Azərbaycan tarixində və xalqımızın taleyində böyük tarixi şəxsiyyət Heydər Əliyevin cəmiyyət həyatının bütün sahələrini əhatə edən müstəsna xidmətləri olub. Ordu quruculuğu ilə bağlı görülən işlər illər sonra da əhəmiyyətini itirmədi. Dahi şəxsiyyətin böyük uzaqgörənliyi ilə bu mühüm məsələyə hələ Sovet rejimi dövründə başlanılmışdı. Həmin dövrdə milli ordunun yaradılması üçün təməl hazırlamaq vətənpərvər və uzaqgörən şəxsiyyət Heydər Əliyevə nəsib oldu.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Hərbi Lisey yaradıldı, ona görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adı verildi. Ulu Öndərin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağı ən yüksək səviyyədə diqqət və qayğı ilə əhatələnib.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğunda məktəbin məzunları olan peşəkar zabitlərin böyük rolu oldu. Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını mükəmməl ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil almasına əlverişli şərait yaratmaq məqsədilə Ulu Öndər Heydər Əliyevin 13 mart 1998-ci il tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı fəaliyyətə başladı. 1999-cu il oktyabrın 13-də filialın yeni tədris korpusunun açılışında iştirak edən Ulu Öndər Heydər Əliyev hərbi təhsil ocağının əhəmiyyətini vurğulayaraq deyib: "Naxçıvanda, bu xırda torpaqda tarixən hərbə, hərbi peşəyə çox yüksək həvəs olubdur. Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi... Ümidvaram ki, Naxçıvan filialı genişlənəcəkdir. Buraya 100 yox, 200, bəlkə ondan daha artıq gənc qəbul edib hazırlamaq mümkündür ki, bizim zabit kadrlarımız daha çox olsun".
2002-ci il iyunun 17-də Ulu Öndər Heydər Əliyev qurucusu olduğu hərbi təhsil ocağına gəlir. Azərbaycanın gələcəyi olan gənclərə üzünü tutaraq deyir: "Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz Azərbaycanın gələcəyini gənclərə etibar edirik. Əziz övladlarımız, sizə etibar edirik. Siz isə bizim bu ümidlərimizi, arzularımızı doğrultmalısınız. İnanıram ki, doğruldacaqsınız". Həmin görüş iştirakçılarından biri, liseyin kursantı olmuş polkovnik-leytenant Hikmət Hacıyev hazırda bu doğma ocaqda xidmətini davam etdirir: "Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür. Ulu Öndərin çoxsaylı xidmətləri arasında hərbi liseyin təsis edilməsi xüsusi önəm daşıyır. Mən deyərdim ki, bu çox nadir tarixi hadisə idi ki, biz həm birinci kursda, eyni zamanda, III kursda təhsil alanda Ulu Öndər liseyimizi ziyarət etdi. Bu görüş biz məzunlar üçün çox qürurverici bir an idi. Ulu Öndərin hərb peşəsinə olan hörməti və ehtiramı hər zaman bizlərə stimul verib. Bunun məsuliyyətini hər zaman dərk etmişik. Ulu Öndər bizləri sonda təbrik etdi və ümidvar olduğunu bildirdi ki, qısa zamanda Naxçıvan filialı genişlənəcək.
Mən bu liseyin ilk məzunlarından biriyəm və doğma liseyimdə xidmət etməyimlə qürur duyuram. Ulu Öndərin siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilərək onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı. Bu tarixi qərarın verilməsində məqsəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq idi. Beləliklə, hərbi liseyin ərazisi genişləndirildi, ərazidə Ulu Öndərin büstü ucaldıldı. Liseyin maddi-texniki bazası ilbəil zənginləşdirildi. Bu gün liseyimizdə fənlərin müasir tələblər səviyyəsində tədrisi üçün hər bir şərait mövcuddur. Fənn kabinələri, laboratoriyalar, elektron lövhəli siniflər, STEAM kabinəsi və s. Ərazidə kursantların fiziki hazırlığı üçün yaradılan idman meydançalarını da xüsusilə qeyd etmək lazımdır. Və illər keçdi, Ulu Öndərin Naxçıvanda ilk hərbi təhsil ocağının yaranması ilə bağlı verdiyi qərarın əhəmiyyəti torpaqlarımızın işğaldan azad edilməsi ilə bir daha öz təsdiqini tapdı. 2020-ci ildə 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun şücaəti ilə düşmən işğalında olan torpaqlarımız azad olundu. Vətən uğrunda canlarını fəda edən, şəhidlik zirvəsinə ucalan, qəhrəmanlıq göstərmiş döyüşçülər arasında hərbi liseyin məzunları da var. Adlarını İkinci Qarabağ müharibəsinin şanlı zəfər tarixinə əbədi həkk etmiş şəhid və qazilərimizin qəhrəmanlığı kursantlar üçün igidlik və vətənpərvərlik nümunəsidir.
