində qazanılıb.

Məlum oldu ki, 1984-cü ildə, Çin Xalq Respublikasının SSRİ ilə münasibətlərinin mürəkkəb bir dövründə Moskvaya gəlmiş Çin nümayəndə heyətinin tərkibində Çjan Yannyan da var idi. Səfir söhbətimiz zamanı SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev ilə görüşü xatırladı. Onun sözlərinə görə, bu, ÇXR və SSRİ arasında münasibətlər pozulandan sonra keçirilən ilk görüş idi. Məhz o zaman dahi Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində iki dövlət arasında əlaqələrin bərpa edilməsi yolunda böyük perspektivlər açıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu xidmətləri Çində hətta sadə insanlar tərəfindən heç zaman unudulmur, qəlblərdə daim yaşayır.

/Ardı var/