2002-ci ildə müəllim və zabitlər qarşısında ciddi tapşırıqlar qoyan Ulu Öndər Heydər Əliyev qeyd etmişdi ki, burada çox şey müəllim-zabit heyətindən asılıdır. Gərək onların özləri vətənpərvər olsunlar, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə sədaqətli olsunlar. Bu, əsas şərtdir.
Vurğulamaq istərdim ki, Ulu Öndərin bizim qarşımızda qoyduğu tapşırıqlar yerinə yetirilir, kursantların təlim və təhsili üçün bu gün liseydə 100-dən artıq müəllim və zabit heyəti çalışır. Heydər Əliyev ideyalarına sadiq, Vətəninə, xalqına sədaqətli, hərbi hazırlıq proqramı üzrə ümumi hərbi biliklərə və praktiki vərdişlərə yiyələnmiş, intizamlı hərbi qulluğa və zabit ixtisasına sevgi hissi bəsləyən, öz Vətəninin müdafiəsinə hər an hazır olan gənclərin yetişdirilməsi davam etdirilir".
Ömrünün 22 ilini hərbi liseydə kursantların təlim-tərbiyəsinə həsr etmiş əməkdar müəllim Məryəm Vəlibəyova qeyd edir ki, lisey təzə yarananda çətinliklərimiz çox idi. Amma bu çətinliklər nə bizi, nə yenicə liseyə qəbul olmuş gəncləri qorxutdu. Bu gün liseyimizdə kursantların təhsil alması, yaşaması üçün yüksək səviyyədə şərait yaradılıb. Biz də çalışırıq ki, həmin şəraitdən istifadə edərək kursantlarımızın peşəkar zabit kimi yetişməsində əlimizdən gələni əsirgəməyək. Müəllim olmaq nə qədər şərəflidirsə, hərbi liseydə müəllim kimi çalışmaq, Azərbaycan Ordusunun gələcək ixtisaslı zabit kadrlarının hazırlanmasında fəaliyyət göstərmək biz müəllimlər üçün ikiqat şərəfdir. Onu da deyə bilərik ki, hərb peşəsinə maraq 90-cı illərdən etibarən daha da artıb. Çünki həmin dövrün uşaqları gözlərini açandan ətraflarında hərbçi görüblər, müqəddəs zirvəyə ucalan şəhidləri tanıyıblar, qəhrəmanlıq nümunəsi göstərən igidlərlə eyni zəmanədə yaşayıblar. Belə oğulları özlərinə qəhrəman seçiblər, örnək götürüblər. Azərbaycan Ordusunda xidmət etmək məqsədi olubsa, bu məqsədə gətirən səbəblər sırasında torpaqlarımızın işğalda olması, xalqımızın başına gətirilən faciələr də yer alıb. Ailələr var ki, oğul övladlarının hamısı məhz bu peşəni seçib. Musahibimiz Babazadə Sahil də qardaşı Hüseynin tutduğu yolu seçib. Hüseyn Babayev hazırda Heydər Əliyev adına Hərbi İnstitutun ikinci kursunda təhsil alır. "Bu peşəni seçməkdə atamın da rolu olub. Qohumum şəhid leytenant Vəli Quliyevin igidliyi, vətənpərvərliyi isə mənim üçün örnəkdir. 30 illik həsrətə 44 gündə son qoyan ordumuzla fəxr edirəm. Ordumuza peşəkar, bilikli zabitlər hər zaman gərəkdir. Qarşıma qoyduğum məqsədə nail olacağıma əminəm. Biz qardaşlar bu yoldan dönməyəcəyik", - kursant Sahil Babazadə deyir.
Kursant Seymur Əliyev Bakı şəhərindəndir: "Təhsilimlə əlaqədar gəldim Naxçıvana. O qədər isti münasibət göstərirlər ki, özümü evimdə hiss edirəm. Həm də yaxşı dostlar qazanmışam. Burada vaxtımızı yaradılan şəraitdən faydalanaraq dərslərimizi yaxşı oxumağa, fiziki cəhətdən özümüzü yetişdirməyə sərf edirik. Çünki peşəkar bir zabit həm də yüksək biliyə, geniş dünyagörüşünə sahib olmalıdır. Torpaqlarımızın hər qarışı uğrunda qan tökülüb. Azad olunmuş torpaqları gələcəkdə qorumaq missiyası bizim üzərimizdədir".
Hərb peşəsində ilkin addımlarını atmaq üçün Toğrul İsmayılov Zaqataladan Naxçıvana gəlib. Atası da hərbçi olub. Kiçik yaşlarından atasının əyninə yaraşdırdığı, sonra sevdiyi formanı artıq özü geyəcək. Hamımızın fəxri general-mayor Polad Həşimov isə Toğrulun örnək aldığı qəhrəmandır.
Nahid Əliyev Naxçıvan şəhərindəndir. Atası Afayət Əliyev də ömrünü hərb peşəsinə həsr edib. Bu baxımdan Nahidin də seçimini dəstəkləyib. Kursant forması ilə fərəhlənən Nahidin arzuları çoxdur.
Kursant Güləli Əliyev deyir ki, Vətən müharibəsində şəhid verdik. Bu hadisə məni hərb peşəsinə daha da sövq etdi. Arzum şəhid qanı axan o torpaqlarda xidmət etmək və göz bəbəyi kimi əmanəti qorumaqdır.
Bayram Tahirovun əmisi, hərbi liseyin məzunu Qurban Tahirov Vətən müharibəsinin iştirakçısı olub. Hazırda xidmətini davam etdirir. Əmisinin seçdiyi yol, müharibədə göstərdiyi qəhrəmanlıq nümunələri Bayramı hərb peşəsini seçməyə sövq edib. Bayramın rəssamlıq qabiliyyəti də var. Deyir Şuşa alınanda sevincimi çəkdiyim rəsmlə ifadə etdim. Bu rəsmdə Azərbaycan Ordusunun Şuşaya girişi təsvir olunub.
Seymur Əliyev Bakı şəhərindəndir. Filmlərdən gördükləri, kitablardan oxuduğu hadisələr uşaq yaddaşına sirayət edib. Hərbçi olmağı qərara alıb. Liseydə təhsil aldığı qısa müddət ərzində həm elmi biliyini artırıb, həm fiziki cəhətdən özünü yetişdirib.
Bildirək ki, fəaliyyətə başladığı gündən üç mindən çox kursant liseyi bitirib. 70-dən çox kursant Rusiyada, 100-dən çox kursant Türkiyədə ali hərbi təhsilini davam etdirib. Vətən müharibəsində liseyin məzunu olmuş 59 zabit qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb. 2020-ci ildən əvvəl və sonra düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilər sırasında da liseyin məzunları var. Hazırda ordu sıralarında xidmətini davam etdirən hərbçilərlə yanaşı, orta məktəblərdə öz döyüş təcrübəsi və hərbi biliyini gənclərə aşılayan Vətən müharibəsi iştirakçıları olan hərbi rəhbərlər də az deyil.
Ulu Öndər Heydər Əliyev liseydə olarkən kursantlara yaxşı təhsil almağı, peşəkar hərbçi olmağı, Vətəni qorumaq peşəsinə yaxşı yiyələnməyi, yüksək rütbəli zabit olmağı arzulamışdır. İllər onu göstərdi ki, bəslənilən ümidlər özünü doğrultmuş, arzular gerçəkləşmişdir. Ulu Öndər Heydər Əliyevin ideya-siyasi kursunu layiqincə davam etdirən dövlət başçısı İlham Əliyevin komandanlığı ilə ordumuzun qüdrəti artır. Qalib ordumuzda xidmət etmək istəyən gənclərin sayı da həmçinin. Ulu Öndərin adını daşıyan hərbi lisey hələ neçə-neçə Vətən müdafiəçilərinin yetişməsinə öz töhfəsini verəcək. Ölkəmizdə fəaliyyət göstərən hər iki hərbi lisey Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Hansı ki, bu əsər illər keçsə də, öz aktuallığını və əhəmiyyətini heç zaman itirməyəcək!
Ruhiyyə Rəsulova,
Naxçıvan televiziyasının baş redaktoru